Bakıdakı 114 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə
Təhsil İdarəsi və Suraxanı Rayon İcra Hakimiyyətinin
birgə təşkilatçılığı ilə "Zərərli vərdişlərə yox
deyirik!" mövzusunda maarifləndirici tədbir keçirildi.
Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş
sözü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir
müavini Məhəmməd Bayramov açaraq qonaqları təqdim etdi.
O, belə tədbirlərin şagirdlərin tərbiyəsində böyük
rolundan söhbət açdı.
Sonra mövzu ilə bağlı təqdimat oldu. Təqdimatın ilk
slaydlarda siqaret çəkməyin ziyanından bəhs olundu.
Qeyd edildi ki, insanların çoxunun bu ziyanlı vərdişə
aludə olması ağır xəstəliklərin artmasına gətirib
çıxarır. Bu gün bütün dünyada siqaretə qarşı mübarizə
sahəsində geniş təbliğat kompaniyaları başlanmışdır.
Sonrakı slaydlar vasitəsilə narkomaniyanın nə olması və
onunla mübarizənin vacibliyi diqqətə çatdırıldı.
Göstərildi ki, narkomaniya narkotik vasitələrdən psixi
və fiziki asılılıq yaradan xəstəlikdir.
XXI əsrin ən qlobal problemlərindən olan və cəmiyyət
arasında "ağ ölüm" adlandırılan narkomaniya gəncliyin
normal həyatını zəhərləyən zərərli vərdişlərdən biridir.
Narkotik maddələrin qanunsuz hazırlanması, saxlanılması,
daşınması və yayılması ağır cinayət hesab olunur. QİÇS
xəstəliyinin daşıyıcılarının 90 faizini narkomanlar
təşkil edir.
Təqdimatdan sonra çıxışlar oldu. Suraxanı Rayon İcra
Hakimiyyətinin şöbə müdiri Barxudar Barxudarov, polis
polkovnik-leytenantı Hicran Şərifov, Narkotiklərlə
Mübarizə üzrə Dövlət Komissiyasının baş referenti
Şahin İsmayılov və başqaları tədbiri yüksək
qiymətləndirdilər, şagirdlər arasında maarifləndirmə
tədbirlərinin artırılmasının vacibliyini vurğuladılar.
Tədbirdə iştirak edən Azərbaycan Təhsil Şurasının sədri,
professor Əjdər Ağayev isə belə tədbirlərin təkcə
müəllimlərin iştirakı ilə deyil, həm də şagirdlərin
iştirakı ilə keçirilməsini daha məqsədəmüvafiq saydı.
Tədbirdə şagirdlərin iştirakı ilə zərərli vərdişlərə
aid ədəbi-bədii kompozisiya və maraqlı tamaşalar
göstərildi.
Şakir CƏFƏROV |