Tarix humanitar elmlər sırasında mühüm yer tutur. Bu
fənnin müasir tələblər səviyyəsində tədrisi dövlətçilik
tariximizin vacib ənənələrini yaşadır. Tarix fənnini
dərindən öyrənmək, dövlətçilik ruhunda tərbiyə olunmaqla
bərabər, şagirdlərimiz həm də dünya tarixinin əsasları
ilə yaxından tanış olur, ictimai-milli şüurlarını
inkişaf etdirirlər.
Bu yaxınlarda Bakıdakı 163 nömrəli tam orta məktəbdə
tarix fənni üzrə "açıq dərs"lər təşkil olunmuşdu.
Ötən ilin dekabrında məktəbdə keçirilmiş "Azərbaycan
tarixi fənn aylığı" da fənnin tədrisi səviyyəsini
müəyyənləşdirmək, şagirdlərimizdə tarixi biliklərin
gücləndirilməsi və dövlətçilik təfəkkürünün
formalaşdırılması məqsədinə xidmət edirdi. Bu baxımdan
fənnin tədrisi və təşkili sahəsində fəaliyyət göstərən
tarix kabineti və tarix metodbirləşməsinin işi xüsusi
qeyd olunmalıdır.
Məktəbin tarix kabineti müasir təlim texnologiyaları
əsasında qurulmuş, əyani və texniki vasitələrlə kifayət
qədər təchiz olunmuşdur. Bu sahədə kabinetin rəhbəri
Elşad Məmmədovun böyük əməyi vardır. E.Məmmədov həm də
tarix fənni üzrə metodbirləşmənin rəhbəridir. Metodik
vəsaitlərin və fənn proqramlarının müzakirəsi və
təbliği sahəsində belə birləşmələrin əhəmiyyəti
böyükdür.
"Açıq dərs"lərdə məktəbin rəhbərliyi, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin nümayəndəsi və b. iştirak etmişlər.
Əvvəlcə intellektual viktorina keçirilmişdir. Elşad
Məmmədovun təşkilatçılığı ilə yarışlar VII, VIII və IX
sinifləri əhatə etmişdir. Qruplara müxtəlif mövzular
üzrə test-suallar paylanmış və yazılı cavablar
alınmışdır. Sonra yarışın nəticələri müzakirə olunmuş,
şagirdlərə tövsiyələr verilmişdir.
Aylıq ərzində 3 "açıq dərs" dinlənilmişdir. Könül
Səfərovanın IX "a" sinfində keçdiyi "açıq dərs"in
mövzusu "Nadir şah dövlətinin süqutu. Azərbaycan
xanlıqlarının yaranması", Arzu İsgəndərovanın VII "b"
sinfindəki "açıq dərs"inin mövzusu "Azərbaycanda
azadlıq mübarizəsi. Xürrəmilər hərəkatı. Babək", Yeganə
Əsgərovanın VIII "a" sinfində "açıq dərs"inin mövzusu
isə "Azərbaycan Atabəylər dövləti. Azərbaycan
dövlətçilik tarixinin ənənəsi" olmuşdur. Dərslərdə
qruplarla iş formasından istifadə edilmişdir. Dərslər
yüksək səviyyədə aparılmış, mühüm nəticələr əldə
olunmuşdur. Dərslərdə motivasiya, inteqrasiya,
diferensiasiyadan, əyani-texniki vasitələrdən geniş
istifadə olunmuş, şagirdlərə zəngin informativ biliklər
verilmiş, vətənpərvərlik hissi aşılanmışdır. Dərslərin
gedişi lentə alınmış, müzakirəyə təqdim edilmişdir.
Dərslərin gedişi prosesində "Babək" filmindən,
N.Nərimanovun "Nadir şah" faciəsindən, N.Həsənzadənin
"Atabəylər" dramından fraqmentlər verilmiş, eyni zamanda
şagirdlərin iştirakı ilə Arzu İsgəndərovanın apardığı
"açıq dərs"də "Babəkin oğluyla son görüşü" hissəsinə aid
səhnəciklər göstərilmişdir.
Hər bir "açıq dərs"in yekunu olaraq müasir Azərbaycanın
memarı, ümummilli liderimiz Heydər Əliyev və onun
layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin dövlətçilik fəaliyyəti və onların
tarixi xidmətləri yüksək qiymətləndirilmiş, bu barədə
şagirdlərə geniş məlumat verilmişdir.
IX "a" sinfindən İsa Məmmədov, Çilənay Məmmədova,
Vüsalə Daşdəmirova, Murad Hüseynov, Şəbnəm Xudayarlı,
Vüsalə Əliyeva, VII "b" sinfindən Zaur İsayev, Faiq
Canbaxşiyev, Qəndab Nağıyeva, Əvəz Yusifov, VIII "a"
sinfindən Aqil Əlizadə, Nigar İmanova, Allahverdi
İmanov, Şəhla Süleymanova, Cəmil Məmmədli və Ayişə
Quliyeva fəallıq göstərmişlər.
Sonda "açıq dərs"lərin keyfiyyət səviyyəsi barəsində
fikir və mülahizələr bildirilmiş, müəllimlərə müvafiq
tövsiyələr verilmişdir.
Səkinə ƏLİZADƏ,
Bakı Dövlət Universitetinin bakalavrı |