Sumqayıt
ŞTŞ-nin müdiri Mahal Əliyev Sumqayıt şəhər Gənc
Müəllimlər Şurasının ən fəal üzvləri və gənc
müəllimlərlə görüşdü. "Dəyirmi masa" ətrafında keçən
görüşdə M.Əliyev bildirdi ki, bu gün hər bir gənc
müəllimin əsas vəzifəsi Azərbaycan dövləti qarşısında
öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə
və demokratiya prinsiplərinə, insan hüquqlarına və
azadlıqlarına hörmət edən, vətənpərvərlik və
azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və
yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.
Bütün bunlara nail olmaq üçün, ilk növbədə, gələcəyimiz
olan gənclər gələcək nəslə həmişə nümunə olmalı,
təşəbbüskar və yenilikləri qiymətləndirməyi bacaran,
nəzəri və praktiki bilikləri sintez edərək "açıq
dərs"lər verməyi və elmi-praktik konfranslarda
məruzələrlə və layihələrlə çıxış etməyi bacarmalıdırlar.
Tanışlıq xarakteri daşıyan bu görüşün məqsədi
açıqlanandan sonra gənc müəllimlər təkliflərini və
məktəbdə olan problemlərini səsləndirdilər.
Çıxışlarda problemlərlə yanaşı, maraqlı təşəbbüslər də
diqqətə çatdırıldı. Gənc müəllimlər - Aygün Rəhimova (28
nömrəli məktəbin tarix müəllimi), Lalə Tarverdiyeva (15
nömrəli məktəbin laborantı), Aygün Əhmədova (TET
gimnaziyanın biologiya müəllimi), Şəfa Rzayeva (13
nömrəli məktəbin ingilis dili müəllimi, GMŞ-nın sədri),
Samirə Tağıyeva (39 nömrəli məktəbin informatika
müəllimi), Sidqiyyə Xıdırova (25 nömrəli məktəbin
ingilis dili müəllimi), Səidə Xəlilova (45 nömrəli uşaq
bağçasının tərbiyəçisi), Leyla Bayramova (47 nömrəli
uşaq bağçasının tərbiyəçisi) və başqaları çıxış edərək
öz şəxsi təcrübələrindən danışdılar. Eyni zamanda onlar
Mahal Əliyevi öz "açıq dərs"lərinə dəvət etdilər.
İşgüzar şəraitdə keçən bu görüşdə müəllimlərin
qaldırdıqları problemlərin bəzi həlli yolları elə
auditoriyada həm müəllimlər, həm də rəhbərlik
tərəfindən cavablandırıldı.
Tədbirin sonunda Mahal müəllim bildirdi ki, bu gün
təhsil sektoruna dövlət tərəfindən göstərilən xüsusi
diqqət və qayğı göz qabağındadır. Respublikamızda
gənclər siyasəti uğurla həyata keçirilir. Ölkə
Prezidentinin təhsil sistemi qarşısında qoyduğu
vəzifələrə uyğun olaraq Təhsil Nazirliyi ən ciddi
problemlərlə bağlı strateji təhlillər əsasında inkişaf
proqramlarını reallaşdırır. Təhsil tariximiz üçün yeni
və çox əhəmiyyətli bir haldır ki, hazırda təhsil
sisteminin müxtəlif sahələri üzrə çoxlu sayda Dövlət
Proqramı hazırlanmış, təsdiq edilmiş və həyata
keçirilməkdədir. Dövlət Proqramları təhsilin məzmununun
yeniləşdirilməsi, yeni proqram, dərslik və dərs
vəsaitlərinin hazırlanması, təhsilin idarə olunmasının
təkmilləşdirilməsi, təhsil müəssisələrinin maddi-texniki
və tədris bazasının möhkəmləndirilməsi, tədris
prosesində müasir informasiya-kommunikasiya
texnologiyalarından istifadə olunması, istedadlı uşaq və
gənclərin yaradıcılıq potensialının inkişafı, xaricdə
təhsil və digər əhəmiyyətli sahələri əhatə edir.
Bildirildi ki, Sumqayıt şəhərində yüksək intellektual
səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni
texnologiyalara yiyələnən, informasiya axınında çevik
istiqamət tapmağı bacaran gənclər çoxdur. Güclü
intellektual kadr potensialına ehtiyac həmişə var. Təbii
ki, gənclər də öz növbəsində bu diqqət və qayğıya
layiqli cavab verməli, onlara göstərilən yüksək etimadı
bütün imkanlardan istifadə etməklə doğrultmalıdırlar.
Sumqayıt Şəhər Təhsil
Şöbəsinin Mətbuat xidməti |