Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Fevral 2013 - №5

 

Con Gerdonun 50 il gözlədiyi zəng

 

Böyük Britaniyalı alim 2012-ci ildə Nobel mükafatına layiq görüldü 

Orta məktəb müəllimi ona elmlə məşğul olmağı məsləhət görməmişdi. Lakin o, inadkarlığı və gərgin əməyi nəticəsində sevdiyi məşğuliyyətdən və maraq göstərdiyi fəndən uzaqlaşmadı. Elm, bilik yollarında üzləşdiyi çətinliklər, bəzən də ümidsizliyə qapıldığı anlar onu ruhdan sala bilmədi. Və beləcə, britaniyalı Con Gerdon onun müəlliminə  mənasız görünən məşğuliyyəti ilə XX əsr biologiya elmində ən vacib istiqamətlərdən birinə imza ataraq 2012-ci ildə təbabət sahəsində inqilabi işlərinə görə  Nobel mükafatına layiq görüldü. Con Gerdonun həyatı,  məktəb illəri, elmi karyerası olduqca maraqlı və örnək nümunəsidir.  

Müəllimi şagirdinin dahiliyini qiymətləndirə bilməmişdi 

Con Gerdon 1933-cü il oktyabrın 2-də Böyük Britaniyada Dipenxoll şəhərində anadan olub. Orta məktəbdə oxuyarkən sinif müəllimi şagirdinin dahiliyini qiymətləndirə bilməmişdi. Gerdon hələ uşaqlıqdan biologiya fənninə maraq göstərib. O, məktəbdə kəpənəkqurdu yetişdirir və onların böyüyərək kəpənəyə necə çevrilməsini müşahidə edərdi.

Lakin gələcəyin böyük bioloqunun bu həvəsi məktəb müəllimi tərəfindən bəyənilmirdi. Hesabatlarının birində müəllimi Gerdon üçün elmi karyera qurmağın boş yerə vaxt itirmək olduğunu qeyd edir və  ona dərhal bu fikirdən daşınmağı məsləhət görürdü. "O, dərsə qulaq  asmır, bundan əlavə, dərsi öz üsulları  ilə öyrənməkdə israr  edir. Düşünürəm ki, o, alim olmaq istəyir. Onun indiki uğurları nəzərə alınsa, bunu gözləmək  mənasızlıqdır; əgər o, bu gün biologiya fənni üzrə ən elementar bilikləri mənimsəyə bilmirsə, onun mütəxəssis olmaq şansı yoxdur, bütün bunlar onun və eləcə də ona dərs dəyəcək müəllim üçün boş yerə vaxt itirmək olacaq".   Müəlliminin 1949-cu ildə yazmış olduğu bu hesabat hazırda Kembric Gerdon İnstitutunda professor Con Gerdonun masası üzərindədir. Bioloq alim indi bu hesabatı maraqlı xatirə kimi saxlayır.

Öz müəlliminin hesabatını xatırlayan Con Gerdon deyir: "Nə vaxt ki, sənin problemlərin var, məsələn, tez-tez olur ki,  eksperimentlərin baş tutmur, onda öz-üzünə hesabat vermək olar ki, ola bilsin, sən bu işə yaramırsan və müəllimin  yəqin ki, haqlı imiş. Bununla belə, mən bu hadisələrdən heyran  qalmışdım, fikirləşirdim ki,   müəllimim, qismən də olsa, mənim elm yolunu seçməyimə təkan verib".  

Gələcək karyeranı seçmək vaxtı yetişəndə atası Gerdonun orduda xidmət etməsində təkid edib. Lakin səhhətində olan problemlər onun orduda xidmət etməsi planlarını pozub. Baxmayaraq ki, Gerdon idmanı çox sevirdi, ailə həkimi adi soyuqdəyməni bronxit hesab edərək onun hərbi xidmətə getməsini məsləhət görməmişdi.  

Elmi karyerası  

Con Gerdon ilk təhsilini İton Kollecində alıb. Daha sonra Oksford Universitetinin  Krayst-Çerç Kollecinə daxil olub. O, burada ilk vaxtlarda qədim dövrşünaslıqla məşğul olmağa başlayıb, daha sonra isə zoologiyaya meyil edib. Onun PhD elmi dərəcəsi almaq üçün dissertasiya işi mahmız ailəsindən olan qurbağa hüceyrə nüvələrinin  transplantasiyasına həsr olunub. Gerdon elmi fəaliyyətini Kaliforniya Texnologiya İnstitutunda davam etdirib. 1962-1971-ci illərdə Kembric Universitetinin molekulyar biologiya laboratoriyasında işləyib.  1983-cü ildən bu vaxta kimi Kembric Universitetinin zoologiya kafedrasının əməkdaşıdır. 1989-cu ildə Gerdon Kembricdə Onkologiya və Hüceyrə Biologiyası İnstitutu yaradıb, 2001-ci ilə kimi bu elm ocağının rəhbəri olub. 1991-1995-ci ildə o, nüfuzlu Naffild Şurasının bioetika üzrə üzvü, 1994-2002-ci illərdə Kembric Maqdalena Kollecinin magistri olub.

1952-ci ildə 2 amerikalı alim Robert Briqqs və Tomas Kinq uğurla bir qurbağanın yumurta hüceyrəsini digərinin yumurta hüceyrəsinə köçürə bilmişdilər. Nəticədə normal  çömçəquyruqlar yetişmişdi. Bu elmi sensasiya idi - bəşər tarixində ilk dəfə olaraq canlı orqanizm  klonlaşdırılmışdı.

1958-ci ildə Okfsord Universitetində işləyərkən Gerdon çömçəquyruqların intakt hüceyrə nüvəsinin iştirakı ilə qurbağaların uğurlu klonlaşdırılmasını həyata keçirib. Bu iş Briqqs və Kinq tərəfindən blastula (çoxhüceyrəli orqanizmlərin rüşeyminin inkişafında toxumun parçalanması prosesini tamamlayan dövr) hüceyrə nüvələrinin transplantasiyası  üzrə aparılmış işlərin uğurlu və çox əhəmiyyətli davamı idi. Artıq heç kimin tanımadığı bir aspirantın əlində elmin nəhəng sahəsinə açar var idi. Bütün yaşlı qurbağalar mutant idilər. Bu, sübut edirdi ki, yaşlı orqanizmin bütün  hüceyrələrində genetik informasiya dəyişilməz olaraq  qorunmaqdadır. Bundan əlavə, düzgün mühit bütün orqanizmin, bütün növ hüceyrələrin yaradılması üçün işləyə bilər. 80 yaşlı alim  hələ 1962-ci ildə müəyyən etmişdi ki, orqanizmin hüceyrələrinin funksiyası dəyişə bilər və yetkin hüceyrənin DNT-də orqanizmin bütün toxumalarının formalaşması üçün hər cür lazımi informasiya vardır. C.Gerdon qurbağanın nüvəsi dağıdılmış  yumurta hüceyrəsinə çömçəquyruğun  yetkin  hüceyrəsinin nüvəsini köçürüb. Çoxsaylı tədqiqatlardan sonra alınan nəticələrdə həmin yumurta hüceyrəsindən sağlam çömçəquyruq  əmələ gəlir, sonra isə yetkin qurbağaya çevrilir.

1962-ci ildə Con Gerdon əldə etdiyi nəticələri dərc etdirməyə qərar verib. Bu nəticələr elmi ictimaiyyətin olduqca skeptik reaksiyası ilə üzləşib. Məsələ onda idi ki, aspirant artıq elm aləmi üçün klassik olan Briqq və Kinqi təkzib edirdi. Lakin dahi alimləri böyük inadkarlıq fərqləndirir. Gerdon daha 10 il saysız-hesabsız eksperimentlər apardı və nəticədə elmi elitanın diqqəti artıq onun xeyrinə dəyişdi.

Gerdonun eksperimentlərinin nəticələri  tez bir vaxtda  elm ictimaiyyətinin diqqətini cəlb etdi, onun işləyib hazırladığı metodlardan isə bu vaxta kimi istifadə olunur. 1963-cü ildə britaniyalı bioloq Con Xoldeyn Gerdonun apardığı eksperimentlərin nəticələrini şərh edərkən ilk dəfə olaraq canlılara münasibətdə "klon" terminini işlədib. Gerdon ilk dəfə olaraq DNT-lərin transplantasiyasında qurbağa hüceyrələrindən istifadə edib. 1971-ci ildə Gerdon London Kral Cəmiyyətinin üzvü seçilib. 1995-ci ildə o, cəngavər titulu ilə şərəfləndirilib. 2004-cü ildə  Wellcome Trust və Cancer Research UK təşkilatlarının himayəsində olan Hüceyrə Biologiyası və Onkologiya İnstitutu alimin şərəfinə (dünyada ilk hadisə) Gerdon İnstitutu adlandırılmağa başlayıb. 1989-cu ildə Gerdon tibb sahəsində  Vulf, 2009-cu ildə Lasker mükafatı (bu, "Amerika Nobel mükafatı" da adlandırılır) alıb.  2012-ci ildə isə Nobel mükafatına layiq görülüb.  

Elmdə uğur əldə etməyin sirri 

Con Gerdonun elm yolu bir sıra uğursuzluqlar və ona mənasız görünən məşğələlərdən imtina edilməsindən ibarətdir.  Lakin elm tarixində ən mühüm hadisələrdən biri məhz bu "uğursuz" məşğələlərin birində öz inkişaf mənbəyini tapıb.

Gerdon məktəb illərini belə xatırlayır: "Bizim dövrdə hətta dərslik belə yox idi. 60 yaşlı müəllimimiz bizə sadəcə ucadan hansısa materialı oxuyurdu. O biri gün isə oxuduğu material üzrə bizə 50 sualdan ibarət test verərdi. Mən qəti olaraq onları yadda saxlaya bilmirdim". 

Təbiət elmləri sahəsində özünü göstərə bilməyən Gerdon kursun sonunda humanitar bölməyə keçirilib. Gerdonun  latın  və yunan dilləri sahəsində bilikləri o qədər də dəhşətli vəziyyətdə deyildi, baxmayaraq ki, o, bu sahədə də öyünə bilməzdi.  Tezliklə anasının -  məktəbin bədən tərbiyəsi müəlliminin müdaxiləsi ilə vəziyyət dəyişib.

"Mənim anam hədsiz dərəcədə ağıllı və həssas insan idi. O görürdü ki, mənim əsl marağım yalnız məktəbdə yetişdirdiyim kəpənəkqurdlarıdır; mən 6 yaşımdan həşəratlar, əsasən də kəpənəklər yığırdım. Həşəratların inkişafı, bir pillədən digərinə sirli keçidi, məni həmişə, bu günə qədər də  ovsunlayıb",-deyə Gerdon xatırlayırdı. Valideynləri əlavə pul ödəməklə Gerdonun fərdi qaydada daha bir il ərzində əlavə təhsil almasına nail olublar ki, o,  Oksford Universitetinə daxil ola bilsin.  "Bilmirəm, bugünkü təhsil sistemində mən tab gətirə bilərdim, ya yox"-deyə Gerdon bildirirdi.  Lakin o illərdə çox  şey  mümkün idi: ona qeyri-formal qaydada bir il dərs almağa imkan veriblər. O, sessiyanı təhvil verməyə və zoologiya kursuna qəbul olunmağa müvəffəq olub.   Lakin təhsil dövrü çox çətin idi. O vaxtlarda zooloqları  elmi eksperimentlər aparmağa az öyrədirdilər.  Tələbələrdən daha çox  dinozavrların saysız-hesabsız sümüklərinin adlarını söyləmələri tələb olunurdu. Gerdon zoologiya üzrə aspiranturaya daxil olmağa cəhd edib, lakin onu qəbul etməyiblər.  Bir az sonra isə tale onun üzünə gülüb. Onu embriologiya  üzrə professor Maykl Fişenberq aspiranturaya dəvət edib. Tədqiqat işi eksperimental və novatorluğu ilə seçilirdi və Gerdon çox fəal surətdə bu elmi tədqiqatlara qoşulub.  "Tezliklə mən indi gördüyüm işlərlə tam əhatə olundum", - deyən Gerdon artıq 4 aydan sonra qurbağa hüceyrə nüvəsi ilə eksperimentlər aparmağa başlayıb ki, bununla da elmdə tam bir elmi istiqamətin əsası qoyulub.

Lakin Gerdon qoyduğu təcrübələrin elmi nəticələrini qiymətləndirə bilmirdi. Öz təcrübələrinin nəticələrini görməmiş o, hövsələsizlik göstərərək bir daha onun üçün maraqlı olmayan sahə ilə məşğul olduğunu etiraf edib. Onun elmi rəhbəri Maykl Fişenberq Gerdonu eksperimental genetikanın ən müasir metodları sahəsində bilik əldə etməsi üçün ABŞ-a göndərib.  "Orada (ABŞ-da) mənə dedilər ki, əgər mən bu sahədə, ümumiyyətlə heç nə düşünə bilmirəmsə, onda araşdırmalara başlamağa heç  dəyməz",-deyə Gerdon xatırlayırdı. Amerikadan əliboş qayıdan Gerdon öz iş yerinə baş çəkib.  O, Amerika səfərindən əvvəl qoyduğu çömçəquyruqların artıq yetkin qurbağalara çevrildiyini və onların özlərinin də çoxaldığını müşahidə edib. Onların hüceyrələrinin analizi göstərmişdi ki, Gerdon çox parlaq elmi kəşfə imza atıb: 50 ildən sonra bu iş təbabətin ən əsas sahələrindən birinə çevrilib.  Məhz bu iş onun müəllifinə Nobel mükafatı qazandırıb.  

Nobel mükafatına layiq görülməsini təəccüblə qarşıladı  

O bu zəngi düz 50 il idi ki, gözləyirdi. 2012-ci il oktyabrın 8-də  bazar ertəsi  Con Gerdon həmişə olduğu kimi səhər tezdən laboratoriyaya gəldi. Həmkarları və iş yoldaşları işə gələnə qədər bir sıra əlyazmaları gözdən keçirmək onun ən çox sevdiyi məşğuliyyətdir. Birdən laboratoriyaya olan telefon zəngi Gerdona hələ 50 il əvvəl aspirant olan zamanı gördüyü və yüzlərlə tədqiqatçının istinad etdiyi elmi işə görə Nobel mükafatının verilməsi barədə xoş  xəbər verdi. Bu illər ərzində Gerdon dəfələrlə bu məzmunlu, lakin yalan telefon xəbərləri dinləmişdi. Lakin bu dəfə İsveçdən (Nobel Mükafatları Komitəsindən) olan səs tam ciddi idi.  Xəbərdə bildirilirdi ki,  2012-ci il fiziologiya və tibb sahəsində Nobel mükafatı  britaniyalı hüceyrə biologiyası üzrə mütəxəssis Con Gerdon və yaponiyalı alim Sinya Yamanakaya yetkin hüceyrələri uğurla  gövdə hüceyrələrinə yenidən proqramlaşdırdıqlarına görə təqdim olunub.    Con Gerdon Nobel mükafatına layiq görülməsini təəccüblə qarşılamışdı. Dolli quzularını dünyada ilk dəfə klonlaşdırmış Yan Vilmut xəbəri məmnunluqla qarşılayaraq bildirib ki, nəhayət, Nobel komissiyası Gerdonun təcrübələrinin novatorluğunu tanıyıb və bərpa təbabəti üçün onun kəşfinin əhəmiyyətini qiymətləndirib. Böyük Britaniyadakı Parkinson Xəstəlikləri Tədqiqatları Mərkəzinin direktoru Kiran Brin hesab edir ki, Gerdonun işləri nəticəsində biz Parkinson kimi ağır xəstəlikləri müalicə edə və bütün dünyada milyonlarla insanın həyatını dəyişə  biləcəyik. London Universitet Kollecinin professoru Con Xaridi yazırdı: "Düşünürəm ki, biologiya ilə məşğul olan və xəstəliklərin mexanizmini başa düşməyə çalışan hər kəs Nobel komitəsinin bu gözəl və çox düzgün qərarını alqışlayacaq".

Yeri gəlmişkən, Gerdon sübut edə bilmişdi ki, hüceyrələrin əksəriyyəti bütün orqanizmin inkişafı üçün zəruri olan bütün informasiyaları qoruyub saxlayır. Gerdona qədər embriologiyada belə bir fikir hökm sürürdü ki, əzələ hüceyrəsi sona kimi əzələ, dəri hüceyrələri dəri və digərləri də dəyişməz olaraq qalacaq.

