Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Fevral 2013 - №7

 

Fəlsəfə doktoru proqramlarının müzakirəsinə həsr olunmuş seminar işə başlayıb

 

Fevralın 21-də Bakıdakı "Excelsior" hotelində Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə Boloniya prosesi çərçivəsində həyata keçirilən fəlsəfə doktoru proqramlarının müzakirəsinə həsr olunmuş seminar işə başlayıb.

Avropa İttifaqının TAİEX proqramı çərçivəsində keçirilən seminarda quruma üzv olan ölkələrdən, o cümlədən Belçika, Finlandiya, İsveç və İtaliyadan 5 ekspert, ali təhsil müəssisələrinin prorektorları, doktorantura şöbələrinin müdirləri iştirak edirdilər.

Seminarı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayıb müzakirə olunan məsələnin vacibliyini vurğuladı. Nazir bildirdi ki, seminarın əsas məqsədi Avropa İttifaqı ölkələrində və Azərbaycanda fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi sahəsində aparılan siyasəti, doktorluq proqramlarının konsepsiyasını və prosedurlarını Boloniya prosesinin tələbləri baxımından müzakirə etməkdir. Eyni zamanda fəlsəfə doktoru proqramları üzrə təhsilin mövcud vəziyyəti, bu sahədə müxtəlif ölkələr tərəfindən qazanılan təcrübənin və doktorantura təhsilinin təkmilləşdirilməsinə yönəlmiş tədbirlərin də müzakirə edilməsi nəzərdə tutulub.

Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Avropa İttifaqının Tvininq və TAİEX proqramlarında 2009-cu ildən iştirak edir. Bu günədək Təhsil Nazirliyi tərəfindən bu proqramlar üzrə 10-dan artıq layihə təqdim olunmuş, nəticədə 2 Tvininq və 4 TAİEX layihəsi qazanılmışdır.

Nazir dedi ki, 2009-cu ilə kimi Azərbaycanda elmi dərəcələrin verilməsi aspirantura və doktorantura "institutları" vasitəsilə həyata keçirilirdi və elmi dərəcələrin alınmasına dair təhsil diplomdansonrakı təhsil sayılırdı. 2009-cu ildə ölkəmizdə "Təhsil haqqında" yeni Qanun qəbul edildikdən sonra isə Azərbaycanda iki doktorantura təhsil proqramı, o cümlədən fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə hazırlıq aparılır. Bu proqramlara uyğun olaraq iki elmi dərəcə-fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri verilir.

Doktorantura təhsilinin həm universitetlərdə, həm Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında, həm də sahə elmi-tədqiqat institutlarında və elmi təşkilatlarda həyata keçirildiyini diqqətə çatdıran nazir doktorluq dissertasiyalarının Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən yaradılan doktorluq şuralarında müdafiə edildiyini, elmi dərəcələrin və elmi adların təsdiq edilməsinin də Ali Attestasiya Komissiyasının səlahiyyətinə daxil olduğunu bildirdi.

2009-cu ildə "Təhsil haqqında" Qanun qəbul edildikdən sonra ölkəmizdə doktorantura təhsili verən müəssisələrin sayının artdığını vurğulayan nazir müvafiq statistik məlumatları diqqətə çatdıraraq bildirdi ki, əgər 2000-ci ildə fəlsəfə doktoru proqramı üzrə hazırlıq 83, elmlər doktoru proqramı üzrə isə 21 müəssisə tərəfindən həyata keçirilirdisə, 2011-ci ildə bu müəssisələrin sayı müvafiq olaraq 103 və 74 olmuşdur. Hazırda həmin müəssisələrdə mindən artıq doktorant təhsil alır.

Qeyd olundu ki, son illər ölkəmizdə "Təhsil haqqında" Qanuna uyğun olaraq doktorantura təhsili sahəsində yeni normativ-hüquqi baza yaradılır. Tərkibində doktorantura yaradılan müəssisələrin siyahısı 2010-cu ildə Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş, eyni zamanda doktoranturaya qəbul qaydaları hazırlanmış və təsdiq edilmişdir. Hazırda doktorantura təhsilinin təşkilinə və məzmununa dair Əsasnamənin layihəsi müzakirə edilir, fənn proqramları işlənib hazırlanır.

Boloniya prosesinin tələblərinə cavab verən yeni, demokratik və mütərəqqi təhsil sistemini qurmaq vəzifəsinin qarşıda durduğunu söyləyən nazir bunun üçün bugünkü seminar kimi tədbirlərin keçirilməsini, beynəlxalq ekspertlərin məsləhətlərinin, aparıcı universitetlərin təcrübəsinin öyrənilməsinin vacib olduğunu, iki gün müddətində seminarda aparılacaq müzakirələrin ölkəmizdə doktorantura təhsilinin normativ-hüquqi bazasının təkmilləşdirilməsinə kömək edəcəyinə, mövcud problemlərin həll yollarının axtarılıb tapılacağına əmin olduğunu bildirdi, seminarın işinə uğurlar arzuladı.

Seminarda Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimov "Fəlsəfə doktoru elmi dərəcəsinin milli konsepsiyası" və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini, AMEA-nın müxbir üzvü Vəli Hüseynov "Azərbaycanda doktorluq dissertasiyalarının hazırlanmasına qoyulan tələblər və elmi dərəcələrin verilməsi prosedurları" mövzularında məruzə etdilər.

Seminarın ilk gününün iclaslarında habelə professor Jan De Qrufun (Belçika), "Avropa İttifaqı ölkələrində fəlsəfə doktoru elmi dərəcəsinin konsepsiyası", Lennart Stehlin (İsveç) "Fəlsəfə doktoru elmi dərəcəsinin Avropa İttifaqı ölkələri universitetlərində qəbul edilməsi: müxtəlif siyasətlər və prosedurlar" mövzularında məruzələri dinlənildi, ekspertlər İva Kaunisma (Finlandiya), Roberto Toniatti (İtaliya), Ann Peters (Belçika) dinlənilmiş məruzələrlə bağlı müvafiq şərhlər verdilər.

Tədbirdə digər çıxışlar da oldu, suallar cavablandırıldı.  

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov