Fevralın
8-də "Kempinski Badamdar" hotelində "Sabahın alimləri"
II Respublika müsabiqəsinin açılış mərasimi keçirildi.
Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman
nazirliklərinin və "Mədəd" təşkilatının birgə
təşkilatçılığı ilə keçirilən müsabiqəyə Bakı və Sumqayıt
şəhərlərində yerləşən 31 ümumtəhsil məktəbinin IX-XI
sinif şagirdləri qatıldılar.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ciddi
tədqiqat nəticələri əldə etmiş Azərbaycan
məktəblilərinin seçilib İntel İSEF - Beynəlxalq Elm və
Mühəndislik Sərgisinə (ABŞ) göndərilməsini təmin
etməkdən ibarətdir. Müsabiqəyə Bakı Dövlət Universiteti,
Sumqayıt Dövlət Universiteti və Qafqaz Universitetinin
professor-müəllim heyəti tərəfindən elmi dəstək verilib.
Səkkiz kateqoriya-riyaziyyat, fizika, kimya, biologiya,
tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter
elmləri üzrə keçirilən müsabiqədə 116 şagird 73 elmi
layihə ilə iştirak edirdi. Layihələrin
qiymətləndirilməsi və müsabiqənin qaliblərini
müəyyənləşdirmək üçün hər kateqoriya üzrə aparıcı
alimlərdən ibarət münsiflər heyəti yaradılmışdır.
Açılış mərasimində təhsil naziri Misir Mərdanov çıxış
edərək müsabiqənin əhəmiyyətindən danışdı. "Sabahın
alimləri" müsabiqəsinin dünyada ən nüfuzlu
müsabiqələrdən biri olan İntel İSEF - Beynəlxalq Elm və
Mühəndislik Sərgisi çərçivəsində keçirildiyini nəzərə
çatdıran nazir Azərbaycan məktəblilərinin parlaq
nəticələr qazanacağına ümidvar olduğunu bildirdi.
Ölkəmizin İntel İSEF müsabiqəsinə qoşulmasının təsadüfi
olmadığını söyləyən Misir Mərdanov Azərbaycanın güclü
elmi potensialı olduğunu və bu potensialı qoruyub
saxlamağın, ondan səmərəli istifadə etməyin vacibliyini
diqqətə çatdırdı. Hər bir ölkənin inkişafını həmin
ölkədə elmin və təhsilin inkişafından asılı olduğunu
qeyd edən təhsil naziri bunun dövlət siyasətinin
prioritet istiqamətlərindən biri olduğunu və bu
siyasətin nəticəsi olaraq təhsilin keyfiyyətini artırmaq
məqsədilə təhsil islahatları aparıldığını diqqətə
çatdırdı. Misir Mərdanov bildirdi ki, 2008-ci ildən
başlayaraq respublikamızın ümumtəhsil məktəblərində
Kiçik Akademiyalar yaradılmağa başlanmış və həmin
akademiyaların fəaliyyəti tədricən formalaşmaqdadır.
Belə ki, ümumtəhsil məktəbləri alimlərlə əlaqələr
yaradır, şagirdlərə tədqiqat aparmaq, elmi nəticələri
ümumiləşdirmək və onları təqdim etmək bacarığı aşılanır,
şagirdlər üçün konfranslar və müsabiqələr təşkil olunur.
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin müvafiq sərəncamı ilə "Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq
edilmişdir və proqramın əsas vəzifələrindən biri kimi
gənclərdə müasir düşüncə tərzinin formalaşdırılması,
onların idarəetmə və tədqiqat yönlü fəaliyyətə cəlb
edilməsi müəyyənləşdirilmişdir. Bu gün ümumtəhsil
məktəblərində gedən proseslərin, həyata keçirilən
tədbirlərin bir hissəsi məhz həmin vəzifənin yerinə
yetirilməsinə istiqamətlənmişdir. "Sabahın alimləri"
müsabiqəsi də bu vəzifəyə xidmət edir. Müsabiqənin
keçirilməsində əsas məqsədimiz tədqiqat aparan
şagirdlərin sayını çoxaltmaq, onlara tədqiqatçılıq
vərdişlərini aşılamaq və elmi fəaliyyətlərini
stimullaşdırmaqdır. Müsabiqədə iştirak edən hər bir
şagirdə uğurlar arzulayan təhsil naziri Misir Mərdanov
İntel İSEF sərgisi barədə ətraflı məlumat verdi.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad
Rəhimov, "Mədəd" təşkilatının icraçı direktoru Vüsal
Xanlarov, İntel-in MDB ölkələri üzrə meneceri Tatyana
Nanayeva, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun
direktoru Vaqif Abbasov və başqaları müsabiqənin
əhəmiyyətindən söz açdılar. Açılışda 2012-ci ildə İntel
İSEF-in iştirakçısı olan, BDU-nun nəzdində "Gənc
istedadlar" liseyinin XI sinif şagirdi Mahirə
Səfərəlizadə də çıxış edərək bu müsabiqənin onun
həyatında oynadığı roldan danışdı və öz həmyaşıdlarına
uğurlar arzuladı.
Açılış mərasimindən sonra müsabiqənin işi iki zalda
davam etdi. Bir zalda layihələrin münsiflər heyəti
tərəfindən qiymətləndirilməsi həyata keçirildi, digər
zalda isə müsabiqənin Təlim Akademiyasında layihələrin
elmi rəhbərləri və məktəb direktorları üçün treninqlər
təşkil olundu. Təlim Akademiyasının iştirakçılarına
sertifikatlar təqdim olundu.
Fevralın 9-da "Kempinski Badamdar" hotelinin "Qəbələ"
zalında təhsil naziri Misir Mərdanovun iştirakı ilə öz
işini davam etdirən "Sabahın alimləri" II Respublika
müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi
keçirildi. İki gün davam edən müsabiqənin yekununda
münsiflər heyəti tərəfindən müəyyən olunmuş qaliblərə
təşkilatçılar tərəfindən təsis edilmiş pul mükafatı və
medallar təqdim edildi. Bundan əlavə, Bakı Dövlət
Universiteti, Sumqayıt Dövlət Universiteti, Qafqaz
Universiteti və ADNA-nın nəzdində "Neftin, qazın
geotexnoloji problemləri və kimya" Elmi-Tədqiqat
İnstitutu tərəfindən seçilmiş layihələrə bu
müəssisələrin sertifikatları və hədiyyələri təqdim
olundu.
İntel-in MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva
Təhsil Nazirliyinə və digər təşkilatçılara Dünya İntel
Təhsil Təşkilatının elm, texnologiya, mühəndislik və
riyaziyyat sahələri üzrə faydalı əməkdaşlıq və birgə
səylərə görə təsis etdiyi sertifikatı təqdim etdi.
Təhsil naziri Misir Mərdanov da həmçinin İntel-in MDB
ölkələri üzrə meneceri Tatyana Nanayevaya Təhsil
Nazirliyinin təşəkkürnamə diplomunu təqdim etdi.
Mükafatlandırılma mərasimindən sonra qalib şagirdlər öz
layihələrini ingilis dilində təqdim etdilər. Münsiflər
heyətinin qərarına əsasən qaliblər arasından seçilmiş 5
şagird cari ilin may ayında ABŞ-ın Arizona ştatının
Finiks şəhərində keçiriləcək İntel İSEF - Beynəlxalq
Elm və Mühəndislik Sərgisində iştirak etmək hüququ
qazandı.
Mükafatlandırılma mərasimində çıxış edən təhsil naziri
Misir Mərdanov müsabiqənin gərgin mübarizə şəraitində
keçdiyini və ötənilki müsabiqə ilə müqayisədə
şagirdlərin daha aktiv iştirak etdiyini nəzərə çatdırdı.
Gələcək illərdə müsabiqənin daha geniş rəqabət
şəraitində keçəcəyinə ümidvar olduğunu bildirən təhsil
naziri Misir Mərdanov müsabiqəni izləmək məqsədilə
Bakıya gələn İntel-in MDB ölkələri üzrə meneceri Tatyana
Nanayevaya və müsabiqədə zəhməti keçən hər bir şəxsə
minnətdarlığını bildirdi. Qalibləri təbrik edən təhsil
naziri onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Qaliblərlə xatirə şəkli çəkildi.
Niyazi RƏHİMOV |