Yanvarın
26-da Bakıdakı Osman Mirzəyev adına 190 nömrəli tam orta
məktəbdə əməkdar incəsənət xadimi, nəğməkar şair Baba
Vəziroğlu ilə görüş keçirilib.
Tədbirə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə
əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı, metodmərkəzin
metodisti Ahu Məmmədova, "Azərbaycan məktəbi" jurnalının
baş redaktoru, əməkdar müəllim Nəcəf Nəcəfov, xalq
artisti, bəstəkar Faiq Sücəddinov, aktyor Əbdül
Mahmudbəyov, Azərbaycan Yazıçılar Birliyinin katibi
Ədalət Əsgərov, TİAHİ Səbail Rayon Komitəsinin sədri
Mükafat Abbasov və digər qonaqlar dəvət olunmuşdular.
Məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova
pedaqoji kollektiv adından qonaqları, eyni zamanda
nəğməkar şairi salamlayaraq Azərbaycan poeziyasının
görkəmli söz sahiblərindən biri olan Baba Vəziroğlunun
yaradıcılığından söz açdı.
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi, pedaqogika
üzrə fəlsəfə doktoru, tədris işləri üzrə direktor
müavini Qənirə Əmircanova şairin şeirlərindən parçalar
söylədi və onun poeziyasının məziyyətlərindən ətraflı
bəhs etdı. Vurğulandı ki, söz mənəvi qidadır! Sözün
qüdrəti ondadır ki, o milyonlarla insanın ürəyinə yol
tapır. Şeir isə fikrin, duyğunun poetik ifadəsidir.
Poeziya qəlb çırpıntısıdır. Poeziya gizli dünyanın sirr
dağarcığının açarıdır. Baba Vəziroğlu məhz belə söz
sahiblərindəndir.
Sonra şagirdlərin ifasında şeirlər, şairin sözlərinə
bəstələnmiş mahnılar səsləndi. Şairin "Ocaq" povestindən
kiçik bir səhnəcik nümayiş olundu. Məktəbin "Təbəssüm"
rəqs qrupu "Nəlbəki" rəqsini ifa etməklə iştirakçılarda
xoş ovqat yaratdı. Musiqi müəllimi, bir neçə müsabiqənin
qalibi, bəstəkar Reyhan Hacızadə ilk dəfə olaraq şairin
sözlərinə bəstələdiyi "Bağışladım" mahnısını ifa etdi.
Bəstəkar Faiq Sücəddinov sənət dostunun söz bayramında
şeirlərinə bəstələdiyi mahnılardan danışdı, gələcəkdə də
bu əməkdaşlığı davam etdirəcəyinə söz verdi, sonra isə
mahnılarından birini ifa etdi.
BŞTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə
Əliqızı Baba Vəziroğlunun yaradıcılığı haqqında, onun
gənc nəslə örnək ola biləcək kitabları barədə danışarkən
xalqımızın görkəmli şairi Səməd Vurğunun kitab haqqında
söylədiyi bir bəndi xatırlatmağı da unutmadı:
Hər sözü bir ulduz, bir şəffaf almaz,
Mənalar dünyası qaranlıq deyil,
Bu böyük kitablar yaranır az-az,
Çünki ömürlükdür, bir anlıq deyil.
Mərasimdə şair maraqlı görüşə görə təhsil ocağının
rəhbərliyinə və təşkilatçılara təşəkkürünü bildirdi.
Sonda gənc müğənni Ülviyyə Tağıyeva şairin sözlərinə
bəstələnmiş "Nə vaxtsa dönəcəyəm" mahnısını ifa etdi.
Sifai SƏFƏROVA |