Qafqaz Universitetində Sumqayıt şəhərindən respublika
fənn olimpiadalarında iştirak etmək üçün seçilmiş
məktəblilərlə görüş keçirilib. Görüşdə öncə Azərbaycan
Respublikasının Dövlət himni səsləndirilib. Sonra Qafqaz
Universitetinin fəaliyyətindən bəhs edən film nümayiş
etdirilib. Tədbirdə çıxış edən universitetin rektoru
Ahmet Saniç bildirib ki, rəhbəri olduğu ali təhsil
müəssisəsi Azərbaycan universitetləri arasında
özünəməxsus yer tutur. Burada tələbələrə dünya
standartlarına uyğun təhsil verilir. Məhz bu səbəbdən ən
yüksək bal toplayan tələbələr öz seçimlərini Qafqaz
Universiteti üzərində saxlayırlar. Tədbirin bu ali
məktəbdə Sumqayıt məktəbliləri ilə təşkil olunmuş sayca
onuncu görüş olduğunu deyən rektor şagirdlərə
təhsillərində uğurlar arzulayıb.
Görüşdə söz alan Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri
Mahal Əliyev olimpiada haqqında məlumat verib. Bildirib
ki, şəhər üzrə keçirilmiş bilik yarışmasında 15 mindən
artıq məktəbli iştirak edib. Ötən il Sumqayıt şəhərindən
respublika fənn olimpiadalarında iştirak etmək üçün
seçilmiş 29 şagirddən 18-i yüksək nailiyyətlər qazanaraq
müxtəlif dərəcəli diplomlar alıb. Bu il isə həmin
olimpiadalarda Sumqayıtı 31 şagird təmsil edəcək.
Onların da uğurlar qazanacağına əminlik ifadə olunub.
Təhsil şöbəsinin müdiri Qafqaz Universitetinin
fəaliyyətinə də toxunub. "Qafqaz Universiteti bu zamana
qədər 6 beynəlxalq layihədə uğurla iştirak edib. Sonuncu
belə layihə Avropa Birliyinin TEMPUS proqramı
çərçivəsində reallaşıb. İnanıram ki, hər il olduğu kimi
bu il də Sumqayıt məktəbliləri təhsillərini davam
etdirmək üçün Qafqaz Universitetinə üstünlük
verəcəklər", - deyə o vurğulayıb.
Tədbirin sonunda olimpiadada ilk üç yeri qazanmış
şagirdlərə müxtəlif mükafatlar və hədiyyələr təqdim
edilib.
Yusif ƏLİYEV |