Fevralın 6-da Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin (MKS) uşaq şöbəsi tərəfindən 177 nömrəli uşaq
bağçasında "Səyyar kitabxana" aksiyası keçirilmişdir.
Kitabxanadan AzərTAc-a bildirmişlər ki, aksiyada MKS-in
uşaq kitab fondundan müxtəlif mövzularda nəşrlər nümayiş
etdirilmiş, uşaqlar üçün maraqlı nağıllar seçilərək
ucadan oxunmuşdur. "Cəsur qarışqa", "Qoca şir", "Ayı
balası" nağılları, rəngarəng şəkilli kitablar uşaqların
marağına səbəb olmuşdur.
Aksiyanın məqsədi kitabxananın fəaliyyətinin
yaxşılaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi və
buraya yeni oxucuların cəlb edilməsidir.
"Səyyar kitabxana" aksiyasının davamlı olaraq Binəqədi
rayonunun digər uşaq bağçalarında da keçirilməsi nəzərdə
tutulmuşdur. |