1996-cı
il fevral ayının 2-də ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə Bakıda müstəqil Azərbaycan Respublikası
gənclərinin I Forumu keçirildi. Həmin günün əhəmiyyətini
nəzərə alaraq, 2 fevral tarixi Azərbaycan Gəncləri Günü
kimi elan edilərək milli tariximizə yazıldı. O vaxtdan
başlayaraq hər il Azərbaycan Gəncləri Gününün
respublikada geniş şəkildə qeyd olunması məqsədilə
müxtəlif tədbirlər həyata keçirilir.
2013-cü ildə də gənclərin iştirakı ilə bir sıra
tədbirlər həyata keçirildi. Bu tarixi günün gənclər
arasında geniş şəkildə qeyd olunması məqsədilə təşkil
edilmiş tədbirlər fevralın 2-də Buta Palasda keçirilən
yaradıcı gənclərin mükafatlandırılması mərasimi ilə
yekunlaşdı. Qeyd edək ki, hər il 2 fevral - Azərbaycan
Gəncləri Günü ərəfəsində elm, texnika, təhsil,
mədəniyyət və incəsənət sahəsində nailiyyətlər qazanmış,
respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil
etmiş istedadlı və yaradıcı gənclər Gənclər və İdman
Nazirliyi tərəfindən təsis edilmiş "Gənclər mükafatı"
ilə təltif edilir.
2012-ci ildəki uğurlu fəaliyyətinə görə bir sıra gənclər
və tələbə gənclər təşkilatları da təltif olundu.
Fevralın 2-də Azərbaycan Müəllimlər İnstitutunun (AMİ)
Tələbə Gənclər Təşkilatı (TGT) 2012-ci ildəki uğurlu
fəaliyyətinə görə gənclər və idman naziri Azad Rəhimov
tərəfindən diplomla təltif olundu. Diplom AMİ-nin Tələbə
Gənclər Təşkilatının sədri Nərmin Ərəbliyə təqdim
edildi.
Qeyd edək ki, AMİ-nin TGT 2005-ci ildə təsis edilmişdir.
TGT ümumi maraqlar və könüllülük prinsipi əsasında
birləşən tələbələrin ictimai həyatda fəal iştirakını
təmin edir. Azərbaycan Müəllimlər İnstitutunun gənc
tələbələrinin bütün təşəbbüsləri institutun rektoru,
Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı
tərəfindən daim dəstəklənir və onların fəaliyyəti üçün
geniş şərait yaradılır.
Son bir ildə AMİ TGT-nin təşkilatçılığı ilə
tələbələrimiz ali məktəb tələbələri arasında,
institutdaxili müsabiqələrin, bir neçə intellektual və
idman yarışının keçirilməsində, eləcə də müxtəlif
respublika, şəhər və rayon tədbirlərində çox fəal
iştirak edib, diplom və fəxri fərmanlarla təltif olunub.
Təşkilatın yeni strukturuna əsasən Elm və təhsil, İdman,
İctimaiyyətlə əlaqələr, Beynəlxalq əlaqələr, İnsan
resursları departamentləri, Ekoklub, Ümumi şöbə
yaradılıb. Tələbə dostlarımıza yeni-yeni nailiyyətlər
arzulayırıq.
AMİ-nin Tələbə Gənclər Təşkilatı |