Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Fevral 2013 - №6

 

"Yeni ixtisasartırma modelinə keçid" mövzusuna həsr olunmuş müşavirə

 

Fevralın 14-də Təhsil Nazirliyində "Yeni ixtisasartırma modelinə keçid" mövzusuna həsr olunmuş müşavirə keçirilib.

Təhsil naziri Misir Mərdanov müasir dünyada ixtisasartırma təhsilinə mühüm əhəmiyyət verildiyini nəzərə çatdıraraq son illər ölkəmizdə bu istiqamətdə görülmüş işlərə diqqət çəkib. "Yeni ixtisasartırma modelinə keçid" mövzusunda təqdimat-məruzə ilə çıxış edən nazir ixtisasartırma təhsilində modul-kredit sisteminin tətbiqinin normativ-hüquqi əsasları və müsbət cəhətləri barədə məlumat verib. Yeni modelə əsasən ixtisasartırma təhsili proqramlarının 3 modul üzrə qurulmasının nəzərdə tutulduğunu bildirən Misir Mərdanov həmin modulların tərkib hissələrindən söhbət açıb.

Təhsil naziri yeni ixtisasartırma modelinin üstünlüklərinə və ənənəvi modeldən fərqli cəhətlərinə diqqət çəkib. İxtisasartırma təhsili sahəsində modul-kredit sisteminin tətbiqi istiqamətində son illər ərzində əldə olunmuş uğurlara toxunan nazir ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimləri üçün ixtisasartırma təhsilinin kurikulum çərçivəsinin hazırlandığını bildirib. Misir Mərdanov qeyd edib ki, ixtisasartırma sahəsində modul-kredit sisteminə keçidlə əlaqədar Təhsil Nazirliyinə təqdim edilmiş proqramlar müvafiq müsabiqə əsasında seçilib.

Azərbaycan Müəllimlər İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Əlavə Təhsil Mərkəzi tərəfindən təqdim olunmuş proqramların modullar üzrə bölgüsünə diqqət çəkən nazir həmin müəssisələrin sayının artmasının mümkünlüyünü nəzərə çatdırıb. Təqdim olunmuş ixtisasartırma proqramlarının müvafiq qiymətləndirmə meyarları əsasında dəyərləndiriləcəyini söyləyən təhsil naziri ixtisasartırma aparacaq qurumların kadr potensialının da qiymətləndiriləcəyini vurğulayıb.

Misir Mərdanov qeyd edib ki, yeni ixtisasartırma modeli ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin pedaqoji və digər işçilərinin bilik, bacarıq və peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişaf etdirilməsinə daha mütərəqqi üsullarla nail olmaq məqsədilə hazırlanıb. Daha sonra yeni ixtisasartırma modelinin tətbiqi üçün həyata keçiriləcək digər tədbirlərdən söhbət açan nazir qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetiriləcəyinə ümidvar olduğunu bildirib.

Sonda yeni ixtisasartırma modelinə keçidlə bağlı müxtəlif fikirlər səsləndirilib, müvafiq təkliflər verilib və qarşıya çıxan suallara aydınlıq gətirilib.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov