Bu
günlərdə Bakı şəhəri 7 nömrəli İxtisaslaşmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Tennis İdman Məktəbinin
direktoru Mahir Quliyevlə əlaqə yaratdıq. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə
ötən ilin ölkəmizdə "İdman ili" elan edilməsi ilə
əlaqədar idman məktəbində hansı tədbirlərin keçirildiyi
ilə maraqlandıq. M.Quliyev bildirdi ki, 2012-ci ilin
3-10 sentyabr tarixlərində Gənclik İdman Klubunun
kişilər arasında 32 idmançı mübarizə aparıb. Şəxsi
yarışlarda kişilər arasında 7 nömrəli İOEUG Tennis İdman
Məktəbinin yeniyetmələrindən Orxan Manafov I, Arif
Quliyev II, Teymur Dadaşov IV, qadınlar arasında Kamilla
Fərhad I, Fidan Xəlilzadə II, Aydan Əlizadə III, Amina
Dik IV yerlərə layiq görülüblər. Qoşa yarışlarda isə
kişilər arasında A.Quliyev, O.Manaflı I, qadınlar
arasında K.Fərhad, F.Xəlilzadə I, A.Əlizadə, A.Dik II,
N.Cəfərov, Z.Ağabəyova III yerin sahibi olublar.
Direktor onu da qeyd etdi ki, ötən il 25 avqust və 2
sentyabr tarixlərində İranda tennis üzrə keçirilən
beynəlxalq turnirdə Kamilla Fərhad şəxsi və qoşa
yarışlarda I yerin qalibi olub. Eyni zamanda Mahaçqalada
stolüstü tennis üzrə keçirilən Xəzəryanı dövlətlərin
birinciliyində yığma komandanın tərkibində 7 nömrəli
tennis idman məktəbinin yetirmələri Nihal Həsənov və
Ramil Cəfərov III yerin qalibi olublar.
Günbəgün uğurlarının sayını artıran tennis idman
məktəbinin idmançıları hazırda ölkə və beynəlxalq
yarışlarda yeni-yeni qələbələr qazanmaq üçün ciddi
məşqlər edirlər.
Rəşad RAMAZANOĞLU |