Yanvarın 29-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan
klubunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin
müəllimi, filologiya üzrə elmlər doktoru, professor
Təyyar Salamoğlunun "Müasir Azərbaycan ədəbiyyatı"
kitabının təqdimat mərasimi keçirildi. Təqdimat
mərasimində ədəbiyyatşünas alimlər, KİV əməkdaşları
və digər qonaqlar iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin
katibi Arif Əmrahoğlu açaraq müəllif haqqında məlumat
verdi. Sonra tədbirin aparıcısı, şair-publisist, "Kredo"
qəzetinin baş redaktoru Əli Rza Xələfli
ədəbiyyatşünas-tənqidçi, professor Təyyar Salamoğlunun
elmi fəaliyyəti barəsində ətraflı danışdı.
Filologiya üzrə elmlər doktoru, professor Nizami Tağısoy
çıxış edərək bildirdi ki, dərs vəsaiti kimi təqdim
olunan "Müasir Azərbaycan ədəbiyyatı" kitabı sovet dövrü
Azərbaycan ədəbiyyatına baxışın konseptuallığı ilə
xüsusi maraq yaradır. Dərs vəsaitində sovet dövründə
yaşayıb yaratmış böyük sənətkarların yaradıcılığından
bəhs edilmiş, elmi təhlil süzgəcindən keçirilmiş və
müstəqil nəticəyə gəlinmişdir.
Tanınmış ədəbiyyatşünas alim, professor Himalay Qasımov
qeyd etdi ki, Təyyar Salamoğlu Azərbaycanın ictimai
mühitində öz sözünü deyən alimlərdəndir. Onun yazdığı
"Müasir Azərbaycan ədəbiyyatı" kitabı ali məktəb
tələbələrinin, eləcə də geniş oxucu kütləsinin
tələblərinə cavab verən bir dərs vəsaitidir. Bu dərs
vəsaitinin filoloqlar tərəfindən maraqla qarşılanacağına
əminik.
Professorlardan Qəzənfər Paşayev, Qəzənfər Kazımov,
Nizaməddin Şəmsizadə, Buludxan Xəlilov, Alxan Məmmədov,
Zaman Əsgərov və başqaları müəllifin kitabı barəsində öz
fikirlərini söylədilər. Bildirildi ki, professor Təyyar
Salamoğlu xeyli vaxtdır ki, müasir Azərbaycan
ədəbiyyatının tədqiqi ilə məşğuldur. Onun
kitablarında toplanmış monoqrafik tədqiqatları və
məqalələri böyük zəhmət sayəsində meydana gəlmiş və
ədəbi-elmi mühitdə müəllifinə tanınmış alim nüfuzu
qazandırmışdır.
Sonda professor Təyyar Salamoğlu kitabının təqdimat
mərasimində iştirak edən qonaqlara öz minnətdarlığını
bildirdi.
Şakir CƏFƏROV |