Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Fevral 2013 - №7

 

"Ana dilimizi sevək, sevdirək" mövzusunda respublika müsabiqəsi

 

Fevralın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Dilimiz varlığımızdır" devizi altında məktəblilər arasında ənənəvi onuncu "Ana dilimizi sevək, sevdirək" mövzusunda respublika müsabiqəsinin yekun mərhələsi keçirildi. 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr edilən müsabiqə Təhsil Nazirliyinin dəstəyi ilə "Çağ" Öyrətim İşlətmələri Şirkətinin Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsi tərəfindən təşkil olunmuşdur.

Dövlət rəsmilərinin, millət vəkillərinin, xarici qonaqların iştirak etdikləri mərasim ulu öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycanın Dövlət himninin ifası ilə başlandı.

Açılış mərasimində çıxış edən "Çağ" Öyrətim İşlətmələri Şirkəti Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz müsabiqənin təşkili və əhəmiyyətindən söz açaraq bildirdi ki, yarışma 2004-cü ilin fevral ayından başlayaraq hər il keçirilir və YUNESKO-nun 1999-cu il noyabr ayında çağırılmış Baş konfransının 30-cu sessiyasında təsis olunmuş, 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilən Beynəlxalq Ana Dili Gününə həsr olunur. Müsabiqənin keçirilməsində məqsəd keçmişdən bizə miras qalan, ən təkmil və mükəmməl dil səviyyəsinə qalxmış, varlığımız, milli sərvətimiz olan ana dilimizi gənc nəslə sevdirmək və gələcək nəsillərə çatdırmaqdır.

Çıxışında ümummilli lider Heydər Əliyevin ana dilimizin qorunmasında və inkişafındakı əvəzsiz xidmətlərini xüsusi vurğulayan M.Kurnaz müdrik rəhbərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirdi. Dilimizin inkişafı və onun dövlət dili səviyyəsinə yüksəldilməsi məqsədi ilə görülən işlərin, xüsusən də ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin ana dilimizlə bağlı imzaladıqları sənədlərin əhəmiyyətindən danışan baş idarə rəisi bütün bunları nəzərə alan Azərbaycan-Türkiyə Özəl Liseylərinin pedaqoji kollektivlərinin 2003-cü ildə "Dilimiz varlığımızdır" devizi altında "Ana dilimizi sevək,  sevdirək" mövzusunda müsabiqə keçirməyi qərara aldıqlarını söylədi. Bildirdi ki, ilk illər "Çağ" Öyrətim İşlətmələri Şirkətinin liseylərinin və "Qafqaz" gimnaziyasının şagirdləri arasında keçirilən müsabiqə sonralar respublika ictimaiyyəti və pedaqoji kollektivlərin də diqqətini cəlb etmiş və get-gedə coğrafiyasını genişləndirərək ümumrespublika səviyyəli bir yarışa çevrilmişdir. Müsabiqənin təşkili və keçirilməsində Təhsil Nazirliyindən hər zaman böyük dəstək aldıqlarını qeyd edən M.Kurnaz sayca 10-cu olan builki müsabiqənin də üç mərhələdə (məktəbdaxili, rayon (şəhər) respublika), qrammatika, inşa yazı, şeir, musiqi, internet saytı kateqoriyaları üzrə təşkil olunduğunu söylədi. Bildirdi ki, ana dilimizə sonsuz sevgi və məhəbbət hissləri ilə keçirilən müsabiqənin birinci və ikinci mərhələləri artıq başa çatmış, ilk mərhələdə 1115 məktəbdən 38 min 428, ikinci mərhələdə isə 135 şagird iştirak etmişdir. Üçüncü mərhələyə  mahnı kateqoriyası üzrə 6, şeir kateqoriyası üzrə 5, qrammatika kateqoriyası üzrə 10, internet saytı hazırlamaq kateqoriyası üzrə  10 nəfər şagird vəsiqə almışdır.

M.Kurnaz diqqətə çatdırdı ki, qrammatika, inşa və internet saytının hazırlanması kateqoriyaları üzrə final yarışlarına da artıq yekun vurulmuş, qaliblər müəyyənləşdirilmişdir.

Sonra şeir və mahnı kateqoriyaları üzrə final yarışması başlandı. İştirakçılar növbə ilə səhnəyə çıxıb öz şeir və mahnı nömrələrini ifa etdilər. Onların çıxışları respublikamızın tanınmış dilçilərindən, ədəbiyyat, incəsənət və mədəniyyət nümayəndələrindən, pedaqoqlarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildi. Final mərhələsinin yekunlarına görə qrammatika kateqoriyası üzrə Bakı Özəl Türk Liseyinin şagirdi Emin Mustafayev I, Mingəçevir Özəl Türk Liseyinin şagirdi Üzeyir Səfərli II, Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Pakizə Abbasova III yerə, inşa kateqoriyası üzrə Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbin şagirdi Zeynəb Quliyeva I, Sumqayıt şəhər 43 nömrəli tam orta məktəbin şagirdi Aytac Hüseynova II, Quba Özəl Türk Liseyinin şagirdi Pərviz Quliyev III yerə, İnternet saytı kateqoriyası üzrə Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbin şagirdi Türkan Heydərova I, "Dədə Qorqud" Özəl Türk Liseyinin şagirdi Vüqar Məmmədov II, Şəki şəhər 18 nömrəli tam orta məktəbin şagirdi Nigah Səttarov III yerə, şeir kateqoriyası üzrə Bakı şəhər 20 nömrəli məktəb-liseyin şagirdi Türkan Məmmədova I, Gəncə şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Fidan Məmmədova II, Ağsu rayon 4 nömrəli tam orta məktəbin şagirdi Salatın Səmədova III yerə, mahnı kateqoriyası üzrə isə Bakı şəhər 220 nömrəli məktəb-liseyin şagirdi Aslan Əzimzadə I, Bərdə rayon Yeni Əyricə kənd tam orta məktəbinin şagirdi Zaur İsgəndərov II, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Səidə Batuşova III yerə layiq görüldülər.

Qaliblərə qızıl, gümüş, bürünc medallarla yanaşı, pul mükafatları və xüsusi sertifikatlar, habelə digər hədiyyələr verildi.

Mərasimdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov məktəblilərin ifalarının iştirakçılara həyəcanlı anlar yaşatdığını söylədi. Ana dilimizin inkişafında və dövlət dili kimi işlədilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edən nazir müavini, məhz dilimizi böyük məhəbbətlə sevən və mükəmməl bilən ulu öndərin sayəsində Azərbaycan dilinin bütün dünyada tanındığını bildirdi. Diqqətə çatdırdı ki, ana dilimizin inkişafına, təkmilləşməsinə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərilir. Belə müsabiqələrin dilimizin sevilməsində və dərindən öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan təhsil nazirinin müavini bu ənənəni yaşadan "Çağ" Öyrətim İşlətmələri Şirkətinin rəhbərliyinə öz adından və təhsil naziri Misir Mərdanovun adından dərin minnətdarlığını bildirdi.

Tədbirdə söz alan "Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən, tanınmış pedaqoq, professor Zahid Qaralov, Qafqaz Universitetinin rektoru Ahmet Saniç, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, ADPU-nun prorektoru Vilayət Əliyev və başqaları müsabiqənin yüksək səviyyədə təşkilini, şagirdlərin mahir ifalarını qeyd edib qalibləri təbrik etdilər, belə yarışmaların böyük tərbiyəvi əhəmiyyət daşıdığını vurğuladılar, müsabiqənin təşkilində əməyi olan hər kəsə minnətdarlıqlarını bildirdilər. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov