İnsanlar arasında ünsiyyət vasitəsi olan dil insan
cəmiyyəti yarananda formalaşmağa başlamışdır. Cəmiyyət
dəyişib, təkmilləşdikcə, dil də yeni-yeni ifadələrlə
təkmilləşir və inkişaf edir.
Hər bir xalqın özünəməxsus ən qiymətli sərvəti onun
doğma dilidir. Xalqımızın dövlət dili türk dilləri
ailəsinin cənub-qərb qrupuna daxil olan Azərbaycan
dilidir. Azərbaycan dilinin dövlət statusu almasında,
qorunub saxlanmasında, bu günə mükəmməl şəkildə
çatdırılmasında ümummilli liderimiz Heydər Əliyevin
əvəzsiz xidmətləri olmuşdur. Məhz dahi rəhbərin
uzaqgörən siyasəti nəticəsində qəbul edilən Azərbaycan
Respublikasının Konstitusiyasının 21-ci maddəsində
deyilir: "Azərbaycan Respublikasının dövlət dili
Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan
dilinin inkişafını təmin edir".
Bu dil babalarımızın bizə əmanət qoyub getdiyi: -
tarixin çətin sınaqlarından uğurla çıxmış əzəli və əbədi
əmanətidir. Bizim dilimiz ahəngdar, axarlı və çox şirin
dildir. Dilimiz dünya xalqları dilləri içərisində ən
qədim dillərdən biridir.
Nizamini böyük mütəfəkkir, dahi Füzulini ürəkləri fəth
edən həzin bir kaman, M.F.Axundovu məsləkindən dönməz
filosof, Sabiri şeir, sənət fədaisi, Mirzə Cəlili
bənzərsiz realist kimi bizə sevdirən məhz doğma
dilimizdir. Bu dilin sorağı Azıx mağarasının
dərinliklərindən, Şumer ellərindən, "Nizamidən,
Xətaidən"..., Qafqazın ən uca zirvələrindən gəlir. XV
əsrdə Şah İsmayıl Xətai indiki Azərbaycan ərazisindən 70
dəfə böyük olan ərazidə bu dili dövlət dili elan
etmişdi.
Ananın südü insanın pərvərişinin əsası olduğu kimi,
anamızın dili də ruhumuzun, mənəviyyatımızın,
kamilliyimizin qidasıdır. Hər bir azərbaycanlı ana
dilimizi mükəmməl bilməli, onu göz bəbəyi kimi
qorumalıdır. İnsanın öz ana dilinə münasibəti onun
mənəvi səviyyəsini, vətəndaşlıq qayəsini müəyyən edir.
Azərbaycan dilini sevmədən bu gözəl torpağımızı sevmək
mümkün deyil. Dili bilmək azdır, dilimizin bütün
imkanlarını duyub, hiss etmək, nitqdə, yazıda istifadə
etmək lazımdır.
Öz dilini bilməyən, bilib danışmağı özünə sığışdırmayan
insanları heç bir xalqa, heç bir millətə aid etmək
olmaz. Ulu öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi dövrdə dilimizin qorunub saxlanmasında, dövlət
dilinə çevrilməsində misilsiz xidmətlər göstərmişdir.
İlk dəfə Naxçıvanda ay-ulduzlu, üçrəngli bayrağımızı
qaldıran həmişəyaşar Prezidentimiz dilimizin qarşısında
da yaşıl işıq yandırmışdır. Ümummilli liderimiz
demişdir: "Azərbaycan dili çox ahəngdar, zəngin dildir.
Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə
danışmağımla fəxr edirəm". Ulu öndərimizin çıxışlarına,
məruzələrinə, xalq arasında söhbətlərinə qulaq asdıqca
elə səlis, gözəl, rəngarəng sözlərə rast gəlirik ki, ana
dilimizin sehrinə heyran qalırıq. Çoxlu dil bilməsinə
baxmayaraq, təmiz Azərbaycan dilində danışan, nitqinə
başqa dillərdən söz qatmayan, fenomen yaddaşa malik dahi
şəxsiyyət məhz ulu öndərimiz olmuşdur.
Azərbaycan dili bizim maddi, mənəvi sərvətlərimizin
"açarı"dır. Başqa xalqların görkəmli şəxsiyyətləri də
bizim dilə layiqli qiymət vermişlər. Böyük rus şairi
M.Y.Lermontov Qafqazda Azərbaycan dilinin rolunu
Avropada fransız dilinin rolu ilə eyniləşdirmişdir.
Xalqımızın hər bir vətəndaşı ulu babalarımızdan bizə
miras qalan, zamanın süzgəcindən keçib, durulub
müqəddəsləşən ana dilimizi ömrü boyu öyrənməli, bu dili
yeni-yeni sözlərlə zənginləşdirməlidir. Hər kəs
bilməlidir ki, bizim danışıq dilimiz təmsil etdiyimiz,
torpağı üstündə yaşadığımız, suyundan içdiyimiz,
xalqımızın, dövlətimizin dilidir. Dilimizi yad
kəlmələrdən, yabançı ünsürlərdən, hətta alimlərimizin
belə çətinliklə dediyi terminlərdən qorumaq, onu
yaşatmaq, bir qədər də təkmilləşdirib gələcək nəsillərə
çatdırmaq, hətta beynəlxalq danışıq dilləri səviyyəsinə
yüksəltmək bizim vətəndaşlıq borcumuzdur.
Xalqın əqlini, hikmətini, bizim ruhumuzu,
qəhrəmanlığımızı, məğrurluğumuzu özündə əks etdirən hər
bir kəs, dilimizin dadını, duzunu, şəkərini duymaq
istəyənlər dilimizi daha dərindən öyrənsinlər və onu
sevsinlər.
Ana südü qədər təmiz, vətən torpağı kimi barlı,
bərəkətli, dağlarımız qədər vüqarlı, durna gözlü
bulaqlarımızın suyu kimi şəffaf olan dilimizi qoruyaq və
yaşadaq.
Yunis QULİYEV,
Şahbuz rayonundakı A.Quliyev
adına Kükü kənd tam orta
məktəbinin ali dərəcəli müəllimi,
Bənövşə AFƏTLİ,
həmin məktəbin XI sinif şagirdi |