Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və
İdman Nazirliyi və "Mədəd" təşkilatının 11 sentyabr
2012-ci il tarixli, 1472 nömrəli birgə qərarına, habelə
Azərbaycan Respublikası təhsil nazirinin 12 sentyabr
2012-ci il tarixli, 1476 nömrəli əmrinə əsasən 2013-cü
il 8-9 fevral tarixlərində Bakı şəhərində "Sabahın
alimləri" II Respublika Müsabiqəsi keçirilmişdir.
Müsabiqə İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik
Sərgisi çərçivəsində təşkil olunmuşdur. Müsabiqənin
həmtəşkilatçıları və sponsorları Təhsil Nazirliyi,
Gənclər və İdman Nazirliyi, "Mədəd" təşkilatı və İntel
korporasiyası olmuş, Bakı Dövlət Universiteti, Sumqayıt
Dövlət Universiteti və Qafqaz Universiteti tərəfindən
isə müsabiqəyə elmi dəstək verilmişdir. Bu tədbirdə
Bakı və Sumqayıt şəhərlərinin 31 ümumi təhsil
müəssisəsi iştirak etmişdir.
Şagirdlərin müsabiqəyə və İntel İSEF-ə daha səmərəli
hazırlığını təşkil etmək məqsədi ilə cari ilin
yanvar-fevral aylarında "Sabahın alimləri" müsabiqəsinin
Elmi Ekspertiza Komitəsi tərəfindən seçilən 28 şagird
Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrilə Doğu
Akdeniz Universiteti tərəfindən keçirilən treninqlərdə
iştirak etmək üçün Şimali Kipr Türk Respublikasına ezam
edilmiş və həmin universitetdə Azərbaycan məktəbliləri
üçün layihələrin hazırlanmasına və təqdim edilməsinə
dair xüsusi treninqlər təşkil olunmuşdur.
Müsabiqədə iştirak etmək istəyən şagirdlərin qeydiyyatı
"on-line" rejimində aparılmışdır. Müsabiqəyə 80-dən
artıq elmi layihə daxil olmuş, 160 şagird qeydiyyatdan
keçmişdir. Bütün layihələrin annotasiyalarına
müsabiqənin Elmi Ekspertiza Komitəsi tərəfindən baxılmış
və müsabiqənin tələblərinə uyğun gələn 73 layihə
müsabiqəyə buraxılmışdır. Ötən ilə nisbətən layihələrin
sayı 47-dən 73-ə qədər artmışdır.
Müsabiqədə 73 layihə ilə 116 şagird iştirak etmişdir. Bu
layihələrdən 32-si fərdi, 41-i isə kollektiv işlənilən
layihələr olmuşdur. Bakıda yerləşən məktəblərdən 42
layihə üzrə 67 şagird, Sumqayıt məktəblərindən isə 31
layihə üzrə 49 şagird müsabiqəyə buraxılmışdır.
Layihələrin qiymətləndirilməsini həyata keçirmək məqsədi
ilə respublikanın tanınmış alimlərindən ibarət Münsiflər
heyəti yaradılmışdır. Münsiflər heyəti 8 kateqoriya
(riyaziyyat, fizika, kimya, biologiya, tibb və
sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri)
üzrə şagird layihələrinin qiymətləndirilməsini həyata
keçirmişdir. Münsiflər heyətinin qərarına görə müxtəlif
nominasiyalar üzrə I, II və III yerlərə 39 layihə üzrə
64 şagird, o cümlədən I yerə 7 layihə üzrə 13 şagird, II
yerə 14 layihə üzrə 22 şagird, III yerə 18 layihə üzrə
29 şagird layiq görülmüşdür.
Qaliblərə müsabiqənin təşkilatçıları adından diplom,
medal, pul mükafatları və hədiyyələr təqdim edilmiş, yer
tutmayan finalçılara isə müsabiqənin sertifikatları
verilmişdir.
Qeyd olunanları nəzərə alaraq
ƏMR EDİRƏM:
1. 8-9 fevral 2013-cü il tarixlərində İntel İSEF -
Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində
keçirilmiş "Sabahın alimləri" II Respublika
müsabiqəsinin Münsiflər heyəti tərəfindən seçilən
qaliblərin siyahısı elan edilsin (əlavə olunur).
2. Nəzərə alınsın ki, 12-17 may 2013-cü il tarixlərində
ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək
İntel İSEF müsabiqəsində iştirak etmək üçün Münsiflər
heyəti tərəfindən müsabiqənin qalibləri arasından
aşağıda adları göstərilən şagirdlər seçilmişdir:
- Nurdil Nuru Rauf oğlu, Bakı Dövlət Universiteti
nəzdində "Gənc istedadlar" liseyinin IX sinif şagirdi;
- Hacıyev Mustafa Polad oğlu, Bakı Dövlət Universiteti
nəzdində "Gənc istedadlar" liseyinin X sinif şagirdi;
- Tağıyeva Vəfa Aqil qızı, Bakı Dövlət Universiteti
nəzdində "Gənc istedadlar" liseyinin IX sinif şagirdi;
- Baxşıyev Suad Fuad oğlu, akademik Z.Əliyeva adına
liseyin X sinif şagirdi;
- Əliyev Elnur Fəxrəddin oğlu, akademik Z.Əliyeva adına
liseyin X sinif şagirdi.
3. Nəzərə alınsın ki, şagirdlərin yol xərcləri "İntel
Fondation" təşkilatı tərəfindən ayrılan qrant hesabına
ödəniləcəkdir.
4. Elm şöbəsinin müdiri, "Sabahın alimləri" Respublika
müsabiqəsinin direktoru G.Hüseynovaya tapşırılsın:
4.1. İntel İSEF-ə göndərilən şagirdlərin layihələrinin
ingilis dilində hazırlanmasına nəzarət etsin;
4.2. Şagirdləri ABŞ-da müşayiət edəcək nümayəndə
heyətinin tərkibi barədə təkliflərini nazirliyin
rəhbərliyinə təqdim etsin;
4.3. İntel İSEF-in Təşkilat Komitəsinə müvafiq
məlumatların göndərilməsini təmin etsin.
5. Beynəlxalq əlaqələr şöbəsi (T.Əliyeva) İntel İSEF-də
iştirak edəcək şagirdlərin xarici ölkəyə göndərilməsi
üçün müvafiq sənədlərin hazırlanması ilə bağlı
tədbirlərin görülməsini təmin etsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin
əlavəsi ilə birlikdə "Azərbaycan müəllimi" qəzetində və
"Təhsil xəbərləri" məlumat-informasiya məcmuəsində dərc
olunmasını və nazirliyin İnternet səhifəsində
yerləşdirilməsini təmin etsin.
7. Ümumi şöbə (X.Fərəcov) əmrin çoxaldılıb aidiyyəti
müəssisələrə göndərilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
18 fevral 2013-cü il |