Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Fevral 2013 - №7

 

Təlimçilərin fəaliyyətləri və aparılan işlərin nəticələri müzakirə olundu

 

Fevralın 20-də Bakıdakı 152 nömrəli tam orta məktəbdə "Öyrədənləri öyrədən" statusu almış təlimçilərin fəaliyyətlərinə nəzarət və aparılan işlərin nəticələrinə dair tədbir keçirildi.

Tədbirdə Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Firudun Həmzəyev, paytaxtın Nizami, Nərimanov, Nəsimi rayonlarının məktəb direktorları, təlimçilər, müəllim, metodist və məsləhətçilər iştirak edirdilər. Qeyd edək ki, təhsil naziri Misir Mərdanovun "Öyrədici təlim kurslarının təşkili barədə" müvafiq əmrinə əsasən "Kurikulum islahatının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək" məqsədilə  2010-cu ildən təlimlər keçirilmiş və Bakı şəhəri üzrə təşkil edilən 10 günlük öyrədici təlim kursunda məktəb rəhbərləri, müəllim, metodist və məsləhətçilərdən ibarət 230 nəfər təlimçi hazırlanmış və onlara Təhsil Nazirliyi tərəfindən müvafiq sertifikatlar verilmişdir.  Tədbirin məqsədi məhz həmin təlimçilərin yerlərdə apardığı işləri və bununla bağlı yaranan problemlərin aradan qaldırılması yollarını müzakirə etmək idi.

Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov qeyd etdi ki, 2010-cu ildən bu işin sistemli şəkildə aparılmasına başlanılmış, yerlərdə istinad mərkəzləri və dayaq məntəqələri yaradılmışdır. Yeni təhsil proqramlarının, kurikulumların tətbiqi vəziyyətini yoxlamaq məqsədilə respublikanın 8 rayonunda təqribən 50 məktəbdə ibtidai siniflərdə monitorinqlər aparıldığını və bir çox müsbət nəticələr əldə olunduğunu bildirən A.Əhmədov bütün bunlara baxmayaraq müəyyən problemlərin də olduğunu nəzərə çatdırdı. Tədbirin keçirilməsində məqsədin  məhz mövcud problemlərin aradan qaldırılması, təlimçilərin fəaliyyətlərinin daha da səmərəli şəkildə gücləndirilməsi olduğunu nəzərə çatdırdı.  Şöbə müdiri paytaxtın müxtəlif rayonları üzrə BŞTİ tərəfindən təyin olunmuş metodist və məsləhətçilərin planlı şəkildə ilboyu bu işdə fəallıq göstərmələrinin, müxtəlif məktəblərdə ustad və nümunə dərslərinin təşkil olunmasının, məktəb rəhbərlərinin məsələ ilə bağlı nəzəri və pedaqoji aspektdən biliklərinin daha yüksək olmasının vacibliyini bildirdi.

Tədbirdə çıxış edən BŞTİ-nin sektor müdiri Firudun Həmzəyev, BŞTİ Metodik Mərkəzin direktor müavini Sitarə Məmmədova və başqaları görülən işlərdən danışdılar.

Mövzu ətrafında geniş müzakirələr aparıldı. Bir sıra təkliflər irəli sürüldü. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov