İzzət
Məmmədov 1997-ci ildə Bakı şəhərində anadan olub. İlk
təhsilini paytaxtdakı 192 nömrəli tam orta məktəbdə
alıb. Bu təhsil ocağında oxuduğu illərdə yaşıdlarından
yüksək intellektual səviyyəsi və mədəni davranışı ilə
seçilən İzzət ona dərs deyən müəllimlərin hörmətini
qazanıb.
Biologiya üzrə xüsusi istedada malik olsa da, öyrədilən
bütün biliklərə dərindən yiyələnməyi qarşısına məqsəd
qoyan bu oğlan üçün liseyə qəbul olunmaq o qədər də
çətin olmayıb. İzzət Məmmədov 2009-cu ildən təhsilini
"Dədə Qorqud" özəl türk liseyində davam etdirməyə
başlayıb. 2011-ci ildən isə seçim imtahanından sonra
olimpiadaya hazırlıq qrupuna keçirilib.
Həmin vaxtdan etibarən İzzət təbiət elmləri üzrə
keçirilən müxtəlif müsabiqələrdə, olimpiada və bilik
yarışlarında fəal iştirak edib. Təbiət elmlərinə olan
böyük marağı, bu elmlərə aid bilikləri dərindən öyrənmək
istəyi onun bu sahə üzrə təşkil edilən ən nüfuzlu
beynəlxalq olimpiadalarda uğur qazanmasında önəmli rol
oynayıb. İzzət Məmmədov 2012-ci ilin may-iyun
aylarında Nigeriyanın Abuja şəhərində keçirilmiş
Beynəlxalq təbiət elmləri olimpiadasının gümüş
mükafatını qazanıb. Bundan az müddət sonra - 15-22 iyul
2012-ci il tarixlərində Sinqapurda keçirilmiş
beynəlxalq biologiya olimpiadası da onun yaddaşında xoş
xatirələrlə iz qoyub.
Məlum olduğu kimi, 1-10 dekabr 2012-ci il tarixlərində
İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş
Beynəlxalq təbiət elmləri olimpiadasında (İJSO)
məktəblilərimiz ölkəmizi layiqincə təmsil etmiş və 4
bürünc medal qazanmışlar. Həmin şagirdlərdən biri də
"Dədə Qorqud" özəl türk liseyinin X sinif şagirdi İzzət
Məmmədovdur.
Bu uğur onu gələcəkdə keçiriləcək bilik yarışlarında
daha həvəslə iştirak etməyə və daha böyük nailiyyətlər
əldə etməyə ruhlandırıb. İndi İzzət 8-15 iyul 2013 -cü
il tarixlərində İsveçrədə keçiriləcək Beynəlxalq
biologiya olimpiadasına hazırlaşır. Lakin bu onun
gündəlik dərslərinə məsuliyyətlə yanaşmasına mane olmur.
İzzət Məmmədov həkimlik kimi şərəfli bir peşənin sahibi
olmaq arzusundadır. Bunun üçün o, liseyi bitirdikdən
sonra Türkiyə Respublikasının Hacettəpə Universitetində
tibb sahəsi üzrə təhsil almaq istəyir. İnanırıq ki,
İzzət həmişə olduğu kimi, səylə çalışaraq bu məqsədinə
də çatacaq.
Süleyman
Həsənzadə 1996-cı ildə Lənkəran şəhərində anadan olub.
2002-ci ildə Lənkəran şəhər 3 nömrəli tam orta məktəbə
birinci sinfə gedib. Süleyman bu təhsil ocağında oxuduğu
illərdə dərslərə yüksək səviyyədə hazırlığı,
çalışqanlığı, bacarıq və qabiliyyəti ilə yoldaşlarından
həmişə seçilib. Məhz buna görə də Lənkəran özəl türk
liseyinə qəbul imtahanında uğur qazanaraq 2008-ci ildən
bu təhsil müəssisəsində oxumağa başlayıb.
Qaydaya görə, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin
liseylərində müntəzəm olaraq müsabiqələrdə, yarışlarda,
olimpiadalarda iştirak etmək üçün ən istedadlı
şagirdlərin aşkar edilməsi məqsədilə seçimlər aparılır.
Fərqlənən şagirdlərlə Bakı özəl türk liseyində ayrıca
təşkil olunmuş olimpiadaya hazırlıq qrupunda xüsusi
dəvət olunmuş təcrübəli müəllimlər və müxtəlif elm
sahələri üzrə tanınmış alimlər məşğul olur.
Belə bacarıqlı gənclərdən biri olan Süleyman Həsənzadə
də 2010-cu ildən bu qrupun tərkibinə daxildir.
Bu istedadlı oğlan dərslərini yaxşı oxumaqla yanaşı,
bilik yarışlarında da fəal iştirak edir və demək olar
ki, qatıldığı bütün nüfuzlu beynəlxalq olimpiadalarda,
çətin müsabiqələrdə böyük uğur qazanır.
Bunlardan bir neçəsini oxucuların diqqətinə çatdırırıq.
Süleyman Həsənzadə 15-21 iyun 2011-ci il tarixlərində
riyaziyyat üzrə yeniyetmələr arasında keçirilən Balkan
Olimpiadasında gümüş medalın sahibi olub. 2012-ci ilin
aprel-may aylarında riyaziyyat üzrə gənclər arasında
keçirilən Balkan Olimpiadasında o, həvəsləndirici
mükafata layiq görülüb. Elə həmin il Süleyman digər
yüksək səviyyəli riyaziyyat üzrə Beynəlxalq olimpiadanın
iştirakçısı olub.
13-20 yanvar 2013-cü il tarixlərində Qazaxıstan
Respublikasının Almatı şəhərində keçirilmiş Beynəlxalq
Jautikov fizika-riyaziyyat və informatika olimpiadasında
da Süleyman Həsənzadə yüksək səviyyədə bacarıq və
qabiliyyət nümayiş etdirərək riyaziyyat fənni üzrə bilik
yarışında gümüş medal qazanmışdır. Hazırda XI sinif
şagirdi olan Süleyman əldə etdiyi nailiyyətlərlə
kifayətlənmir, dərindən bağlandığı riyaziyyatla yanaşı,
fizika, coğrafiya, kimya fənlərinə aid də elmi
əsərlərlə tanış olur, tədris vəsaitlərini oxuyub
öyrənir.
Onun ən böyük arzusu təhsilini Kanadanın Vaterloo
Universitetində davam etdirmək və dünyanın ən nüfuzlu
ali məktəblərinin birində pedaqoji fəaliyyətlə məşğul
olmaqdır.
Süleyman bizimlə söhbətində özü kimi qabiliyyətli
gənclərin beynəlxalq bilik yarışlarında iştirak etməsinə
həm mənəvi, həm də maddi dəstək göstərən Təhsil
Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirdi və bu
inamı doğruldacaqlarını dedi.
İndi o, növbəti olimpiadada - aprel ayında
Yunanıstanda keçiriləcək Balkan Olimpiadasında iştirak
etməyə hazırlaşır. Süleymana bu mötəbər bilik
yarışmasında vətənə böyük uğurla qayıtmasını diləyirik.
Fərid
Verdiyev 1997-ci ildə Gəncədə anadan olub. Birinci sinfə
2003-cü ildə Gədəbəy rayonundakı 1 nömrəli tam orta
məktəbə gedib. Məktəbdə təhsil aldığı illərdə o, dəqiq
elmlərə, xüsusən də təbiət elmlərinə böyük maraq
göstərir, bu sahələrə aid biliklərə dərindən
yiyələnirdi. Müəllimləri Fəridin davranışından da həmişə
razılıq edirdilər.
Təhsilini Gəncə özəl türk liseyində davam etdirmək
arzusunda olan Fərid 2009-cu ildə qəbul imtahanını
müvəffəqiyyətlə verərək 7-ci sinifdən burada oxumağa
başlayıb. Digər istedadlı şagirdlər kimi Fərid də
seçimdən sonra 2011-ci ildə olimpiadaya hazırlıq
qrupuna qəbul olunub. Fərid Verdiyev burada
oxuduğu müddətdə daim təhsildə böyük uğurları ilə
fərqlənib və iştirak etdiyi bilik yarışlarında yüksək
nailiyyətlər əldə edib.
Bu bacarıqlı oğlan riyaziyyat üzrə yeniyetmələr arasında
keçirilən Balkan Olimpiadasından vətənə gümüş medalla
qayıdıb. Onun biliyi 2012-ci ildə Beynəlxalq riyaziyyat
olimpiadasında həvəsləndirici mükafata layiq görülüb.
2013-cü ilin yanvar ayında Qazaxıstan Respublikasının
Təhsil Nazirliyi tərəfindən Almatı şəhərində keçirilən
Beynəlxalq Jautikov fizika - riyaziyyat və informatika
olimpiadası da onun üçün uğurlu olub, Gəncə özəl türk
liseyinin X sinif şagirdi Fərid Verdiyev bu mötəbər
bilik yarışmasının riyaziyyat fənni üzrə bürünc
mükafatçısı adını qazanıb.
Fərid indi aprel ayında Yunanıstanda keçiriləcək
riyaziyyat fənni üzrə Balkan Olimpiadasına ciddi
hazırlaşır, bu yarışda qələbə qazanmaq üçün var qüvvəsi
ilə çalışır, müəllimlərinin məsləhət və tövsiyələrinə
əməl edir, onların ümidini doğrultmaq üçün əlindən
gələni əsirgəmir.
Fərid gələcəkdə bacarıqlı həkim kimi tanınmaq, şəfalı
əlləri ilə insanlara sevinc bəxş etmək, onların
sağlamlığının keşiyində durmaq niyyətindədir. O, artıq
məqsədinə çatmaq üçün təhsil alacağı ali məktəbi də
seçib. Bu, Türkiyə Respublikasının Hacettəpə
Universitetidir. Fəridin ən böyük arzusu burada ali
təhsil alaraq vətənə qayıtmaq və xalqına ləyaqətlə
xidmət etməkdir. Ona bu yolda uğurlar arzulayırıq.
Hicran ƏKBƏROVA |