| 
						
						2013-cü ilin fevral ayında Azərbaycan ədəbiyyatının 
						tanınmış simalarından biri, xalq yazıçısı, istedadlı 
						nasir, dramaturq, ssenarist və tərcüməçi Ənvər Qafar 
						oğlu Məmmədxanlının anadan olmasının 100 illiyi tamam 
						olur.  
						
						Ənvər Məmmədxanlı ədəbi prosesə həmişə təravət gətirən 
						əsərləri ilə xalqımızın bədii-mədəni fikir xəzinəsinin 
						zənginləşməsi naminə səmərəli fəaliyyət göstərmişdir. 
						Onun yaradıcılığı ana dilimizə həssas yazıçı 
						yanaşmasının parlaq nümunəsidir. 
						
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq milli 
						ədəbiyyatımızın inkişafı sahəsində mühüm xidmətlər 
						göstərmiş Ənvər Məmmədxanlının 100 illik yubileyinin 
						keçirilməsini təmin etmək məqsədi ilə 
						
						  
						
						
						QƏRARA ALIRAM:  
						
						1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm 
						Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və 
						Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə 
						birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini 
						nəzərə almaqla, xalq yazıçısı Ənvər Məmmədxanlının 100 
						illik yubileyinə həsr olunmuş tədbirlər planını 
						hazırlayıb həyata keçirsin. 
						
						2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
						sərəncamdan irəli gələn məsələləri həll etsin.  
						
						
						İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 6 fevral 2013-cü il
 |