Bu
günlərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda tanınmış alim-pedaqoq
Allahverdi Eminovun yaradıcılıq fəaliyyətinə həsr
olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqda institutun
rektoru, professor Asəf Zamanov yaradıcı ziyalılar üçün
ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış və
hazırda Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev
tərəfindən əsaslı şəkildə inkişaf etdirilən münbit
şəraitdən söz açaraq, alimin həyat və yaradıcılığı
barədə məlumat verdi. O, xüsusi olaraq vurğuladı ki,
zəngin mənəvi irsə malik görkəmli alimlər, şairlər,
yazıçılar, rəssamlar, heykəltəraşlar, musiqiçilər
yetirmiş məmləkətimiz bu gün də yazıb-yaradan ziyalıları
ilə fəxr edir.
Professor Asəf Zamanov tədbir iştirakçılarına institut
barədə məlumat verərək bildirdi ki, son 5 ildə bu ali
təhsil ocağı bir sıra nailiyyətlər qazanmışdır. Belə ki,
bu müddət ərzində xarici ölkələrin 30-a qədər ali
məktəbi, elmi-tədqiqat mərkəzləri ilə elm və təhsil
sahəsində əməkdaşlıq qurulmuş, institutun təşkilatçılığı
ilə 7 beynəlxalq elmi konfrans keçirilmişdir. Əgər bu
ali təhsil müəssisəsinin yarandığı 1939-cu ildən 2008-ci
ilə qədər əməkdaşlar tərəfindən cəmi 110 elmi əsər çap
edilmişdirsə, son 5 ildə nəşr edilən əsərlərin sayı
700-ü keçmişdir. 5 il əvvəl institutda cəmi 5 elmlər
namizədi (fəlsəfə doktoru) fəaliyyət göstərirdisə,
hazırda 20-dən çox elmlər doktoru, professor, fəlsəfə
doktoru, dosent çalışır. Bundan əlavə, 30-a qədər elmlər
doktoru, 70-dən çox fəlsəfə doktoru institutda
mühazirəçi qismində fəaliyyət göstərir. Bu alimlərdən
biri də, uzun illərdir yüksək yaradıcılıq potensialı ilə
oxucu rəğbəti qazanmış, pedaqogika üzrə fəlsəfə doktoru,
dosent Allahverdi Eminovdur. Bu gün biz onun
2007-2012-ci illərdə nəşr edilmiş əsərlərinin
təqdimatına yığışmışıq. Rektor Azərbaycan Yazıçılar və
Jurnalistlər birliklərinin üzvü, "Qızıl qələm" mükafatı
laureatı Allahverdi Eminovun həyat və yaradıcılığına
toxunaraq, onun "Mir Cəlalın poetikası", "M.F.Axundovun
obrazları və dilçilik görüşləri", "Oqtay Rzanın
yaradıcılığı" və digər əsərləri barədə fikirlərini
bildirdi.
Tədbirdə institutun Azərbaycan dili və ədəbiyyatı
kafedrasının müdiri, filologiya elmləri doktoru Aydın
Paşayev, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru,
professor Zaman Əsgərli, Salman Mümtaz adına Azərbaycan
Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif
Teymurov, "Kövsər" nəşriyyatının direktoru, texnika
elmləri namizədi Xəlil Talıbov, şair Hafiz Rüstəm və
digərləri Allahverdi Eminovun elmi yaradıcılıq yolundan
danışdılar, son vaxtlar işıq üzü görmüş əsərlərinə
münasibət bildirərək onları yüksək qiymətləndirdilər.
Sonda söz Allahverdi Eminova verildi. O, yaradıcılığına
həsr olunmuş tədbirin təşkilinə görə institutun
rəhbərliyinə, həmçinin iştirakçılara minnətdarlığını
bildirdi. |