Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Fevral 2013 - №6

 

BSU Məktəb-Lisey Kompleksində riyaziyyat fənn həftəsi

 

Şagirdlərin elmi biliklərinin və təfəkkürünün inkişafı çətin və çoxşaxəli proses olduğu üçün onu yalnız sinif dərs sistemi ilə məhdudlaşdırmaq olmaz. Sinifdənxaric və məktəbdənkənar tədbirlər sinif dərs sistemini tamamlamalı və sinifdə həyata keçirilməsi mümkün olmayan bəzi məsələləri reallaşdırmalıdır. Sinifdənxaric və məktəbdənkənar tədbirlər yalnız öz formasına görə tədris prosesindən fərqlənir, məzmununa görə isə bu proseslə birləşir.  

Məhz bu baxımdan da sinifdənxaric tədbirlər məktəbdə təlim-tərbiyə prosesinin ayrılmaz hissəsidir. O, şagirdlərin biliklərini dərinləşdirmək, dünyagörüşünü genişləndirmək, şagirdlərə fənn proqramında və dərsliklərdə olmayan məlumatları çatdırmaq,  həmçinin şagirdlərdə öyrənilən fənnə maraq yaratmağa xidmət edir.

Sinifdənxaric tədbirlər içərisində fənn aylıqları və həftəliklərinin xüsusi yeri var. Şagirdlərin bilik və bacarıqlarının formalaşmasında xüsusi rolunu, fənlərin tədrisinə göstərə biləcəyi köməyi və şagirdlərdə fənlərə daha çox maraq oyadacağını nəzərə alaraq, Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin rəhbərliyi kompleksdə fənn həftələrinin keçirilməsini qərara aldı. Məqsəd fənlərin tədrisi vəziyyətini daha da yüksəltmək, qabaqcıl müəllimlərin təcrübəsini öyrənmək, şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirməyə meydan vermək  idi. İlk fənn həftəliyi "elmlərin şahı" olan riyaziyyat həftəsi ilə başladı.

Həftə çərçivəsində keçiriləcək tədbirlərin planlaşdırılması və həyata keçirilməsi kompleksin riyaziyyat və informatika kafedrasına həvalə olundu. Kafedra iclası çağırıldı, həftəlik çərçivəsində görüləcək işlər planlaşdırıldı və kafedranın müəllimlərinə həvalə olundu.

Həftə şagirdlərin hazırladıqları divar qəzetləri və bülletenlərin nümayişi ilə başladı. Həftə ərzində şagirdlər riyaziyyata aid tarixi materiallar, dünyanın, o cümlədən Azərbaycanın məşhur riyaziyyatçıları, riyaziyyatın tətbiqi sahələri haqqında məlumatlar topladılar, dərslərdə bu barədə fikir mübadilələri apardılar. Dünya elminə qiymətli töhfələr vermiş Azərbaycan alimləri - Nəsirəddin Tusi, Əbülhəsən Bəhmənyar və Lütfi-Zadənin həyatı, fəaliyyəti ilə bağlı məlumatlar şagirdlər üçün xüsusilə qiymətli idi. Siniflərdə müxtəlif tipli əyləncəli məsələlər, riyazi rebuslar,  krossvordlar həll olundu, müzakirə edildi, viktorinalar, bilik yarışları təşkil edildi. Bu məlumatların əksəriyyəti divar qəzetləri və bülletenlərdə əks olunmaqla kompleksin girişini, dəhlizləri, sinif otaqlarını bəzədi, şagirdlərin riyaziyyata aid yaradıcı əl işləri sərgiləndi. Buradakı məlumatlar, maraqlı və əyləncəli, məntiqi suallar təkcə kompleksin müəllim-şagird  kollektivinin deyil, valideynlərin, kompleksdə pedaqoji təcrübədə olan tələbələrin və başqa ziyarətçilərin də böyük marağına səbəb oldu.

Şagirdlərin marağı və bu tədbirlərdə aktiv iştirak etmək həvəsi növbəti günlərdə bir-birindən maraqlı viktorinalar, riyaziyyat gecələrinin bir-birini əvəz etməsi ilə nəticələndi.  Rus bölməsinin V-VI sinifləri fənn müəllimi Sevil Ələsgərovanın, VII və XI sinifləri  isə fənn müəllimi İradə İbrahimovanın rəhbərliyi altında rəngarəng səhnələr təqdim etdilər.  BSU Məktəb-Lisey Kompleksində start götürən fənn həftəsi çərçivəsində növbəti tədbir kompleksin müəllimi Afaq Əşrəfova tərəfindən təşkil olundu. Tədbir 31 yanvar tarixində kompleksin akt zalında baş tutdu. Burada X "n" və VIII "c" sinifləri iştirak edərək öz məharətlərini nümayiş etdirdilər. Tədbiri izləyənlər arasında BSU Məktəb-Lisey Kompleksinin direktoru, professor T.Cəfərov və  direktor müavinləri də var idi.

Azərbaycan bölməsinin şagirdləri tərəfindən fənn müəllimi Gülnaz Babayevanın ümumi rejissorluğu ilə hazırlanmış "Riyaziyyat gecəsi"  daha təmtəraqlı və yaddaqalan idi. Burada bilik yarışlarından tutmuş musiqili şou nömrələrə qədər çıxışlar yer almışdı. Yarışlara Bakı Modern Məktəbinin (Baku Modern School) 5-ciləri də qoşulmuşdu. Qonaqlara kitab hədiyyələri və təşəkkürnamələr verildi.

Növbəti - rus dili və ədəbiyyat fənn həftəsi öz başlanğıc tədbirləri ilə riyaziyyat həftəsinə qanad verdi.

Həftənin yekunlarına həsr olunmuş müşavirədə riyaziyyat və rus dili üzrə dərs dinləmələri müzakirə olundu. 

Aygün QƏDİROVA,
BSU Məktəb-Lisey Kompleksinin
riyaziyyat müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov