Qafqaz Universitetinin Mətbuat xidmətindən verilən
məlumata görə, bu ali məktəbin rəyasət heyətinin və Elmi
Şurasının qərarı ilə təhsil müəssisəsinin tərkibində
texnopark təsis edilib. İlk vaxtlar əsasən
informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi
üzrə fəaliyyət göstərən texnopark gələcəkdə digər
istiqamətlərdə də innovativ ideyalara dəstək verməyi
planlaşdırır. İnnovativ ideyaların inkişafında və
tətbiqində maraqlı olan bu qurum Türkiyənin Orta Doğu
Texniki Universitetinin texnoparkı ilə sıx əməkdaşlıq
əlaqələri qurmuşdur.
Qafqaz Universiteti texnoparkının təşkilatçılığı ilə bu
il yanvarın 30-dan fevralın 3-dək bu ali təhsil ocağında
təşəbbüskarlıq seminarları keçirilmişdir.
Təhsil işçiləri ilə yanaşı dövlət sektorunda fəaliyyət
göstərən gənclər, eləcə də özəl sektorda çalışan
sahibkarlardan ibarət fərqli sahələrin nümayəndələri
seminarların müdavimləri olmuşlar. Seminarlar Türkiyənin
Orta Doğu Texniki Universiteti texnoparkının
vitse-prezidenti, tanınmış təlimçi Utuk Batum tərəfindən
keçirilmişdir. Müdavimlərə sertifikatlar verilmişdir.
Yusif ƏLİYEV |