Fevralın
9-da Təhsil Nazirliyində "Beşyaşlıların məktəb təliminə
hazırlanması üzrə işin vəziyyəti və yaxşılaşdırılması
istiqamətləri" mövzusunda Təhsil Problemləri
İnstitutunun əməkdaşları tərəfindən aparılan
tədqiqatların müzakirəsinə həsr olunmuş tədbir
keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, Təhsil
Nazirliyinin, Təhsil Problemləri İnstitutunun
nümayəndələri, paytaxtın ümumi təhsil müəssisələrinin
direktorları və digər şəxslər iştirak edirdilər.
Tədbirdə məruzə ilə çıxış edən Təhsil Problemləri
İnstitutunun Məktəbəqədər təhsilin kurikulumu şöbəsinin
müdiri Laləzar Cəfərova mövzu üzrə aparılmış
araşdırmaların nəticələrini nəzərə çatdırdı. L.Cəfərova
beşyaşlıların təhsilə hazırlanmasının təmin olunması
üçün məktəblərin müvafiq ləvazimatlar, əyani vəsait və
didaktik materiallarla təchiz olunma vəziyyəti barədə
məlumat verdi. Qısamüddətli təlim qruplarında
beşyaşlıların məktəbə hazırlanması məsələsinə toxunan
L.Cəfərova məktəbəqədər təhsil müəssisələri ilə məktəb
arasında varisliyin gözlənilmə səviyyəsindən söz açdı.
Şöbə müdiri aparılan tədqiqatların nəticələrini,
problemlə əlaqədar respublikanın 21 şəhər və rayonunda
(243 müəssisədə) vəziyyətin öyrənildiyini, paytaxt,
şəhər və kənd rayonları üzrə müvafiq statistik
məlumatları və bunlarla əlaqədar bir sıra təkliflərini
nəzərə çatdırdı.
Təhsil naziri Misir Mərdanov tədbirdə çıxış edərək
respublikamızda məktəbəqədər təhsilin real vəziyyəti,
əsas problemlər və bu sahə ilə bağlı həlli vacib olan
məsələlər haqqında danışdı. Nazir məktəbəqədər təhsil
müəssisələrində, eləcə də ailələrdə uşaqlarla aparılan
təlim-tərbiyə işlərinin mühüm əhəmiyyət kəsb etdiyini
vurğuladı. Məhz məktəbəqədər yaş dövrünün uşağın psixi
inkişafı və şəxsiyyətinin formalaşmasında əhəmiyyətli
rol oynadığına diqqət çəkən Misir Mərdanov bu səbəbdən
də dünyanın əksər ölkələrində məktəbəqədər təhsil
müəssisələrinin inkişafına xüsusi diqqət yetirildiyini
söylədi. Təhsil naziri məktəbəqədər təhsillə bağlı bir
sıra qabaqcıl ölkələrin təcrübəsindən söz açdı və bu
təcrübədən yararlanmağın zəruriliyini bildirdi.
Beşyaşlıların məktəb təliminə hazırlığının yüksəlməsi
üçün məktəbəqədər müəssisələrdə məktəbəhazırlıq
qruplarının sayının artırılmasını məqsədəuyğun hesab
edən təhsil naziri Misir Mərdanov məktəblərdə təşkil
edilən qısamüddətli qruplarda uşaqların psixoloji,
fiziki və kommunikativ inkişafına xüsusi diqqət
yetirilməsinin vacibliyini bildirdi.
Sonra mövzu ilə bağlı bir sıra çıxışlar dinlənildi,
müvafiq təkliflər irəli sürüldü.
Niyazi RƏHİMOV |