Gerdonun ötən əsrin 60-cı illərinin  əvvəllərində qurbağalar üzərində apardığı tədqiqatlar  canlıların klonlaşdırılması sahəsində eksperimentlərin başlanğıcı hesab olunur. 

Nobel Mükafatları Komitəsinin təqdimatında qeyd olunurdu ki, Gerdonun kəşfi "bizim orqanizmimizdə hüceyrələrin inkişafına dair bu günə qədər mövcud olmuş baxışları tam dəyişib".  Nobel mükafatının təqdimolunma mərasimində Gerdon bunları demişdi: "Mən və Sinya Yamanaka heç vaxt birlikdə işləməmişik. Yamanaka mənim tədqiqatlara başladığım ildə anadan olub. Lakin biz ümid edirik ki, elmi töhfəmiz insanların əzablarını yüngülləşdirəcək". Gerdon əmin olduğunu bildirib ki, hazırladıqları metodlar insanlara bir növ yeni genetik hüceyrələr əldə etməyə, xəstəliyə və ya yaşa görə sıradan çıxmış hüceyrələri dəyişməyə  imkan verəcək.  Professor Yamanaka Nobel mükafatının onun üçün böyük fəxr olduğunu deməklə bərabər əlavə edib ki, "Gerdon olmasaydı, mən bu mükafatı ala bilməzdim".

Hələ 1999-cu ildə Science jurnalı gövdə hüceyrələrinin kəşfini  DNT-nin ikiqat spiralının şifrəsinin oxunması  və "İnsan genomu" proqramından sonra biologiya elmində üçüncü ən əhəmiyyətli hadisə adlandırmışdı.

Gövdə hüceyrələrinin əldə olunmasının birbaşa yolu, məlum olduğu kimi, embrionlardan istifadə olunmasıdır, lakin bu cür yanaşma etik problemlər üzündən mürəkkəb məsələdir.  Lakin Gerdon və yaponiyalı bioloq Sinya  Yamanakanın işləyib hazırladıqları metod insanın gövdə hüceyrələrinin  emrionlardan deyil, İPS -hüceyrə adlandırılan gövdə hüceyrələrindən əldə olunmasına əsaslanıb. Bir sıra ekspertlər hesab edirlər ki, Gerdonun və Yamanakanın metodlarının köməyi ilə gövdə hüceyrələrinin qeyri-məhdud ehtiyatını yaratmaq olar. Onların əsasında isə bu və ya digər orqan toxumasını əldə etmək olar. Bu isə transplantologiya elmində əsl inqilabdır. 

Gerdonun kəşfinin çox  qısaca mahiyyəti bundan ibarətdir ki, yaşlı orqanizmin bütün hüceyrələrinin nüvəsi eyni informasiyalara malikdir. Məsələn, ürək əzələsi neyronlardan yalnız bununla fərqlənir k, onlarda müxtəlif genlər işləyir, lakin  genlərin ümumi toplusu eynidir. "Yaşlı" hüceyrələrdən nüvənin yumurta hüceyrəsinə köçürülməsi nüvəni embrional, ilkin vəziyyətə gətirib. 50 il keçəndən sonra alimlər daha  zərif prosedurlar vasitəsi ilə yaşlı hüceyrələri artıq insan embrionlarına çevirməyi, onları istənilən miqdarda yetişdirməyi və istənilən yaşlı hüceyrəyə çevirməyi  öyrəniblər. Bu isə hazırda tibbi  tədqiqatlarda əhəmiyyətli   istiqamət hesab olunur.

Alimlər ümid edirlər ki, bu yolla qeyri-məhdud miqdarda "əvəz oluna bilən" hüceyrələr yetişdirməyi öyrənə biləcəklər. Bu isə infarktdan sonra ürəyin  bərpa olunmasına imkan verəcək.  "Geriyə baxdıqda mən o vaxtkı aspirant işimi həyatımın ən mühüm uğuru hesab edirəm", - deyə Gerdon bildirir.  

