Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Fevral 2013 - №5

 

Azərbaycan nümayəndə heyətinin Polşaya səfəri çərçivəsində doqquz rəsmi görüş keçirilib, on sənəd imzalanıb

 

 Azərbaycan nümayəndə heyətinin Polşaya səfəri çərçivəsində doqquz rəsmi görüş keçirilmiş, on sənəd imzalanmışdır.

AzərTAc xəbər verir ki, bu sözləri fevralın 6-da Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov başçılıq etdiyi nümayəndə heyətinin Polşaya səfərinin yekunlarına dair mətbuat konfransında demişdir.

Bildirilmişdir ki, dördgünlük səfər çərçivəsində Varşava, Krakov, Lodz şəhərlərində keçirilən görüşlərdə Azərbaycan-Polşa əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunmuşdur.

Bu səfər nəticəsində Polşa ilə Azərbaycan arasında 540 illik əlaqələrə yeni ruhun verildiyini deyən E.Süleymanov qeyd etmişdir ki, ölkələrimizin dostluq, əməkdaşlıq körpüsü daha da möhkəmləndirilmişdir. İmzaladığımız hər bir müqavilənin icrasına tezliklə başlanılacaqdır.

Nümayəndə heyətinin üzvü, sənaye və energetika naziri, Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Natiq Əliyev keçirdiyi görüşlərdə enerji layihələrinin də müzakirə olunduğunu, regionda reallaşdırılan layihələr barədə məlumatın verildiyini diqqətə çatdırmışdır. Bu gün Azərbaycan ilə Polşa arasında yüksək səviyyədə siyasi, iqtisadi, mədəni əlaqələrin olduğunu qeyd edən N.Əliyev ölkələrimizin bir-biri üçün mühüm əhəmiyyət kəsb etdiyini demişdir. Nazir keçirdiyi görüşlərdə Azərbaycanda enerji sahəsində həyata keçirilən mühüm layihələrdən də danışıldığını qeyd etmişdir.

Polşada keçirilmiş görüşlərdə təhsil sahəsində əməkdaşlıqla bağlı faydalı müzakirələrin aparıldığını diqqətə çatdıran təhsil naziri Misir Mərdanov vurğulamışdır ki, bu ölkə beynəlxalq tədbirlərdə, təşkilatlarda Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyir. M.Mərdanov Polşanın elm və təhsil naziri ilə görüşdə ölkələrimiz arasında təhsil sahəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğunu bildirmişdir. O, hər iki ölkənin Təhsil nazirliklərinin nümayəndələrindən ibarət işçi qrupunun yaradılması ilə bağlı razılığın əldə olunduğunu, Azərbaycanın və Polşanın ali məktəbləri arasında əlaqələrin daha da genişləndirilməsi məsələlərinin müzakirə edildiyini vurğulamışdır. Polşada 65 azərbaycanlı tələbənin öz hesabına təhsil aldığını bildirən nazir gələcəkdə Dövlət Proqramı hesabına tələbələrin sayının artırılmasının vacibliyini qeyd etmişdir.

Səfərin məqsədinin, eyni zamanda akademik müstəvidə əlaqələrin yaradılması olduğunu vurğulayan Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov BDU ilə Polşanın dörd ali təhsil ocağı arasında memorandumun imzalandığını demişdir. Azərbaycanın Polşa vasitəsilə təhsil sahəsində Avropa İttifaqının beynəlxalq qrant proqramlarında iştirak etmək imkanı əldə etdiyini vurğulayan rektor akademik sahədə Avropada dayaq nöqtəsi tapmaq baxımından səfərin məhsuldar olduğunu bildirmişdir.

Milli Məclisin deputatları - Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Fazil Mustafa, Fərəc Quliyev, Qüdrət Həsənquliyev də çıxışlarında səfərin məhsuldar olduğunu, görüşlərdə Polşa tərəfinə ölkəmiz ilə bağlı həqiqətlərin çatdırıldığını vurğulamışlar.

Polşanın Azərbaycandakı səfiri Mixal Labenda bu cür geniş nümayəndə heyətinin səfərinin ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov