| 
						
						"2013-cü ilin Azərbaycan Respublikasında 
						"İnformasiya-Kommunikasiya Texnologiyaları ili" elan 
						edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 
						2013-cü il 16 yanvar tarixli 2664 nömrəli sərəncamına 
						uyğun olaraq, ölkənin sosial-iqtisadi inkişafında və 
						gündəlik həyatın müxtəlif sahələrində yeni 
						texnologiyaların tətbiq dairəsinin sürətlə 
						genişləndiyini nəzərə alaraq, informasiya cəmiyyəti 
						quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr 
						potensialının formalaşdırılmasını təmin etmək məqsədi 
						ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq 
						
						  
						
						
						QƏRARA ALIRAM:  
						
						1. Azərbaycan Respublikasında İnformasiya 
						Texnologiyaları Universiteti yaradılsın.  
						
						2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 
						
						2.1. bu sərəncamın 1-ci hissəsi ilə yaradılmış 
						İnformasiya Texnologiyaları Universitetinin 
						Nizamnaməsinin layihəsini hazırlayıb iki ay müddətində 
						Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
						
						2.2. İnformasiya Texnologiyaları Universitetinin 
						fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar 2013-cü 
						il üçün dövlət büdcəsindən və 2014-cü il və növbəti 
						illər üçün dövlət büdcəsi layihələrində vəsaitin 
						ayrılmasını nəzərdə tutsun; 
						
						2.3. İnformasiya Texnologiyaları Universitetinin bina və 
						lazımi avadanlıqla təmin edilməsi üçün müvafiq tədbirlər 
						görsün; 
						
						2.4. bu sərəncamdan irəli gələn digər məsələləri həll 
						etsin. 
						
						3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi 
						Azərbaycan Respublikasının Rabitə və İnformasiya 
						Texnologiyaları Nazirliyi ilə birlikdə İnformasiya 
						Texnologiyaları Universitetində 2013-2014-cü tədris 
						ilindən etibarən təhsil prosesinə başlanılmasını təmin 
						etsin və bu sərəncamdan irəli gələn digər zəruri 
						tədbirləri həyata keçirsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 1 fevral 2013-cü il
 |