Məlum
olduğu kimi, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin
beynəlxalq fənn olimpiadalarında, bilik yarışları və
müsabiqələrində iştirak edən şagirdləri hər il fəaliyyət
sahəsini daha da genişləndirir, daha çox ölkədə
dövlətimizi, təhsilimizi ləyaqətlə təmsil edirlər. 2012-
2013-cü dərs ilində onlar iki beynəlxalq fənn
olimpiadasında - 1-10 dekabr 2012- ci il tarixlərində
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində
keçirilmiş Beynəlxalq təbiət elmləri olimpiadasında
(İJSO) və 13-20 yanvar 2013-cü il tarixlərində
Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilmiş
Beynəlxalq Jautikov fizika-riyaziyyat və informatika
olimpiadasında iştirak edərək mükafata layiq yerlər
tutmuşlar.
Fevralın 13-də Təhsil Nazirliyində həmin şagirdlərlə
görüş keçirildi. Tədbirdə Azərbaycan Respublikasının
təhsil naziri Misir Mərdanov, nazir müavini Qulu
Novruzov, aparatın rəhbəri İlham Pirməmmədov, nazirliyin
şöbə müdirləri, eləcə də "Çağ" Öyrətim İşlətmələri
Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən,
Azərbaycan-Türkiyə Özəl Liseylərinin Baş İdarəsinin
rəisi Məsud Kurnaz, tədris işləri üzrə müavini Murad
Topçu, şirkətin olimpiadalar üzrə koordinatoru Fuad
Qarayev, "Dədə Qorqud" özəl türk liseyinin müdiri
Yusuf Duran, Sumqayıt özəl türk liseyinin müdiri Ahmet
Çamalan və şagirdlər iştirak edirdilər.
Təhsil naziri Misir Mərdanov mərasimi açaraq
iştirakçıları salamladı. Nazir ölkəmizdə istedadlı uşaq
və gənclərin vaxtında aşkar olunması, onlara xüsusi
diqqət və qayğı göstərilməsinin daim, xüsusən son
dövrlərdə dövlət siyasətinin prioritet istiqamətlərindən
biri olduğunu vurğuladı.
Bu işin respublikamızda müxtəlif proqramlar çərçivəsində
davam etdirildiyini deyən Misir Mərdanov "Çağ" Öyrətim
İşlətmələri Şirkətinin Azərbaycanda bu sahədəki
fəaliyyətini çox yüksək dəyərləndirdi. Nazir qeyd etdi
ki, bu iş yüksək səviyyədə təşkil olunduğundan "Çağ"ın
şagirdləri hər il dünyanın müxtəlif ölkələrində
keçirilən olimpiadalarda, bilik yarışları və
müsabiqələrində fəal iştirak edir və nailiyyətlər
qazanırlar. Beləliklə, bir tərəfdən Azərbaycan dünyada
tanınır, digər tərəfdən istedadlı gənclər aşkarlanaraq
gələcək inkişafları üçün lazımi şərait yaradılır. Təhsil
naziri bütün bunlara görə Ənvər bəyə və onun
əməkdaşlarına təşəkkürünü bildirdi.
Sonra nazir yuxarıda adıçəkilən olimpiadalar haqqında
məlumat verdi. Qeyd olundu ki, Azərbaycan məktəbliləri
Beynəlxalq Jautikov fizika-riyaziyyat və informatika
olimpiadasında 2006-cı ildən etibarən hər il iştirak
edirlər. Olimpiada Qazaxıstan Respublikası Təhsil
Nazirliyi tərəfindən Almatı şəhərində keçirilir. MDB
ölkələri ilə yanaşı, Türkiyə, Hindistan, Rumıniya,
Bolqarıstan, Monqolustan, Nigeriya kimi ölkələr də bu
yarışda iştirak edirlər. Olimpiadada şagirdlər həm
fərdi, həm də komanda şəklində yarışırlar. Hər komanda
3 nəfər riyaziyyat, 2 nəfər fizika və 2 nəfər
informatika fənni üzrə olmaqla ümumilikdə 7 şagirddən
ibarətdir. Hazırda ABŞ-ın Stanford Universitetinin
doktorantı olan Ağdaş özəl türk liseyinin məzunu Cəfər
Cəfərov 2007 - ci ildə bu olimpiadada təqdim olunan
bütün sualları tam həll edərək "qaliblərin qalibi"
(First of first) adına layiq görülmüşdür. Bəzi ölkələr
olimpiadada bir neçə, Rusiya və Qazaxıstan isə 10-dan
çox komanda ilə təmsil olunurlar. Qazaxıstanın ən
nüfuzlu universitetləri olimpiadanın təntənəli bağlanışı
mərasimində olimpiadanın qızıl, gümüş və bürünc
mükafatçılarına dövlət və özəl universitetlərə qəbul
haqqında sənəd təqdim edirlər. 13-20 yanvar 2013-ci il
tarixlərində keçirilmiş olimpiadada 16 ölkədən 53
komanda iştirak etmişdir. Şagirdlərimiz 1 gümüş, 3
bürünc medal və 2 həvəsləndirici sertifikat almışlar
(Süleyman Həsənzadə - Lənkəran özəl türk liseyinin
11-ci sinif şagirdi, riyaziyyat fənni üzrə gümüş medal;
Mehdi Məhərrəmov- Şirvan özəl türk liseyinin 10-cu sinif
şagirdi, riyaziyyat fənni üzrə bürünc medal; Fərid
Verdiyev - Gəncə özəl türk liseyinin 10- cu sinif
şagirdi, riyaziyyat fənni üzrə bürünc medal; Rəşid
Qaziyev - Sumqayıt özəl türk liseyinin 11-ci sinif
şagirdi, informatika fənni üzrə bürünc medal).
Ümumilikdə Azərbaycan məktəbliləri bu olimpiadalarda 3
qızıl, 10 gümüş və 13 bürünc olmaqla cəmi 26 medal əldə
etmişlər.
Beynəlxalq təbiət elmləri olimpiadası (İJSO) 2004-cü
ildən etibarən keçirilməyə başlanmışdır. Bu olimpiadada
təxminən 40-45 ölkə iştirak edir. Bunlara misal olaraq
İngiltərə, Almaniya, Rusiya, Çin, Hindistan, İrlandiya,
Türkmənistan, İndoneziya, Cənubi Koreya, Sinqapur,
Braziliya və s. göstərmək olar. Olimpiada hər il növbə
ilə fərqli ölkələrdə keçirilir. 2009-cu ildə XI İJSO
Azərbaycanda keçirilmişdir.
2012-2013-cü tədris ilində 1-10 dekabr tarixləri
arasında İran İslam Respublikasının Tehran şəhərində
keçirilmiş bu olimpiadada Azərbaycan məktəbliləri də
iştirak etmiş və 4 bürünc medal (İzzət Məmmədov - "Dədə
Qorqud" özəl türk liseyinin 10-cu sinif şagirdi; Elmar
Məmmədli - Lənkəran özəl türk liseyinin 10- cu sinif
şagirdi; Cavid Əhmədov - Ağdaş özəl türk liseyinin 10-cu
sinif şagirdi; Nizami Həşimli - Lənkəran özəl türk
liseyinin 10-cu sinif şagirdi) qazanmışlar. Ümumilikdə,
Azərbaycan məktəbliləri bu olimpiadada 2 gümüş və 19
bürünc medal olmaqla, cəmi 21 medal əldə etmişlər.
Daha sonra Azərbaycan məktəblilərinin beynəlxalq bilik
yarışlarında, müsabiqə və olimpiadalarda iştirakının
əhəmiyyətindən söz açan nazir qeyd etdi ki, bu
layihələrdə uğur qazanılmasında elmi-tədqiqat işləri
mühüm rol oynayır. Bu məqsədlə ümumi təhsil
məktəblərinin AMEA-nın elmi- tədqiqat institutları və
ali təhsil müəssisələri ilə əlaqələrinin
möhkəmlənməsinin vacibliyini önə çəkən nazir xüsusən
gənc alimləri məktəblərə cəlb etməyi, onlarla maraqlı
görüşlərin keçirilməsini tövsiyə etdi.
Təhsil naziri olimpiada qaliblərini, onların valideyn və
müəllimlərini təbrik edərək şagirdlərə şəxsi
həyatlarında böyük uğurlar, gələcəkdə keçiriləcək ən
nüfuzlu beynəlxalq olimpiadalarda yeni-yeni nailiyyətlər
qazanmağı arzuladı.
Sonra olimpiada qaliblərinə qiymətli hədiyyələr təqdim
olundu. Onlar təhsil naziri Misir Mərdanovla xatirə
şəkli çəkdirdilər.
Hicran ƏKBƏROVA |