Təbiətin, bəlkə də bütün kainatın ən qiymətli
sirri insanın düşünmək imkanı əldə etməsidir.
İnsanın sinir sisteminin başqa canlıların sinir
sistemindən mühüm üstünlüyü düşünmək və dərk etmək
üstünlüyüdür. Bu imkanı qazandığı gündən insan
bir sıra suallara cavablar axtarmış, müasirləşmiş,
inkişaf edib formalaşmışdır. "Elm" adlı anlayış bəşər
həyatına daxil olan gündən insanlar müxtəlif
düşüncələrlə yaşamışdir. Bu da insanı və cəmiyyəti
təkamülə aparmışdır.
Elmin
imkanı artdıqca keçmişin öyrənilmə dərinliyi artır,
gələcəyə istiqamət, hadisələrin məzmun və
mahiyyətini dərk etmək zəruriyyəti böyük əhəmiyyət
kəsb edir. Cəmiyyət inkişaf etdikcə insanların
informasiya dairəsi genişlənir. Təbii olaraq
öyrənmə və öyrətmə strategiyası müvafiq olaraq
formasını dəyişmiş, daha mütəşəkkil, sistemli
xarakter almışdır. Hazırda Azərbaycanda baş verən
yeni ictimai-siyasi hadisələr, yeni inkişaf yolu
təhsilin yeniləşməsi ehtiyacını daha da
aktuallaşdırmışdır. Bu baxımdan Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli
Kurikulumu) fənlər üzrə ümumi təlimin nəticələrini
(standartlarını) müəyyənləşdirməklə bir növ sistemli
yanaşmada açar rolunu oynadı. Öyrənmək sadəcə üsullar
toplusundan ibarət deyildir. Aparılan araşdırmalar
göstərir ki, dərsin məzmununu əhatə edən və
öyrənilənlərin faydalı şəkildə tətbiq olunduğu dərslər
yaxşı planlaşdırılmış və aydın məqsədi olan fəal
dərslərdir. Belə dərslərdə şagirdlər özlərini yaxşı
ifadə edə və düşündüklərini çox rahat şəkildə səsləndirə
bilirlər.
Tarix hər bir zaman özünə uyğun yeni düşüncə tərzini
yaradır. İnsanın təfəkküründə oyanış təbilini həmişə
zaman özü çalmışdır. XIII əsrdə humanizmə qayıdış
humanitar təfəkkürü formalaşdırıb. XIX əsrdə Allaha
qayıdış Allah fəlsəfəsinin predmeti olub. XX əsrdə çox
oxumaq yox, oxuduğunu anlamaq, dərketmə fəlsəfəsi, XX
əsrin sonu XXI əsrin əvvəlində yaradıcı təfəkkürün
oyanış mərhələsi, XXI əsrdə yaradıcı təfəkkürün
inkişafı fəlsəfəsi formalaşmışdır. Ona görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 17
aprel 2006-cı il tarixli 1414 nömrəli sərəncamı ilə
təsdiq olunmuş "Xüsusi istedada malik uşaqların
yaradıcılıq potensialının inkişafı üzrə Dövlət
Proqramı"nın reallaşması çərçivəsində 2010-cu il
sentyabrın 7-də Lənkəran şəhər 6 nömrəli tam orta
məktəbdə lisey yaradılmışdır. Qeyd olunan sərəncam ölkə
Prezidentinin "Neft kapitalını insan kapitalına
çevirmək" fikrinin təcəssümüdür. Xüsusi istedada malik
şagirdlərin potensial imkanlarının inkişafı
istiqamətində görülən işlər uzaqgörən bir siyasətin
nəticəsidir.
Təhsildə informasiya texnologiyalarının tətbiqi ilə
bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı" bütün
ölkədə olduğu kimi, təhsil ocağımızda da elektron məktəb
layihəsinin reallaşmasına imkan yaratmışdır. Dövlətimiz
bu məqsədlə şagirdlərimizin istifadəsi üçün məktəbə 58
ədəd kompüter, 12 ədəd proyektor və 13 noutbuk dəsti,
30 şagirdə netbuk vermişdir. Nəticədə məktəblərimizdə
kompüter-şagird nisbəti əvvəlki illərə nisbətən artaraq
1:4 nisbətinə çatmışdır. Bütün müəllimlərimiz İKT üzrə
təlim kursundan keçmişdir. Fənlər üzrə elektron tədris
resursları hazırlanmış və istifadə olunmaqdadır. Artıq
respublikamızda "Elektron məktəb" layihəsi
reallaşmışdır. Məktəbimiz İnternetə tam qoşulmuşdur.
