Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Fevral 2013 - №6

 

Başa çatmış "Səmərəli məktəb" layihəsinin hesabatı dinlənildi

 

Fevralın 8-də Təhsil Nazirliyində "Səmərəli məktəb" layihəsinin başa çatmasına həsr olunmuş hesabat iclası keçirildi. Təhsil Nazirliyinin müvafiq qurumlarının rəhbərlərinin, "Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi" İctimai Birliyinin əməkdaşlarının, layihədə iştirak edən məktəblərin direktorlarının qatıldığı tədbiri təhsil naziri Misir Mərdanov açaraq bildirdi ki, bu gün yekunlarını müzakirə etməyə yığışdığımız "Səmərəli məktəb" layihəsi, Dünya Bankının maliyyə dəstəyi ilə reallaşdırılan Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində Təhsil Nazirliyi ilə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilmişdir. Son iki il ərzində reallaşdırılan layihə haqqında iclas iştirakçılarına ətraflı məlumat verən nazir qeyd etdi ki, layihənin əsas məqsədi məktəblərdə idarəetmənin təkmilləşdirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində məktəb əsaslı təlimlər sisteminin yaradılması, məktəb-valideyn əlaqələrinin gücləndirilməsidir. Layihə 3-ü Bakıdan, 9-u regionlardan olmaqla 12 məktəbi əhatə etmişdir.

Layihənin 6 komponent üzrə həyata keçirildiyini söyləyən təhsil naziri hər komponent üzrə görülmüş işləri diqqətə çatdırdı. Qeyd etdi ki, layihənin "Məktəbdə müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi" adlanan birinci komponenti çərçivəsində "Tənqidi təfəkkürün əsasları" mövzusunda 168 nəfər müəllim, "Fəal təlim üsulları" mövzusunda 247 nəfər müəllim, "Demokratiya müzakirələri" mövzusunda 169 nəfər müəllim, "Ünsiyyət vərdişləri" mövzusunda 218 nəfər müəllim və valideyn, "Müəllimlərin peşəkar inkişafı" mövzusunda 36 nəfər müəllimin iştirakı ilə təlim, seminar və "dəyirmi masa"lar keçirilmişdir.

Layihənin ikinci - "Tədrisin keyfiyyətinin yüksəldilməsi" komponenti çərçivəsində məktəblərdə davamlı dərsdinləmələr və onların müzakirəsi təşkil olunmuş, şagirdlər və valideynlər üçün "Ünsiyyət vərdişləri" mövzusunda təlim, şagirdlərin iştirakı ilə "Təhsildə sosial ədalət, mobil telefon vasitəsilə sosialyönümlü foto və videoçarxların hazırlanması" mövzusunda müzakirə və sorğu aparılmışdır.

Layihənin üçüncü komponenti olan "Əlverişli məktəb mühitinin yaradılması və inklüziv tədris üsulları" ilə bağlı görülmüş işlərə diqqət çəkən nazir bu komponent çərçivəsində Latviyadan beynəlxalq məsləhətçinin dəvət olunduğunu, bir qrup  müəllim və direktorun həmin ölkəyə təlim səfərinin təşkil edildiyini, təlim səfərindən sonra məktəblərdə "İnklüziv tədris" mövzusunda təqdimatlar və "dəyirmi masa"ların, eləcə də şagirdlər arasında "Məktəb mühiti" adlı anonim sorğunun keçirildiyini söylədi.

Nazir bildirdi ki, layihənin "Məktəbin təşkilati mədəniyyətinin inkişaf etdirilməsi" adlanan 4-cü komponenti çərçivəsində məktəblərdə şəxsiyyətlərarası münasibətlər mütəxəssislər tərəfindən öyrənilmiş, məktəb direktorları üçün təşkilati mədəniyyətin inkişaf etdirilməsi üzrə təlim-seminar keçirilmiş, müzakirələr aparılmış, şəxsiyyətlərarası münasibətlərin optimal qurulması sahəsində tövsiyələr hazırlanmışdır.

