Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Fevral 2013 - №5

 

"Kurikulumun öyrənilməsi, tətbiqi və məktəbdə psixoloji xidmətin aktual problemləri" müzakirə olunub

 

Yanvarın 31-də Naxçıvan MR Təhsil Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutu Şərur Rayon Təhsil Şöbəsi ilə birlikdə rayonun Tumaslı kənd tam orta məktəbində "Kurikulumun öyrənilməsi, tətbiqi və məktəbdə psixoloji xidmətin aktual problemləri" mövzusunda elmi-praktik konfrans keçirmişlər.

Konfransı giriş sözü ilə açan Şərur Rayon Təhsil Şöbəsinin müdiri Yaqub Tağıyev bildirmişdir ki, son dörd il rayonumuzun ümumtəhsil məktəblərində kurikulumun tətbiqi ilə bağlı bir çox mühüm hadisələrlə zəngin olmuşdur. Kurikulumlarla dərslərin tədrisi sahəsində hazırda özünü göstərən irəliləyişlər həm müəllimlərin, məktəb rəhbərlərinin, həm də şöbəmizin və Təhsil Nazirliyi işçilərinin birgə əməyinin nəticəsidir. Onu da qeyd etmək istəyirəm ki, təhsil islahatlarının tələblərinə cavab verən yeni baxışlı müəllimlərin hazırlanmasında Naxçıvan Müəllimlər İnstitutunun da böyük rolu vardır. Məktəb psixoloqlarının kurslara cəlb edilməsi, onlarla aparılan işlər mahiyyət etibarı ilə yenidir. Onlar kurslarda öyrəndiklərindən, əldə etdikləri vəsaitləri işlərində istifadə edirlər. Ümumiyyətlə, tədbirlərin keçirilməsi, qarşılıqlı fikir mübadilələri, yerlərdə keçirilən görüşlər məktəb işinin düzgün qurulmasına, dövlətimizin təhsillə bağlı qarşıya qoyduğu tələblərin həyata keçirilməsinə xidmət edir.

"Məktəbdə psixoloji xidmətin aktual problemləri" mövzusunda çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli qeyd etdi ki, ümumtəhsil məktəblərinin vəzifəsi və məqsədi təhsil alanların ayrı-ayrı fənlər üzrə bilik və bacarıqlarının formalaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını təmin etməkdən və onları psixoloji baxımdan gələcəyin əsl vətəndaşı kimi hazırlamaqdan ibarətdir. Bu gün yetişməkdə olan nəslin inkişafını, tərbiyəsini düzgün təşkil etmək, sürətlə artan elmi-texniki yeniliklərin əsaslarını onlara mənimsətmək üçün uşaqların dərketmə imkanlarını, idrak proseslərinin inkişaf qanunauyğunluqlarını və bu prosesin necə aşılanması və tərbiyə edilməsini bilmək zəruridir.

Təhsil islahatının həyata keçirilməsində məktəb psixoloqlarının da üzərinə böyük və məsuliyyətli vəzifə düşür. Əsl vətəndaş yetirmək, cəmiyyətimizin gələcək qurucularını düzgün formalaşdırmaq üçün Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları olaraq məktəblərimizə, müəllimlərimizə, eləcə də məktəb psixoloqlarına hərtərəfli kömək göstərməyə daim hazırıq.

Naxçıvan MR Təhsil Nazirliyinin sektor müdiri Rəşad Əlizadə çıxışında kurikulum   və məktəbdə psixoloji xidmət işinin təşkili ilə bağlı görülən işlərdən, qarşıda duran vəzifələrdən danışdı.

Sonra elmi-praktik konfrans öz işini iki bölmədə davam etdirdi.

Naxçıvan Müəllimlər İnstitutunun xarici əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Həsənəli Eyvazlı, institutun metodisti Məsim Tarverdiyev, Kurikulum Mərkəzinin müdiri Rafiq Hüseynov və Şərur Rayon Təhsil Şöbəsinin  metodisti Çinarə Məmmədova bölmələrdə çıxış edərək problemlərin həlli yollarından danışmışlar. Sonda elmi-praktik konfrans iştirakçılarına kurikulumun öyrənilməsi, tətbiqi və məktəbdə psixoloji xidmətin təşkili ilə bağlı yazılı materiallar və elektron SD-lər verilmişdir. 

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov