Fevralın
16-da Təhsil Nazirliyində Təhsil Problemləri
İnstitutunun əməkdaşları tərəfindən aparılan elmi
tədqiqatların nəticələrinin müzakirəsinə həsr olunmuş
növbəti seminar keçirilib.
"İbtidai sinfin bir müəllim və ya fənn müəllimləri
tərəfindən aparılmasının mümkünlüyünün müqayisəli
təhlili" mövzusunda aparılmış araşdırmaların
nəticələrinin müzakirə olunduğu seminarda təhsil naziri
Misir Mərdanov, Təhsil Nazirliyinin struktur-bölmə
rəhbərləri, Təhsil Problemləri İnstitutunun rəhbər
işçiləri və əməkdaşları, bir sıra ümumi təhsil
müəssisələrinin direktorları və ibtidai sinif
müəllimləri iştirak edirdilər.
Seminarda Təhsil Problemləri İnstitutu İbtidai təhsilin
kurikulumu şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə
doktoru, dosent Bibixanım İbadova mövzu üzrə aparılmış
araşdırmaların nəticələrinə dair geniş məruzə-təqdimat
etdi. Öncə tədqiqatla bağlı görülmüş işləri diqqətə
çatdıran məruzəçi müvafiq işçi qrupunun yaradıldığını,
tədqiqata cəlb olunacaq rayon və məktəblərin
müəyyənləşdirildiyini, Ağstafa, İmişli, İsmayıllı,
Masallı, Qax, Göyçay RTŞ-larından statistik məlumatlar
alındığını, məktəb rəhbərləri, müəllimlər, şagirdlər və
valideynlərlə anket sorğularının keçirildiyini,
dərslərin dinlənildiyini, beynəlxalq məsləhətçilərin
dəstəyi ilə bir sıra ölkələrin təcrübəsinin
öyrənildiyini, respublikanın ali və orta ixtisas
məktəblərində kadr hazırlığı ilə bağlı müəyyən pedaqoji
sənədlərin araşdırıldığını bildirdi. Problemlə bağlı
mövcud vəziyyətin bir neçə parametr üzrə öyrənildiyini
qeyd edən B.İbadova həmin araşdırmalar nəticəsində
tədqiqata cəlb olunmuş 6820 nəfər ibtidai sinif
müəllimindən 4693-nün xarici dil və informatika
fənlərindən başqa bütün fənləri tədris etdiklərini
söylədi. İbtidai siniflərdə Azərbaycan dili və
riyaziyyatın tədrisinin bir, həyat bilgisi, təsviri
incəsənət, musiqi, fiziki tərbiyə, texnologiya
fənlərinin digər ibtidai sinif müəllimləri, xarici dil
və informatika fənlərinin isə ixtisaslı müəllimlər
tərəfindən tədrisi vəziyyətinin araşdırılması əsasında
tərtib olunmuş cədvəli seminar iştirakçılarının
diqqətinə çatdıran məruzəçi araşdırma aparılan
rayonların ibtidai siniflərində dərs deyən 6820
müəllimdən 1778 nəfərinin məktəblərdə "yığma fənlər"
kimi adlandırılan həyat bilgisi, təsviri incəsənət,
musiqi, fiziki tərbiyə və texnologiya fənlərini tədris
etdiyini söylədi. Bir çox tədris ocaqlarında isə ibtidai
siniflərdə xarici dil və informatika fənlərindən başqa
Azərbaycan dili, riyaziyyat, həyat bilgisi, texnologiya,
təsviri incəsənət fənlərinin ibtidai sinif müəllimləri,
musiqi və fiziki tərbiyə fənlərinin isə ixtisas
müəllimləri tərəfindən aparılması faktlarının da
olduğunu deyən B.İbadova müvafiq statistikanı nümayiş
etdirib "yığma fənlər"i yaradan səbəblərdən söz açdı.
Məruzəçi çıxışının sonunda mövzu üzrə aparılmış
tədqiqatın ümumiləşdirilmiş nəticələri və bu sahədə
görüləsi işlərlə bağlı irəli sürülmüş tövsiyələri
seminar iştirakçılarının diqqətinə çatdırdı.
Təhsil naziri Misir Mərdanov seminarda çıxış edərək
mövzunun aktual olduğunu, tədqiqatın əhatəli
aparıldığını bildirdi və onun nəticələri barədə
hazırlanmış məruzə-təqdimatın metodik vəsait kimi çap
olunmasını tövsiyə etdi. İbtidai sinfin bir müəllim və
ya fənn müəllimləri tərəfindən aparılmasının hansının
daha yaxşı olmasını bu gün birmənalı deməyin mümkün
olmadığına diqqəti çəkən nazir bu işin müəllimin
hazırlığından asılı olduğunu, ümumilikdə təhsil-təlim
işində müəllimin şəxsiyyətinin aparıcı rol oynadığını
söylədi və müasir müəllimdən tələb olunan keyfiyyətlər
barədə fikirlərini bildirdi. Təhsil naziri bir və ya bir
neçə müəllimin dərs dediyi ibtidai siniflərin təxminən
10 ildən sonrakı vəziyyətlərinin müqayisəli təhlili üzrə
aparılacaq tədqiqatların da ibtidai sinifdə bir və ya
bir neçə müəllimin dərs deməsinin hansının daha yaxşı
olmasını müəyyənləşdirməkdə kömək edə biləcəyini
vurğuladı.
Seminarda söz alan Təhsil Nazirliyinin şöbə müdirləri
İlham Mustafayev, Faiq Şahbazlı, Ağababa İbrahimov,
Aydın Əhmədov müzakirə olunan məsələ ilə bağlı öz
fikirlərini bildirdilər, təkliflər irəli sürdülər.
Yusif ƏLİYEV |