Şuşa Rayon Təhsil Şöbəsinin müvafiq əmrinə əsasən, 15
yanvar 2013-cü il tarixdən 15 fevral 2013-cü il
tarixədək bütün ümumtəhsil məktəblərində "Azərbaycan
tarixi fənn aylığı" elan edilmişdir. Bu tədbirin
keçirilməsində məqsəd vətənimizin tarixini gənc nəslə
daha dərindən öyrətməklə yanaşı, həm də müəllimlər
arasında təcrübə mübadiləsi aparılmasının və təlimin
texniki vasitələrindən daha səmərəli istifadə
edilməsinin təmin olunmasıdır.
"Azərbaycan tarixi fənn aylığı" Şuşa rayonunun
ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri
tərəfindən böyük razılıq və həvəslə qarşılanmışdır.
Aylıq çərçivəsində keçirilən nümunəvi "açıq dərs"lər
müəllimlərin iştirakı ilə geniş müzakirə olunmuş,
ətraflı fikir mübadiləsi aparılmışdır. 12 nömrəli
məktəbdə Elçin Dadaşovun, 3 nömrəli məktəbdə Nərgiz
Mahmudovanın, 2 nömrəli məktəbdə Sevinc Əliyevanın, 7
nömrəli məktəbdə Zenfira Məmmədovanın apardıqları "açıq
dərs"lər İKT-dən - elektron lövhə və tədris vəsaitləri,
proyektor aparatından istifadə edilməklə keçilmiş və
yüksək nəticələr əldə olunmuşdur.
"Azərbaycan tarixi fənn aylığı"na yekun vurularkən belə
bir nəticəyə gəlmək olar ki, qarşıya qoyulmuş məqsədlərə
tam nail olunmuş, şagirdlərdə bu fənnə maraq daha da
artmışdır. Bundan sonra Şuşa RTŞ tərəfindən digər
fənlər üzrə də aylıqların keçirilməsi nəzərdə
tutulmuşdur.
Rayonun müəllimləri təhsil sahəsində aparılan
islahatlarda yaxından iştirak etməklə yanaşı, özləri də
yeni təkliflərlə çıxış edirlər. Məlum olduğu kimi,
adətən məktəbdə işləyən müəllimlər "açıq dərs"lər keçir,
təhsil şöbəsinin əməkdaşları isə həmin dərsləri
dinləyib müzakirə edirlər. Şuşa RTŞ-ın müdiri Təvəkkül
Əliyev təhsil şöbəsinin əməkdaşları - aparıcı
məsləhətçilər, metodistlər tərəfindən nümunəvi "açıq
dərs"lər keçirilməsi təklifi ilə çıxış etmişdir. İrəli
sürülmüş təklifi təhsil şöbəsinin əməkdaşları
qiymətləndirərək, ayrı-ayrı vaxtlarda rayonun ümumtəhsil
məktəblərində İKT-dən istifadə etməklə "açıq dərs"lər
keçmişlər.
Belə nümunəvi "açıq dərs"lər 28 yanvar 2013-cü il
tarixdə Şuşa rayonunun cəbhə bölgəsində - təmas
xəttinə yaxın ərazidə yerləşən 21 nömrəli ümumi orta
məktəbində də keçirilmişdir. Metodkabinetin müdiri
Rəsmiyyə Məmmədova biologiya, aparıcı məsləhətçi Ceyhun
Məmiyev tarix fənnindən bir gün ərzində bütün dərsləri
tədris etmiş, məktəbin müəllimləri isə həmin dərsləri
dinləmiş və müzakirə etmişlər. Bu yenilik müəllim və
şagirdlər tərəfindən maraqla qarşılanmaqla yanaşı, həm
də məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsində
mühüm rol oynayacaqdır. Tədbirin sonunda Şuşa Rayon
İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tərəfindən
hədiyyə edilmiş bir dəst kompüter və proyektor aparatı
məktəbin kollektivinə təqdim olunmuşdur.
Y.ƏLİYEV |