Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin
birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin
anadan olmasının 90 illiyinə həsr edilmiş "Mən
azərbaycanlıyam" mövzusunda yaradıcılıq müsabiqəsi elan
edilmişdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Beynəlxalq əlaqələr və
ictimaiyyətlə əlaqə sektorunun müdiri Zəminə Əliqızıdan
aldığımız məlumatda bildirilir ki, paytaxtın
ümumtəhsil məktəblərinin müəllimləri və VIII - XI sinif
şagirdləri arasında elan olunmuş müsabiqə üç mərhələdə
həyata keçirilir.
Müsabiqə konfrans, inşa yazı, bədii qiraət, fərdi
İnternet səhifəsi (veb-sayt, bloq), o cümlədən şagird və
müəllimlərin slaydları (təqdimatları) layihələri üzrə
aparılır. Təqdim edilən layihələr nominasiyalar üzrə
qruplaşdırılır və hər bir nominasiya üzrə qiymətləndirmə
meyarı müəyyən edilir.
Şərtlərə uyğun olaraq təqdim edilən işlər münsiflər
heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndiriləcək
və səsvermə yolu ilə seçiləcəkdir. Yekun mərhələdə
kompüter layihələri üzrə iştirakçılar öz işlərini
nümayiş etdirəcəklər. Müsabiqənin yekun turunda isə
şəhər təşkilat komitəsi, həmçinin münsiflər heyəti ən
yaxşı işləri və müsabiqənin qaliblərini müəyyən edəcək.
Müsabiqənin şərtlərinə görə, qaliblərə hər bir
nominasiya üzrə bir I dərəcəli, iki II dərəcəli və üç
III dərəcəli diplomlar veriləcəkdir.
Birinci yerin qalibləri həm də təqaüdə layiq
görüləcəklər. Ayrı-ayrı nominasiyalar üzrə diqqəti cəlb
edən digər işlərin müəllifləri həvəsləndirici
diplomlarla mükafatlandırılacaqlar.
Şakir CƏFƏROV |