Azərbaycan
Respublikasına rəsmi səfəri çərçivəsində Serbiya
Respublikasının Prezidenti Tomislav Nikoliç və xanımı
Dragitsa Nikoliç fevralın 8-də Azərbaycan Diplomatik
Akademiyasında (ADA) olmuşlar.
Akademiyanın rektoru, professor Hafiz Paşayev Serbiya
Prezidentini və xanımını salamlamış, ölkələrimiz
arasındakı əlaqələrin perspektivlərindən danışmışdır.
Bildirilmişdir ki, yaxın vaxtlarda hər iki ölkənin
diplomatik akademiyaları arasında tələbə və müəllim
mübadiləsi aparılacaqdır. Qeyd edilmişdir ki, ADA-da
Serbiyanın məşhur yazıçısı və diplomatı İvo Andriçə həsr
edilmiş "İvo Andriç - yazıçı, yoxsa diplomat" adlı sərgi
xalqlarımız arasında humanitar münasibətlərin daha da
dərinləşməsinə təkan verəcəkdir.
Serbiyanın Prezidenti Tomislav Nikoliç çıxışında dünya
şöhrətli yazıçı İvo Andriçə həsr edilən sərginin
təşkilinə görə minnətdarlığını bildirmişdir. Serbiya
dövlətinin başçısı vurğulamışdır ki, İvo Andriç
ölkəsinin tarixi ilə bağlı insan talelərini və
problemlərini bütün dolğunluğu ilə açmağa imkan verən
epik istedadının gücünə görə Nobel mükafatına layiq
görülmüşdür.
Prezident Tomislav Nikoliç İvo Andriçin ictimai xadim
kimi də böyük nüfuz qazandığını diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, İvo Andriç "Durna körpüsü",
"Travnitska", "Yeni tarixçələr" kimi əsərləri ilə
ədəbiyyat aləminə öz töhfəsini vermişdir. Avropanın
40-dan çox ölkəsində onunla bağlı sərgilər
keçirilmişdir. 2013-cü ildə isə İvo Andriçə həsr edilmiş
ilk sərgi Azərbaycanda təşkil olunmuşdur.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Azərbaycanda
fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri
iştirak etmişlər.
AzərTAc |