2012-ci ildə Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə
(telefon: 146; elektron poçt ünvanı:
qaynar-xett@edu.gov.az) 15463 müraciət daxil
olub.
Müraciətlərin 14678-i sorğu, 785-i isə şikayət
xarakterlidir.
Ötən il "Qaynar xətt" xidmətinə yanvarda 1441, fevralda
1629, martda 1629, apreldə 1265, mayda 1055, iyunda
1073, iyulda 2385, avqustda 1196, sentyabrda 1441,
oktyabrda 974, noyabrda 613, dekabrda isə 762 müraciət
edilib.
"Qaynar xətt" xidmətinə daxil olan müraciətlərin təhlili
göstərir ki, təhsil sahəsində həyata keçirilən
islahatlarla geniş ictimaiyyət yaxından maraqlanır. Belə
ki, bütün sorğuların təxminən 70 faizindən çoxu ümumi
təhsil məktəblərində müəllimlərin işə qəbulu üzrə
mərkəzləşdirilmiş imtahanların təşkili, keçirilməsi və
nəticələri ilə əlaqədar olub. Digər sorğularda hazırda
təhsil sistemində həyata keçirilən proqramlar,
beynəlxalq layihələr, ölkə və beynəlxalq fənn
olimpiadaları, təhsil sisteminin maliyyələşdirilməsi,
xaricdə təhsil, əlavə təhsil, ayrı-ayrı təhsil
pillələrinə qəbul, ümumi təhsil məktəblərinin buraxılış
siniflərində, ali və orta ixtisas təhsili
müəssisələrində yeni qiymətləndirmə sistemi ilə bağlı
sorğular üstünlük təşkil edib. Digər sorğular isə təhsil
sənədlərinin alınması, nostrifikasiyası, məktəblilərin
fənn olimpiadalarının təşkili, keçirilməsi və
nəticələrinin öyrənilməsi ilə əlaqədardır.
Bir sıra sorğularda bütün pillələr üzrə təhsilin təşkili
və idarəedilməsi, xaricdə təhsil, müəllimlərin dərs
yükü, əməkhaqqının hesablanması, təhsil sənədlərinin
alınması və tanınması, məktəbəqədər, ümumi, ilk peşə,
orta ixtisas və ali təhsil müəssisələri ilə əlaqədar
məsələlər öz əksini tapıb.
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə daxil olan
bütün sorğular cavablandırılıb. Şikayət xarakterli
müraciətlər isə nazirliyin müvafiq şöbələri və aidiyyəti
struktur bölmələri tərəfindən araşdırılıb.
2012-ci ildə "Qaynar xətt" xidmətinə daxil olan 785
şikayət məzmunlu müraciət ümumi, ilk peşə, orta ixtisas,
ali və məktəbdənkənar təhsil müəssisələri ilə bağlıdır.
Bu qəbildən olan müraciətlərin əksəriyyəti ümumi təhsil
müəssisələrindəndir. Belə ki, əsasən Bakı, qismən isə
Sumqayıt, Gəncə və Şirvan şəhərlərindən daxil olan
şikayət xarakterli müraciətlər çoxluq təşkil edir. Eyni
zamanda Abşeron, Goranboy, Xaçmaz, Gədəbəy, Şəki,
Qəbələ, Şamaxı, Lerik, Astara, Masallı, Saatlı,
Beyləqan, Ağdam, Göygöl, Lənkəran rayonlarından digər
rayonlara nisbətən daha çox şikayət daxil olub.
Müraciətlərdə ümumi təhsil müəssisələrində tədris
prosesinin təşkili, maddi-texniki təchizat sahəsindəki
çatışmazlıqlar, idarəetmədə yol verilən nöqsanlar və
digər məsələlər öz əksini tapıb.
Digər müraciətlərdə ilk peşə təhsili müəssisələrində
tədris prosesinin təşkili və idarəolunması, şagirdlərin
təqaüdlərinin və müəllimlərin əməkhaqqının
gecikdirilməsi, habelə digər məsələlərdən bəhs olunur.
Ali və orta ixtisas təhsili müəssisələrində 2011-2012-ci
tədris ilinin qış və yay imtahan sessiyalarında
tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinin
təmin edilməsi, yarana biləcək neqativ halların aradan
qaldırılması məqsədilə "Qaynar xətt" xidmətinə
müraciətlər edilib. Müvafiq məsələlərlə əlaqədar "Qaynar
xətt" xidmətinə və Təhsil Nazirliyinin Korrupsiyaya
qarşı mübarizə üzrə işçi qrupuna 2012-ci ilin yanvar və
iyun aylarında daxil olan müraciətlər nazirliyin
əməkdaşları tərəfindən, həmçinin bir sıra qeyri-hökumət
təşkilatlarının könüllülərinin iştirakı ilə araşdırılıb.
