Azərbaycan
Diplomatik Akademiyasının (ADA) rektoru, xarici işlər
nazirinin müavini Hafiz Paşayevin başçılıq etdiyi
nümayəndə heyəti Koreya Respublikasında və Sinqapurda
səfərdə olmuşdur.
Akademiyanın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər
ki, ADA-nın prorektoru Fariz İsmayılzadə, İctimai və
beynəlxalq münasibətlər məktəbinin dekanı Anar Vəliyev,
Humanitar və dəqiq elmlər məktəbinin dekanı Vəfa Kazdal
və ali təhsil müəssisəsinin müşaviri Lu Qudman nümayəndə
heyətinin tərkibində olmuşlar.
Bir həftəlik səfərin məqsədi Asiyanın aparıcı
universitetləri və ADA arasında əlaqələrin inkişafı ilə
bağlı məsələlərin müzakirə edilməsi olmuşdur.
Səfər çərçivəsində Koreyanın paytaxtı Seul şəhərində
fəaliyyət göstərən Xarici Araşdırmalar üzrə Hankuk
Universitetində görüş keçirilmişdir. Ötən ilin
oktyabrında ADA ilə Hankuk Universiteti arasında
imzalanmış Anlaşma Memorandumuna əsasən, hər iki ali
təhsil ocağı gələcəkdə birgə təlim və tədris
proqramlarını həyata keçirmək üçün qarşılıqlı fəaliyyət
qurmaq barədə razılığa gəlmişlər. ADA nümayəndə heyəti,
həmçinin Koreya Universitetində, Koreya Milli Diplomatik
Akademiyasında və Yonsey Universitetində görüşlər
keçirmiş, müzakirələr aparmışdır.
Sinqapura səfər çərçivəsində isə ADA nümayəndə heyəti
Sinqapur Milli Universitetində və Nanyanq Texniki
Universitetində olmuşdur.
Asiya səfəri zamanı keçirilən görüşlərdə Azərbaycan
Diplomatik Akademiyası və tərəfdaş universitetlər
arasında bir semestrlik tələbə mübadiləsi proqramlarının
həyata keçirilməsi, birgə elmi konfransların təşkili,
Asiyadan ADA-ya tələbələrin cəlb edilməsi məsələləri
müzakirə olunmuşdur.
Səfər zamanı keçirilən görüşlərdə ADA-nın Beynəlxalq
Təqaüd Proqramı üzrə bu ali təhsil ocağının magistr
pilləsində 19 ölkədən təhsil alan 22 xarici tələbənin
Koreyanın və Sinqapurun tədqiqat mərkəzlərində təcrübə
keçmələri, eləcə də Koreya Milli Diplomatik
Akademiyasının tələbələri üçün ADA ixtisasartırma
proqramları tərəfindən "Xəzər hövzəsi araşdırmaları"
təlim kurslarının təşkili məsələsi də müzakirə
olunmuşdur. |