Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Fevral 2013 - №5

 

Şamaxı idmanının fəxri

 

Bu yaxınlarda bir şad xəbər Şamaxı pedaqoji ictimaiyyəti və idmançılarının sevincinə səbəb oldu. Belə ki, Şamaxı Rayon Təhsil Şöbəsində 40 ilə yaxın bədən tərbiyəsi və idman üzrə metodist vəzifəsində çalışan vətən təəssübkeşli Əhliman Qəhrəmanov Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi fəxri adına layiq görüldü.

1946-cı il dekabrın 16-da Şamaxı şəhərində anadan olmuş Qəhrəmanov Əhliman Əliş oğlunun həyat yolunun olduqca zəngin, maraqlı və rəngarəng olmasının bir səbəbi uşaqlıqdan taleyini idmana həsr etməsi ilə bağlıdır.

O vaxtlar S.M.Qənizadə adına şəhər 1 nömrəli orta məktəbin VII sinfində oxuyan Ə.Qəhrəmanovun idmana olan marağını hiss edən təcrübəli bədən tərbiyəsi üzrə müəllim-məşqçi Həsənağa Xudaverdiyev onu güləş dərnəyinə cəlb etdi. Gərgin məşqlərdən sonra sərbəst güləş növündə sinif yoldaşlarından seçilən yeniyetmə Əhliman yarışlarda xüsusən fərqlənir, idman dərəcələrini artırır, yeni-yeni uğurlar qazanır.

Çox keçmir ki, gənc Əhliman həyatını birdəfəlik idmana bağlayır. Beləcə gərgin məşqlər, arzu və məqsədlər qol-qanad açır, uğurlara zəmin yaranır.

1966-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun pedaqogika fakültəsinə daxil olmaqla gənc Əhliman üçün böyük arenaya meydan açılır. Əsl həyat da buradan başlanır.

Tələbələrin sərbəst güləş üzrə yarışlarında dəfələrlə 1-ci yer tutan Əhliman Qəhrəmanov 1968-ci ildə SSRİ  idman ustası normasını müvəffəqiyyətlə yerinə yetirir. Bundan sonra gənc Əhliman daha da şöhrətlənir və Şamaxıda məşhur bir idmançı kimi sevilir.

Kənd Könüllü İdman Cəmiyyətində 25 ilə qədər idmanın sərbəst güləş növü ilə məşğul olan Ə.Qəhrəmanov Bakı, Gəncə və Sumqayıt şəhərlərində keçirilən mötəbər yarışlarda 1-3-cü yerləri tutmaqla vətən təəssübkeşli oğul kimi Şamaxı idmanını daha da şöhrətləndirir. Bundan sonra Ə.Qəhrəmanovun idman sorağı SSRİ-nin digər şəhərlərindən gəlməyə başlayır.

Belə ki, tanınmış Azərbaycan idmançısı Ə.Qəhrəmanovun Leninqrad  (indiki Sankt-Peterburq) şəhərində İvan Poddubinin şərəfinə keçirilən yunan-Roma güləşindəki turnirdə mükafatlandırıcı yer tutması və qiymətli mükafat alması onu bir məşhur idmançı kimi təsdiqlədi.

Şamaxıda Əhliman müəllim artıq bir məşqçi kimi gərgin çalışır, gələcəyin məşhur idmançılarını yetişdirməyə ciddi səy göstərir.

O, Şamaxıda adlı-sanlı idmançılar - dünya çempionları Bahadur Mirzəliyev, Telman Xəlilov, Qahir Mahmudov, Telman Məmmədyarov və Qüdrət Məmmədyarov kimi SSRİ idman ustalarının yetişməsində də az əmək sərf etməmişdir.

Əhliman müəllimin həyat salnaməsində 1969-cu ildən pedaqoji fəaliyyətə başladığı Leninabad kənd orta, Şamaxı Kənd Təsərrüfatı, Şamaxı Tibb Texnikumu  və uzun illər şəhər 1 nömrəli orta məktəbində işlədiyi dövrlər tanınmış idmançının ən gözəl, rəngarəng al-əlvan günlərinin müjdəçisi olmuşdur.

Əhliman Qəhrəmanovun tanınmış bir idmançı kimi səs-sorağı rayon rəhbərliyinin diqqətindən yayınmır və o, 1975-ci ildə Şamaxı Rayon Xalq Maarif Şöbəsinə ixtisası üzrə metodist təyin olunub.

Əhliman müəllim həm də ehtiyatda olan zabit kimi 20 ildən çoxdur ki, Şamaxı Rayon Təhsil Şöbəsində çağırışaqədərki və fiziki tərbiyə işlərini əlavə olaraq aparır və gənclərimizin vətənə məhəbbət və hərbi hazırlıq tərbiyəsində xüsusi səy göstərir, təəssübkeş vətən oğlu kimi ümumtəhsil məktəblərində hərbi hazırlıq dərslərinin yüksək səviyyədə tədris edilməsi üçün qüvvə və bacarığını əsirgəmir.

Gözəl insan, pedaqoq Əhliman müəllim hazırlıqlı bir metodist kimi Şamaxıda idman ənənələrinin yaşaması, yeni-yeni qələbələrin əldə edilməsi naminə daima məqsədyönlü tədbirlər həyata keçirmişdir. Belə ki, o, məktəblərdə sadə idman qurğularının yaradılması, müasir tipli idman zallarının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əməli işlər görmüş, məktəblilərin rayon və zona spartakiadalarının mütəşəkkil şəkildə keçirilməsinə nail olmuş, gərgin əməyi sayəsində hərbi hazırlıq müəllimlərinin vaxtaşırı toplantılarını və praktik tədbirlərini həyata keçirmişdir. Həmçinin o, idman müəllimləri və hərbi hazırlıq fənlərini tədris edən və ehtiyatda olan hərbçilərin ixtisasartırma kurslarından vaxtında keçirilməsinə nail olmuş, ixtisası üzrə müəllimlərə lazımi səviyyədə elmi-metodiki köməkliklər göstərmişdir.

Əhliman müəllimin əməyi həmişə yüksək qiymətləndirilib. O, bir çox mükafatlara - diplomlara, fəxri fərmanlara, fəxri adlara layiq görülmüşdür.

Əhliman müəllimi yeni bir fəxri ada - Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi adına layiq görülməsi münasibəti ilə Şamaxı idmançıları çoxsaylı pedaqoji ictimaiyyəti adından ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, ailə xoşbəxtliyi arzusu ilə Şamaxı idmanının tərəqqisi naminə gənc nəslə həmişə yardımçı olmasını istərdik. 

Ədalət MƏMMƏDOV,
Şamaxı RTŞ-ın  aparıcı məsləhətçisi

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov