Fevralın
20-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ)
professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə
Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "dəyirmi masa"
keçirildi.
Dövlət himni səsləndirildikdən sonra AMİ-nin tərbiyə
işləri üzrə prorektoru Rəşad Sadıqov giriş sözündə
bildirdi ki, dil hər bir millətin maddi, mənəvi irsini
qoruyan, insanın mənəvi aləmini zənginləşdirən,
dünyagörüşünü genişləndirən əsas amildir. "Hər bir
xalqın özünəməxsusluğunu müəyyən edən başlıca
ünsürlərdən biri onun dilidir" deyən Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi dil
siyasəti ulu öndərin dövlət quruculuğu siyasətinin əsas
tərkib hissəsi olmuşdur. Ulu öndər Heydər Əliyevin
2001-ci il avqustun 9-da imzaladığı fərmanla avqustun
1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və
Azərbaycan Dili Günü elan edilmişdir.
Prorektor R.Sadıqov qeyd etdi ki, ümummilli liderin
Azərbaycanda ana dilinin - ümumxalq dilinin tərəqqisi
istiqamətində aparılan dil siyasəti cənab Prezident
İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə davam
etdirilir. Latın qrafikasında kütləvi nəşrlərin meydana
çıxması, Milli Ensiklopediyamızın hazırlanması bunun
parlaq nümunələrindəndir.
AMİ-nin Azərbaycan dili və onun tədrisi metodikası
kafedrasının müdiri, professor Fikrət Xalıqov "Ana
dilimiz qan yaddaşımızdır", Azərbaycan dili və onun
tədrisi metodikası kafedrasının dosenti Vaqif Qurbanov
"Ana dili günü haqqında düşüncələrim", kafedranın
dosenti Elşad Abışov "Azərbaycan dilinin təşəkkül
tarixindən" mövzularında çıxış etdilər.
İbtidai və məktəbəqədər təhsilin metodikası kafedrasının
müdiri Mircəfər Həsənov hər bir millətin ana dilinin
millətin varlığını bəyan edən vüqar, əzəmət olduğunu
bildirdi. Bildirildi ki, Azərbaycan dilinin Dövlət dili
statusu almasına görə həmişə ümummilli lider Heydər
Əliyevə minnətdar olmalıyıq. Ölkəmizdə ana dilinin
hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq
münasibətlər sisteminə yol tapması uğurlu dil
siyasətinin nəticəsidir.
Filologiya və təhsildə psixoloji xidmət fakültəsinin III
kurs tələbəsi Ülkər Lətifova "Beynəlxalq Ana Dili
Gününün yaranma tarixi haqqında" mövzusunda çıxış edərək
21 fevral tarixinin bütün dünyada qeyd olunma səbəbi
haqqında danışdı. I kurs tələbəsi Bənövşə Bayramova
"Mənim dilim" mövzusunda yazdığı esse və şeirini
söylədi. II kurs tələbəsi İzafə Rəsulova "Milli Qəhrəman
Mübariz İbrahimovun ata və anasına məktubu"nu
səsləndirdi, pedaqoji fakültənin I kurs tələbəsi Asiman
Xəlilli C.Cabbarlının "Ana" şeirini söylədi, bir
azərbaycanlı gənci olaraq ana dili haqqında öz
düşüncələrini bildirdi.
AMİ-nin Tələbə Gənclər Təşkilatı |