İnsanın klonlaşdırılması artıq 2060-cı ildə reallıq olacaq 

Yetkin hüceyrələri müvəffəqiyyətlə gövdə hüceyrələrinə yenidən  proqramlaşdırmağa nail olan alimlər qeyd ediblər ki, apardıqları elmi araşdırmaların məqsədi insan üçün onun dəri və qan hüceyrələrindən ehtiyat ürək, beyin və digər orqanların hissələrini yaratmaqdan ibarətdir. Onların qənaətincə, bu yolla  bir çox xəstəlikləri, o cümlədən ürək-damar, bir çox irsi və Alzheimer sindromu kimi ağır xəstəliklərin qarşısını almaq və  müalicə etmək mümkündür.  "Bizim son hədəfimiz yaşlı insanın bütün növ hüceyrələrinin dəyişdirilməsi imkanlarına nail olmaqdır. Biz, məsələn, ehtiyat ürək və ya dəridən beyin hüceyrəsi və ya qan hüceyrəsi almaq üsullarını tapmaq istərdik", - deyə Gerdon bildirir.

Ötən ilin sonlarında İspaniyanın Corriere della Sera qəzetində dərc olunmuş məqaləsində Gerdon yazırdı ki, insanın klonlaşdırılması artıq 2060-cı ildə reallıq olacaq. Nobel laureatı əmin olduğunu bildirib ki, əgər söhbət faciəli şəkildə həlak olmuş övladın valideynlərinə qaytarılması və ya ciddi patologiyaların müalicəsindən gedirsə, onda bəşəriyyət təhlükəsiz  klonlaşdırma metodlarını qəbul etməyə tezliklə razılıq verəcək. Onun sözlərinə görə, klonun yaradılması üçün ana yumurta hüceyrəsi  və həlak olmuş uşağın müəyyən miqdarda epitel hüceyrəsinin olması kifayət edəcək.   "Bəziləri insan varlıqlarının klonlaşdırılmasını hardasa gözəl hesab edir, digərləri isə bunun qorxulu olduğunu  qəbul edir, lakin bir şey aydındır - bu, elmi fantastika deyil". Alim qeyd edib ki, reproduktiv klonlaşdırma çoxsaylı problemlərlə, xüsusən də anomaliyalarla bağlıdır, terapevtik klonlaşdırma isə bəşəriyyətə daha çox imkanlar yarada bilər.  Gerdon klonlaşdırma mexanizminin heç də mürəkkəb olmadığını bildirib. "Burada söhbət  artıq təbiətin əvvəl yaratdığı varlığın sadə surətinin əldə olunmasından gedir".

Nobel laureatının uşaqlara nəsihəti 

Bu gün alim Kembricdə onun adını daşıyan Gerdon İnstitutuna rəhbərlik edir. Onun son tədqiqatları  hüceyrələrarası siqnal faktorlarının analizinə həsr olunub. Tam istisna bir haldır ki, bu elmi tədqiqat ocağı alimin sağlığında onun adını daşıyır. Bu insanın  ətrafdakılara qarşı tamamilə özünə xas olan münasibəti var. Onun  tələbələrə oxuduğu mühazirələr aydınlıq, məntiqi şəffaflıq nümunəsidir. "Məsələ ondadır ki, mən özüm də mürəkkəb şeyləri başa düşmürəm, buna görə də istər eksperimentlərimdə, istərsə də tələbələrə oxuduğum mühazirə materiallarında həddən artıq sadəliyə can atıram", - deyə Gerdon bildirir.  

Alimin rəhbərlik etdiyi tədqiqat mərkəzi digər bir özəlliyi ilə seçilir.  Elmin tamamilə xüsusiləşdirilmiş sahələri ilə  məşğul olan alimləri bu instituta işə qəbul etmirlər. "Biz hər hansı sahənin bizdə təmsil olunması naminə yeni istiqamətlərə başlamaq istəmirik. Biz həmişə mövcud olan nailiyyətləri inkişaf etdirməyə üstünlük veririk. Biz əməkdaşlığa  inanırıq və istəyirik ki, yeni laboratoriyalar köhnələrlə əlaqəli işləsinlər".    Nə qədər qeyri-tipik hal olsa da, Gerdon  bu işi özünəməxsus edir.   Alimin uşaqlara və onların valideynlərinə tövsiyəsi də var. "Uşaqlara və valideynlərə üz tutaraq demək istəyirəm ki, ən vacibi sizə həqiqətən maraqlı olan bir şeyi tapmaq və bu maraq arxasınca getməkdir".    

Hazırladı: Oruc MUSTAFAYEV 

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov