1974-cü
ildən fəaliyyət göstərən Nizami rayon Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzində hazırda 2000-ə yaxın uşaq,
yeniyetmə və gənc 27 dərnəkdə öz vaxtlarını səmərəli və
faydalı keçirir.
Yaradıcılıq mərkəzinin başlıca vəzifəsi gənc nəsli
respublikamız üçün layiqli vətəndaş kimi yetişdirməkdir.
Mərkəzdə uşaqların dünyagörüşlərinin formalaşması,
məlumat dairələrinin genişləndirilməsi, asudə
vaxtlarının səmərəli və maraqlı təşkili, istedad və
qabiliyyətlərinin üzə çıxarılması məqsədilə müxtəlif
mədəni-kütləvi tədbirlər həyata keçirilir.
Bu yaradıcılıq ocağı 39 illik fəaliyyəti dövründə
rayon, şəhər, respublika səviyyəli uşaq tədbirlərində
həmişə fəal iştirak edib, Türkiyə, Çexiya, Polşa,
Rusiya, Ukrayna, Belarus, Amerika, Yaponiya, İngiltərə,
Yunanıstan, Finlandiya, İordaniya, Hindistan, Sloveniya,
Estoniya və s. ölkələrdə keçirilən müsabiqə və
sərgilərdə, festival və bayramlarda nümunəvi
çıxışlarına görə çoxlu sayda medal, diplom və fəxri
fərmanlara layiq görülüb.
Ən böyük uğurlarından biri bu günlərdə Yunanıstanda
keçirilən "5-ci Biennale" Beynəlxalq Uşaq Rəsm
Müsabiqəsində gənc rəssamlarımızın əldə etdiyi
nailiyyətlər olub. Həmin müsabiqəyə rəsm dərnəyinin
40-a yaxın üzvü "Milli oyunlarımız" mövzusunda
çəkdikləri rəsm işlərini göndərib. Çox sevindirici
haldır ki, müsabiqədə mərkəz böyük uğur əldə edib. Rəsm
dərnəyinin rəhbəri Nərmin Abdullayevanın yetirmələri
olan 18 nəfər gənc rəssamımız qalib olub. Bunlardan 7
nəfəri - Nərmin İsmayılzadə, Rəşid Rəfiyev, Saqibət
Bəkirova, Aysel Ağababayeva, Darya Arefyeva,
Məhəmmədəli Məmmədov, Nuray Şıxıyeva qızıl medala, 4
nəfəri II yerə, 7 nəfəri isə III yerə layiq görülüb.
Müsabiqənin kataloqu, medal və diplomlar mərkəzə
göndərilib.
Fevralın 7-də Yunanıstanın Azərbaycandakı səfiri
İoannis Metatsas mərkəzdə təşkil olunmuş qaliblərin
mükafatlandırılması mərasimində iştirak edib. Səfir
mərkəzin fəaliyyəti ilə yaxından tanış olub. Diplomat
yeniyetmə gənclərin təşkil etdiyi sərgiyə baxarkən
rəsmlərdən böyük zövq aldığını vurğulayıb və qaliblərə
medal və diplomlar təqdim edib. Mərasimdə Nizami
Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz
İsrafilova, şöbə müdiri Əli Axundov və Təhsil
Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş
şöbəsinin aparıcı məsləhətçisi Maral Salmanova çıxış
edərək yeniyetmələrin əl işlərini yüksək
dəyərləndiriblər və onlara gələcək yaradıcılıqlarında
uğurlar arzulayıblar.
Sonda mərkəzin direktoru Lalə Qəti çıxış edərək
yeniyetmə və gənclərə göstərilən diqqət və qayğıya
görə yaradıcı kollektiv adından təşəkkür və
minnətdarlığını bildirib.
Sifai SƏFƏROVA |