Şagirdlərimiz bu imkandan lazımi səviyyədə istifadə
edirlər. Tədris prosesində əldə olunmuş biliklərlə
yanaşı, onlar informasiya təminatının böyük bir
hissəsini İnternetdən alırlar. Müəllimlərimiz İKT
bacarıqlarına yiyələnmək üçün çevik sistem bazasının
yaradılmasına nail olurlar. Hər bir sinif otağı 1
noutbuk və 1 proyektorla təmin edilmişdir. İKT əsaslı
fərdiləşmış təhsilin formalaşdırılması məqsədi ilə "1
şagird-1 kompüter" layihəsinə qoşulmuşuq, növbəti ildə
müsabiqədə iştirakımızın təmin olunmasına çalışarıq.
Lisey siniflərinin hər bir şagirdinə bir netbuk
verilmişdir. Həmin şagirdlər və onların valideynləri
onlara paylanmış istifadəçi adlar, kodlar vasitəsi ilə
şagird gündəlikləri, eyni zamanda jurnaldakı qiymətlərlə
tanış ola bilərlər. Bunun üçün şagird, müəllim və
valideynlərlə maarifləndirmə işi lazımi səviyyədə
aparılmışdır.
2011-2012-ci tədris ilində istedadlı şagirdləri vaxtında
aşkar etmək üçün rayonumuzda seçim tədbirləri təşkil
olunmuşdur. Bu tədbirləri nəticəsində rayon
məktəblərinin 400 nəfərinin içərisindən üç beşinci sinif
təşkil olunmuşdur. Seçim tədbirlərində xüsusi
nailiyyətlərinə görə fərqlənənlərin təltif olunması
üçün fəxri fərmanlar təsis olunmuşdur. Lisey
siniflərinə qəbul imtahanları Təhsil Nazirliyinin
Monitorinq və qiymətləndirmə şöbəsi tərəfindən
keçirilənə qədər məktəbimizdə iki dəfə sınaq
imtahanları aparılmışdır. İstedadlı uşaqları əhatə edən
məlumat bankı yaradılmışdır. Lisey siniflərinin
şəbəkəsinin genişləndirilməsi məqsədi ilə müvafiq işlər
görülmüş, tədris-metodik təminat xeyli
yaxşılaşdırılmışdır. Məqsədimiz istedadlı uşaqlarla iş
sahəsində səmərəli fəaliyyət sisteminin yaradılmasıdır.
Professor Əbdül Əlizadənin təbirincə desək, "XXI
yüzillik ağlın, intellektin təntənəsi əsridir".
Müstəqillik yoluna çıxmış respublikamızın milli mənafeyi
Azərbaycan məktəbinin, ilk növbədə məhz ağıl, intellekt
ocağı olmasını tələb edir. Müasir "məktəb Prometey
missiyasını yerinə yetirir". Bu yanaşma "Elektron
məktəb" sistemində şagirdlərin təfəkkürünə yönəlmiş
təlimin qayəsini təşkil edir. İstedadlı uşaqlar həmişə
dünyanın sirləri ilə köklənmiş həqiqəti axtarırlar.
Onların bu həqiqətə çatmaları üçün məktəb istedadın üzə
çıxarılması, onların intellektual imkanlarının inkişaf
etdirilməsi funksiyasını yerinə yetirməklə yanaşı, həm
də xalqımızın milli mənəvi dəyərlərimizlə bağlı
həqiqətlərin axtarışında bələdçi olmalıdır. Təhsilli
bir cəmiyyətdə biliyi vermək və onu əldə etmək
prosesinə rəhbərlik etməyi öhdəsinə götürən müəllim,
biliyi seçməkdə mütəxəssis olmaq məcburiyyətində
olmalıdır. Bu məqsədlə məktəbdə müəllimlərin "İnkişaf
kartı" yaradılmışdır. Onlar ayda bir dəfə öz
fəaliyyətləri barədə məlumatı məktəb rəhbərliyinin
elektron poçtuna göndərir. Müəllimlərin metodik təminatı
müntəzəm olaraq təkmilləşdirilir. Bu baxımdan məktəbdə
keçirilən tədbirlər istər müəllimlərin, istərsə də
şagirdlərin həyatına yeni yanaşmaların, yeni
kompetensiyaların daxil olmasına geniş imkanlar yaradır.
Təhsil davamlı bir prosesdir. Ölkəmizdə bu proses
yüksələn xətt üzrə inkişaf edir. Təhsilimizdə öyrədici
mühit formalaşmışdır. Daim öyrənən cəmiyyətin müəllimi
ömür boyu şagird olmalıdır. Düşüncənin fəaliyyətə
çevrilməsində texnologiyaların rolu əvəzsiz olsa da,
zaman keçdikcə bu formula yaradıcı düşüncə ilə
təkmilləşdirilir. Bu texnologiyaların tədris prosesinə
tətbiqi tədris prosesinin intensivləşməsində müstəsna
rola malikdir. Bu sahədə toplanmış təcrübəni bölüşmək,
aparılan araşdırmaların nəticələri ilə tanış olmaq
məqsədilə ötən il dekabrın 22-də məktəbimizdə
"Şagirdlərin yaradıcı təfəkkürünün inkişafı problemləri"
üzrə I Respublika elmi-metodiki konfrans keçirilmiş,
konfransda bütün rayon məktəblərinin nümayəndələri,
ADPU-nun dosentləri Fəxrəddin Yusifov və Pəri Paşayeva,
Gəncə, Sumqayıt ŞTŞ-lərinin nümayəndələri iştirak etmiş,
Bakı Avropa Liseyi, Heydər Əliyev adına liseyin
məktəbliləri ilə videobağlantı yaradılmışdır.
