Azərbaycan Texniki Universitetinin (AzTU) yeni texnika
və texnologiya fakültəsi 2012-2013-cü dərs ilindən
Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələri üçün
beş ixtisas üzrə mütəxəssislər hazırlamağa başlamışdır.
Nazirlik həmin fakültənin təhsildə fərqlənən tələbələri
üçün təqaüdlər təsis etmişdir.
AzTU-nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
fevralın 19-da MSN-in nümayəndələrinin iştirakı ilə cari
dərs ilinin birinci yarısında təhsildə fərqlənən
tələbələrin mükafatlandırılması ilə bağlı mərasim
keçirilmişdir.
Tədbirdə AzTU-nun prorektoru, dosent Xalıq Yahudov,
xüsusi texnika və texnologiya fakültəsinin dekanı,
dosent Ramiz Hüseynov, nazirliyin Elmi-texniki
araşdırmaların təşkili şöbəsinin müdiri, AzTU-nun
professoru Rafiq Hüseynov yeni yaradılmış fakültədə
təhsilin müasir tələblərə uyğun təşkilindən danışmışlar.
Nazirliyin Mərkəzi Aparatı rəhbərinin müavini Vaqif
Zeynalov və şöbə müdiri Eldar Bağırov təmsil etdikləri
qurumun tabeliyindəki müəssisələrdə yüksəkixtisaslı gənc
mütəxəssislərə tələbatın olmasını xüsusi vurğulamışlar.
Tədbirdə dərs ilinin birinci yarısında yüksək bal
toplamış tələbələrə fəxri fərmanlar və pul mükafatları
təqdim edilmişdir. |