Ali təhsil müəssisələrindən daxil olan şikayət
xarakterli müraciətlərdə daha çox məzunların diplom ala
bilməməsi, imtahanların təşkili, tələbələrin təqaüdünün
gecikdirilməsi, imtahan üçün pul tələb edilməsi, imtahan
nəticələrindən narazılıq, diplomun gecikdirilməsi,
diplom üçün rüsum tələb olunması, tələbələrin imtahana
buraxılmaması, tədrisin düzgün təşkil edilməməsi,
tələbənin biliyinin düzgün qiymətləndirilməməsi, imtahan
suallarının tələbələrə verilməməsi, tələbələrə tədris
ədəbiyyatının satışı, dekanlardan, kafedra müdirlərindən
şikayət, tələbə bileti üçün rüsum tələb olunması, kurs
işinin düzgün qiymətləndirilməməsi, imtahana buraxılma
üçün pul tələb olunması, diplomun düzgün yazılmaması və
digər məsələlərdən bəhs olunur.
Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti xüsusilə qış
və yay imtahan sessiyaları dövründə ali təhsil
müəssisələrində yaradılmış imtahan qərargahları və
"Qaynar xətt" xidmətləri ilə birgə işləyib, aşkarlığı və
şəffaflığı təmin etmək üçün imtahanların gedişi
prosesinə QHT və KİV nümayəndələri dəvət olunub. İmtahan
sessiyalarında həyata keçirilən tədbirlər nəticəsində
imtahanlarda əvvəlki illərə nisbətən şəffaflıq və
obyektivlik xeyli artıb, şikayətlərin sayı isə azalıb.
Şikayət xarakterli müraciətlərin sayına görə ali təhsil
müəssisələri üzrə - Azərbaycan Müəllimlər İnstitutu və
onun filiallarından 14, Bakı Dövlət Universitetindən 13,
Azərbaycan Dövlət Pedaqoji Universitetindən 9, Sumqayıt
Dövlət Universitetindən 9, Azərbaycan Dillər
Universitetindən 8, Azərbaycan Dövlət İqtisad
Universitetindən 3, Azərbaycan Texnologiya
Universitetindən 3, Azərbaycan Dövlət Neft
Akademiyasından 2, Gəncə Dövlət Universitetindən 2,
Azərbaycan Turizm İnstitutundan 2, Azərbaycan Dövlət
Aqrar Universitetindən 2, Bakı Slavyan Universitetindən
2, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetindən 1, Lənkəran Dövlət Universitetindən 1,
Azərbaycan Texniki Universitetindən 1, Azərbaycan
Rəssamlıq Akademiyasından 1, Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və İdman Akademiyasından 1, fəaliyyəti
dayandırılmış Azərbaycan Beynəlxalq Universitetindən 7,
Qafqaz Universitetindən 4, Bakı Avrasiya
Universitetindən 3, Bakı Asiya Universitetindən 3, Qərb
Universitetindən 3, Təfəkkür Universitetindən 3, Bakı
Biznes Universitetindən 2, Odlar Yurdu Universitetindən
1, Azərbaycan Kooperasiya Universitetindən 1, Azərbaycan
İctimai-Siyasi Universitetindən 1 olmaqla ümumilikdə 102
müraciət daxil olub. Bu isə 2011-ci ildə ali təhsil
müəssisələrindən daxil olmuş müraciətlərlə müqayisədə 35
faiz azdır.
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə, ali təhsil
müəssisələrinin "Qaynar xətt" xidmətlərinə və imtahan
qərargahına daxil olan müraciətlərə baxılması
nəticəsində AMİ-nin Qazax, Şamaxı, Salyan, Quba,
Ağcabədi filiallarının direktorları vəzifələrindən azad
edilib, Bakı Dövlət Universitetində 11 nəfər, Azərbaycan
Dövlət Pedaqoji Universitetində 3 nəfər, Sumqayıt Dövlət
Universitetində 4 nəfər, Azərbaycan Dövlət İqtisad
Universitetində 20 nəfərdən çox, Azərbaycan Kooperasiya
Universitetində isə 4 nəfər əməkdaşa intizam tənbehi
tətbiq olunub.
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə daxil olan
müraciətlər əsasında aparılmış araşdırmalar nəticəsində
nöqsanı aşkar edilən vəzifəli şəxslər tənbeh edilib,
vəzifəsindən azad olunub, onlara töhmət verilib, eləcə
də digər inzibati cəzalar tətbiq edilib. İşində nöqsan
aşkarlanmış təhsil müəssisəsi rəhbərlərinə müvafiq
tapşırıqlar verilib. Belə ki, araşdırma aparılan bir
sıra ümumi təhsil müəssisələrinin direktorlarına
rəhbərlik etdikləri məktəblərdə mənəvi-psixoloji mühitin
sağlamlaşdırılması, əmək intizamına nəzarətin
artırılması tövsiyə olunub.
Ötən il "Qaynar xətt" xidmətinə daxil olan müraciətlər
və aparılan araşdırmaların nəticələri barədə məlumatlar
və xülasələr Təhsil Nazirliyinin İnternet saytında,
"Azərbaycan müəllimi" qəzetində, "Təhsil xəbərləri"
məcmuəsində və digər mətbu orqanlarda dərc olunub.
Televiziya və radio kanallarında, müxtəlif xəbər
portallarında və qəzetlərdə il ərzində "Qaynar xətt"
xidmətinin fəaliyyəti ilə əlaqədar çoxsaylı xəbərlər
verilib.
Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti
|