Konfransda 20 tədqiqat mövzusunu şagird tədqiqatçılar
təqdim etdilər.Təqdimatlar plenar və bölmə iclaslarında
oldu. Bütün təqdimatlar elektron versiyalarla, elektron
resurslarla təqdim olunurdu. Müzakirələr "Təbiət
elmləri şagirdlərin yaradıcı təfəkkürünün inkişafında",
"Humanitar elmlər şagirdlərin yaradıcı təfəkkürünün
inkişafında", "Yaradıcı təfəkkürə əsaslanan yanaşma",
"Yaradıcı təfəkkürün inkişafında
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi"
bölmələrində davam etdirildi. Şagirdlərimizdən Kənan
Həsənli "Yer kürəsi və ətraf mühitin səs-küylə
çirklənməsi, səsin dünyaya təsiri"mövzusunda, Tünzalə
Mirzəzadə "Azərbaycan neftinin inkişaf mərhələləri",
Leyla Məhərrəmova "Yaşıl gələcək, yaşıllıqlarla
gələcək", Fidan Məhərrəmova "İKT-nin informasiya
mübadiləsində rolu", Sevər Abasova "Ətraf mühitin
tənzimlənməsində su dövranının rolu" mövzularında
təqdimatlar etdilər. Konfransın məqsədi bir tərəfdən
"Elektron məktəb"lərin XXI əsrin tələbindən irəli
gəlməsini göstərmək idisə, digər tərəfdən tədris
prosesini İKT-nin tətbiqi olmadan təsəvvür etməyin
qeyri-mümkünlüyünü, İKT-nin yaradıcı təfəkkürün
inkişafında müstəsna rolunu bir daha göstərmək, o
cümlədən cəmiyyətdə idrakın hissi səviyyədən məntiqi
səviyyəyə keçməsini, təlim prosesinin hədəfi olmasını
əsaslandırmaq idi. Təqdimatların əsas qayəsində həm də
cəmiyyətdə öyrənənlərın öyrədənlərdən daha sürətlə
dəyişməsini və məlumatlı olmasını göstərmək dururdu.
Ona görə də öyrədənlər şagirdlərə ifrat deyil, zəruri
kömək göstərməli, onların nələri öyrəndiklərinə, necə
düşündüklərinə, necə araşdırma apardıqlarına və öyrənmə
prosesində necə ünsiyyətdə olduqlarına daim diqqət
yetirməlidirlər. Bu reallıqlar şagirdlərin artan
tələbatından irəli gəlir. Tədbirin davamında qonaqlar
müxtəlif mövzularda çıxışlar edib, qarşılıqlı fikir
mübadiləsi apardılar.
Məktəbimizdə "Məktəb uşağın dostudur" layihəsi
çərçivəsində kurikulumun tətbiqi vəziyyəti ilə bağlı
"açıq dərs"lər keçirildi. Dərslər yeni fənn
kurikulumunun tətbiq olunduğu ibtidai və beşinci
siniflər daxil olmaqla müəssisəmizin digər siniflərində
təşkil edildi. "Səmərəli məktəb" layihəsi çərçivəsində
Latviya məktəblərinin təəssüratlarına həsr olunmuş
elmi-praktik konfrans keçirildi. Konfransda Lənkəran
ŞTŞ-nin nümayəndələri, həmin layihədə iştirak edən
məktəblərin, Lənkəran şəhər 4 nömrəli məktəbin
müəllimləri iştirak etdilər. Layihə çərçivəsində "açıq
dərs"lərimiz oldu. Tədbirdə və "açıq dərs"lərdə
layihənin rəhbəri Elmina Kazımzadə və Havva Əzizova
iştirak etdilər.
Yeri gəlmişkən qeyd edim ki, 2011-2012-ci tədris ilinin
nəticələrinə əsasən XI sinfi bitirən məzunlarımızın
hamısı tam orta təhsil üzrə attestat almış, 50%-i ali
məktəblərə daxil olmuşdur. Sonda onu da qeyd edim ki,
toxunduğum fikirlərdə XXI əsr təhsilinin əsas hədəfləri
olan elektron təhsili, qiymətləndirmə , şagirdyönümlü
təhsil, yeni təlim texnologiyaları və digər məsələlər
öz əksini tapsa da, müasir düşüncə tərzi baxımından
fikirlərimizin təkmilləşməsinə ehtiyac vardır.
Akif XALIQOV,
Lənkəran şəhər 6 nömrəli tam
orta məktəb-liseyin direktoru |