Ölkəmizdə
idmanın inkişafı ilə bağlı dövlətin həyata keçirdiyi
siyasət böyük uğurların əldə edilməsinə səbəb olub.
Bildiyimiz kimi, bu gün respublikamızda böyük idmançı
nəsli yetişir və bu yeni nəsil gələcəkdə Azərbaycanı
dünyanın beynəlxalq arenalarında uğurla təmsil edəcək.
Bu idmançılardan biri də Bakı şəhəri üzrə 1 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
İdman Şahmat - Dama Məktəbinin yetirməsi Məğrurə
Məhəmməd qızı İmanlıdır. O, idmanın şahmat növü ilə
məşğul olur.
1998-ci ildə Bakıda ziyalı ailəsində anadan olan Məğrurə
Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 307 nömrəli tam
orta məktəbin IX sinif şagirdidir. 15 yaşlı Məğrurə
şahmat oynamağa 4-5 yaşlarından başlayıb. Sonralar
valideynləri bu idman növünə həvəsini görüb onu şahmat
məktəbinə qoyurlar. O, burada təcrübəli müəllim,
beynəlxalq qrossmeyster Fərid Abbasovdan şahmatın
sirlərini öyrənməyə başlayır.
M.İmanlı dəfələrlə Bakı və respublika birinciyində, 16
yaşadək yeniyetmələrin Respublika şahmat olimpiadasında
və beynəlxalq turnirlərdə mükafata layiq yerləri
tutmuşdur. Məğrurə öz yaş qrupunda Avropa və dünya
çempionatlarında uğurla çıxış etmişdir. Bu il 31
yanvar-10 fevral tarixlərində Moskvada 20 ölkənin 1600
idmançısının iştirakı ilə keçirilən "Moskva open"
beynəlxalq festivalında II yerə çıxmış
və Yunanıstanda keçirilən məktəblilərin dünya
çempionatına vəsiqə qazanmışdır. O, 1-10 mart
tarixlərində İran İslam Respublikasının Rəşt şəhərində
keçiriləcək beynəlxalq turnirlərdə iştirak edəcək.
İnanırıq ki, gənc şahmatçı qarşıdakı mötəbər yarışlarda
ölkəmizi layiqincə təmsil edərək üçrəngli dövlət
bayrağımızı zirvələrə qaldıracaq. Bu şərəfli və çətin
yolda istedadlı şahmatçıya uğurlar arzulayırıq.
Rəşad ZİYADOV |