Layihənin "Kitabxana və İKT-dən istifadə" məsələlərini əhatə edən 5-ci komponentinə müvafiq olaraq layihəni əhatə edən məktəblərdə kitabxanaların vəziyyətinin öyrənildiyi, kitabxanaçılar üçün xüsusi təlim paketi hazırlandığı və təlimlər keçirildiyi, onlara peşə bacarıqları ilə yanaşı, İKT-dən istifadə bacarıqları da aşılandığı diqqətə çatdırıldı.

Layihənin son - "Məktəbin səmərəli idarəedilməsi" komponenti çərçivəsində də xeyli iş görüldüyünü deyən nazir bu işlər nəticəsində idarəetmənin vəziyyətinin öyrənildiyini, diaqnostika mərhələsində məktəb rəhbərliyi ilə müsahibələr aparıldığını, təhlil əsasında direktorlar üçün təlim materialları hazırlandığını qeyd etdi.

Layihənin icrası yönündə görülmüş işlərin, xüsusən də keçirilmiş seminarların, məktəbin özünüqiymətləndirməsinə dair hazırlanmış sənədin təlim səfərlərinin, müvafiq maarifləndirmə tədbirlərinin təşkilinin əhəmiyyətini yüksək qiymətləndirən nazir hazırkı informasiya əsrində məktəbin missiyasının əsaslı şəkildə dəyişdiyini vurğulayaraq dünyanın inkişaf tendensiyalarından geri qalmamaq üçün müasir məktəbin sadalanan bütün istiqamətlərdə fəal iş aparmalı olduğunu diqqətə çatdırdı.

İclasda "Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi" İctimai Birliyinin təhsil siyasəti üzrə proqram direktoru, "Səmərəli məktəb" layihəsinin rəhbəri Elmina Kazımzadə layihə haqqında ətraflı məlumat verdi. E.Kazımzadə bildirdi ki, layihənin əsas məqsədi tədris ocaqlarının davamlı inkişafını təmin etmək üçün müəllimlərin peşəkarlığının artırılmasından ibarətdir. Layihənin 12 məktəbi əhatə etdiyini, lakin  hazırlanmış "Səmərəli məktəb" multimedia diskindən, müvafiq vəsaitlərdən digər təhsil ocaqlarının da istifadə etməsinin mümkün olduğunu söyləyən E.Kazımzadə başladıqları işin pilot məktəblərdə davam etdiriləcəyinə və digər ümumtəhsil müəssisələrinə yayılacağına ümid etdiyini söylədi.

"Səmərəli məktəb" layihəsinin əlaqələndiricisi Vəfa Yaqublu layihə çərçivəsində görülmüş işlər və onların nəticələri mövzusunda geniş təqdimat etdi.

Sonra layihədə iştirak edən ümumtəhsil müəssisələrindən Şirvan şəhər 16 nömrəli tam orta məktəbin direktoru Çingiz Şirəliyev, Bakıdakı 287 nömrəli "Zəkalar" liseyinin direktoru Aygün Əhmədli, Lənkəran şəhər 6 nömrəli tam orta məktəbin direktoru Akif Xalıqov, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın direktoru Nizami Əhmədov "Məktəb daxilində müəllimlərin fəaliyyəti və peşəkarlıq səviyyəsinin yüksəldilməsi", "Məktəbin səmərəli idarə edilməsi və birgə rəhbərlik", "Məktəb mühitinin inkişaf etdirilməsi və inklüziv tədris üsulları", "Səmərəli məktəb" layihəsinin akkreditasiya prosesində rolu" mövzularında çıxış etdilər.

Təhsil naziri Misir Mərdanov pilot olaraq həyata keçirilən "Səmərəli məktəb" layihəsinin məktəbin davamlı inkişaf istiqamətlərinin müəyyən edilməsinə, ölkədə yaxşı məktəb modelinin formalaşmasına təkan verəcəyinə ümid etdiyini bildirdi. Layihədə iştirak etmiş məktəblərin əldə etdikləri təcrübədən digər təhsil müəssisələrinin yararlanmasının əhəmiyyətinə toxunan nazir bunun həm tədrisin keyfiyyətcə yüksəldilməsi, həm də məktəb idarəçiliyinin təkmilləşdirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini ifadə etdi.

Sonda layihənin yekunlarına dair müzakirələr aparıldı, müvafiq təkliflər səsləndirildi və iştirakçıları maraqlandıran suallar cavablandırıldı. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov