Bakının
Qaradag rayonunun Qızıldaş qəsəbəsində yerləşən 180
nömrəli tam orta məktəb öz ənənələri və uğurları ilə
tanınan təhsil ocaqlarından biridir. 180 nömrəli tam
orta məktəb şəhid müəllim Azər Namazovun adını
daşıyır. Məktəbin əsas vəzifəsi istedadlı şagirdlərin
təbii imkanlarını aşkar edərək inkişaf etdirmək, onlara
elmin əsaslarını yüksək səviyyədə öyrətmək, fiziki,
əqli, intellektual imkanlarını, onların maraq, meyil və
idrak qabiliyyətlərini nəzərə alaraq ümumi mədəniyyətə
malik, milli mənəviyyatlı şəxsiyyətlər yetişdirilməsinə
xidmət etmək, müstəqil və demokratik Azərbaycan
Respublikasının inkişafı naminə fədakarlıqla çalışan
ləyaqətli vətəndaş tərbiyə etməkdən ibarətdir. Məktəbin
pedaqoji kollektivi hərtərəfli biliyə malik, mütərəqqi
dünyagörüşə sahib, vətənini göz bəbəyi kimi qorumağa
hazır olan gənclərin yetişdirilməsi işini gündəlik
fəaliyyətinin əsas istiqaməti kimi qəbul edir.
Müasir dövrdə cəmiyyətdə intensiv olaraq dəyişən
sosial-iqtisadi münasibətlər təhsil sisteminin bu
proseslərə çevik, dinamik adaptasiya olunmasını tələb
etdiyindən təhsilin keyfiyyəti və onun səmərəli idarə
olunması problemi ön plana çəkilir.Yeni istehsal və
mülkiyyət münasibətlərinin formalaşdığı, beynəlxalq
əlaqələrin genişləndiyi, təhsilin qabaqcıl dünya
təcrübəsinə inteqrasiya olunduğu bir dövrdə məktəbdə
köklü dəyişikliklər aparıldı. "Təhsil haqqında" Qanunun
tələblərinə uyğun fəaliyyətini tənzimləyən məktəb
müstəqil dövlət quruculuğunun başlıca amillərindən biri
kimi təhsilin keyfiyyətinin yüksəldilməsini özünün ən
vacib vəzifələrindən biri hesab edir.
Tədrisin təşkili
Təhsil
ocağı 5 günlük və 2 növbəli iş rejiminə uyğun fəaliyyət
göstərir. Məktəbdə 1105 şagird təhsil alır. Onların
təlim-tərbiyəsi ilə 66 müəllim məşğul olur.
Müəllimlərdən 50 nəfəri ali, 16 nəfəri isə orta ixtisas
təhsillidir. Məktəbdə təhsil dünyəvi xarakter daşıyır,
milli zəminə, Azərbaycanın azadlıq və demokratiya
ənənələrinə, ümumbəşəri dəyərlərə əsaslanmaqla
şəxsiyyətin hərtərəfli formalaşmasına xidmət edir, onun
təlim-tərbiyə prosesinin bərabərhüquqlu subyektinə
çevrilməsini başlıca vəzifə hesab edir. Təlimin
Azərbaycan dillində aparıldığı məktəbdə müasir təlim
texnologiyalarından və innovativ təhsil proqramlarından,
İKT-dən müvəffəqiyyətlə istifadə edilir. Müəllimlər
peşəkarlıq səviyyəsini artırmaq üçün fəal təlim və İKT
kurslarından, fənn kurikulumları üzrə öyrədici
seminarlardan keçmişlər. Fənn kurikulumları tətbiq
olunan siniflərdə müəllimlər öz dərslərini müasir dərsin
strukturuna, mərhələlərinə uyğun qurur, müasir təlim
strategiyalarından, yeni qiymətləndirmə mexanizmindən
müvəffəqiyyətlə istifadə edirlər.
Məktəbdə şagirdlərin biliyini möhkəmləndirmək məqsədi
ilə müxtəlif yarışlar, tədbirlər keçirilir. Proqram
materiallarının nə dərəcədə mənimsənildiyini yoxlamaq
məqsədi ilə test yoxlamaları təşkil olunur. Məktəb
metodiki işlərin təşkili sisteminə xüsusi tələbkarlıqla
yanaşır, fənn müəllimlərini metodbirləşmələrə cəlb edir.
Qabaqcıl təcrübələrin öyrənilməsi və yayılması,
istedadlı şagirdlərin aşkara çıxarılması və onlara qayğı
göstərilməsi ön plana çəkilir. Qabaqcıl pedaqoji təcrübə
müəllim fəaliyyətini və şagirdlərin təlim işinin
səmərələşdirilməsini əhatə edir. Müəllimlərin
yaradıcılıq axtarışlarını öyrənmək və qabaqcıl
təcrübələri yaymaq məqsədi ilə il boyu "açıq dərs"lər
keçilir. Qarşılıqlı dərsdinləmə yüksək səviyyədə
aparılır.
Məktəb
elm, təhsil ocağı olmaqla bərabər, həm də şagirdlərin
dünyagörüşünü formalaşdırır, onlarda milli mənəvi
dəyərləri layiqincə qiymətləndirməyi bacarmaq kimi
müsbət keyfiyyətlər tərbiyə edir. Bu nöqteyi-nəzərdən
sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsi
hər bir şagirdin intellektual inkişafında böyük rol
oynayır. Məktəbin pedaqoji kollektivi bu yöndə ciddi
addımlar atır. Şagirdlərin elmə, təhsilə marağını
artırmaq məqsədi ilə ədəbi-bədii kompozisiyalar, fənlər
üzrə viktorinalar və digər tədbirlər keçirilir.
Maddi-texniki baza
180 nömrəli tam orta məktəb 2006-cı ildə Heydər Əliyev
Fondu tərəfindən əsaslı təmir olunub və 2007-ci ildə
ibtidai sinif şagirdləri üçün 240 yerlik yeni tədris
korpusu tikilib istifadəyə verilib. Məktəbin müasir
standartlara cavab verən maddi-texniki bazasında
şagirdlərin mükəmməl təhsil almaları üçün tam şərait
yaradılmışdır. Məktəbdə geniş və işıqlı sinif
otaqları, fənn kabinetləri, 2 kompüter zalı, bufet, akt
zalı vardır. Təhsil müəssisəsində ulu öndərimiz Heydər
Əliyevin həyat və fəaliyyətini əks etdirən
fotoşəkillərdən ibarət Heydər Əliyev guşəsi
yaradılmışdır ki, bu da şagirdlərə ümummilli liderin
zəngin irsini öyrənməyə kömək edir. Məktəbdə şagirdlərin
sağlam böyüməsi üçün hər cür şərait yaradılmışdır. Belə
ki, məktəb idman avadanlıqları ilə təchiz olunmuşdur.
Təhsil
ocağında şagird və müəllimlərin ən sevimli guşələrindən
biri də məktəb kitabxanasıdır. Burada ümumilikdə 266861
vəsait var ki, onlardan da 16753-ü dərslikdir. Bundan
başqa, şagirdlərin sinifdənxaric oxuya olan ehtiyacını
ödəmək üçün digər kitablar da mövcuddur. Şagirdlər asudə
vaxtlarını oxu zalında keçirməkdən böyük zövq alırlar.
Onlar burada Azərbaycan klassikləri, müasir yazarları
ilə yanaşı, dünya ədəbiyyatı nümayəndələrinin də
əsərlərini mütaliə edir
Məktəbdə İKT üzrə Dövlət Proqramının həyata keçirilməsi
ilə əlaqədar olaraq 2 kompüter otağı fəaliyyət göstərir.
Təhsil ocağında 27 kompüter, 1 ədəd noutbuk, 1 ədəd
proyektor, 3 ədəd printer və surətçıxarma aparatı
vardır.
Pedaqoji kollektiv
Hər bir təhsil ocağının sütunu onun pedaqoji
kollektividir. Əldə olunan hər bir uğurda pedaqoji
kollektivin xüsusi rolu var. Məktəbə 1981-ci ildən
yüksək pedaqoji və idarəçilik təcrübəsinə malik olan
Zöhrə Qədirova rəhbərlik edir. Z.Qədirovanın
tələbkarlığı, işə ciddi yanaşması və digər yüksək
keyfiyyətləri nəticəsində məktəbdə sağlam mühit
formalaşıb. Məktəbin pedaqoji kollektivi fəaliyyətində
müasir dərsə verilən tələbləri daim diqqət mərkəzində
saxlayır, şagirdlərin idrakını inkişaf etdirən,
müstəqilliyini artıran, bilikləri sərbəst əldə etmək
vərdişləri yaradan, axtarıcılığı istiqamətləndirən fəal
təlim metodlarından, qeyri-ənənəvi tədris forma və
üsullarından istifadə edir.
Müəllimlər
təlim prosesində İKT-dən səmərəli istifadə edirlər.
Müəllimlərin "İntel", "Mədəd" kurslarından keçməsi
onlara dərslərini elektron vəsaitlər vasitəsi ilə
qurmalarına çox kömək edir.
Təhsil ocağının peşəsini sevən və daim yeniliyə can atan
pedaqoji kollektivi bir çox uğurlar əldə etmişdir. Belə
ki, məktəbin fizika müəllimi Sərdar Hacıyev "Tərəqqi"
medalına, kimya müəllimi Solmaz Quliyeva "Pedaqoji
mühazirələr"də III yerə layiq görülmüş, tarix müəllimi
Məleykə Abdullayeva, coğrafiya müəllimi Ümüd Əmrahov və
ibtidai sinif müəllimi Təhminə Hacıyeva isə qabaqcıl
fəaliyyətlərinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
fəxri fərmanları ilə təltif olunmuşlar.
Qeyd edək ki, 2006-cı ildə məktəbdə pedaqoji şuranın
qərarı ilə bilikli və fəal müəllimlərdən ibarət metodiki
şura yaradılıb. Bu şuranın fəaliyyəti çərçivəsində hər
bir müəllim öz fənninə uyğun göturdüyü yaradıcılıq
işindən keçdiyi dərslərdə istifadə edir. Müəllimlər öz
işlərində müasir təlim metodları və texnologiyalarının
tətbiqinə də geniş yer ayırır, xüsusən də "açıq dərs",
disput və elmi konfranslarda yeni təlim metod və
texnologiyalarının üstünlüklərindən bəhrələnirlər.
Şagird nailiyyətləri
Müasir dövrdə 180 nömrəli tam orta məktəbin başlıca
məqsədi yüksək intellektual hazırlığa malik olan,
qazandığı biliklərdən həyatın müxtəlif sahələrində
istifadə etməyi bacaran əsl vətəndaş yetişdirməkdir.
Təlim-tərbiyənin keyfiyyətinin, müəllim və şagirdlərin
məsuliyyətinin artırılması nəticəsində məktəbin
şagirdləri qəbul imtahanlarında, fənn olimpiadalarında,
digər müsabiqə və yarışlarda fəal çıxış edirlər. 2012-ci
ildə TQDK tərəfindən keçirilən qəbul imtahanlarında
məktəbin məzunlarından 16 nəfəri iştirak etmiş, onlardan
Nəzrin Camalova və Səbinə Ağasənli 500-dən yuxarı, 5
nəfər məzun isə 400-dən yuxarı bal toplayaraq
respublikanın, 2 nəfər məzun isə Ukraynanın nüfuzlu ali
məktəblərinə qəbul olunmuşlar.
İstedadlı şagirdlərin aşkara çıxarılması və onlarla
məqsədyönlü iş aparılması nəticəsində məktəbin
şagirdləri "Bilik yarışı"nın rayon, şəhər turlarında
uğurlu nəticələr göstərmişlər.
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının
89-cu ildönümü münasibətilə keçirilən "Biz Heydər Əliyev
irsini öyrənirik" mövzusunda inşa yazı müsabiqəsinin
iştirakçısı olmuş X sinif şagirdi Anar Hacıyev mükafata
layiq görülmüşdür.
4 may 2010-cu il tarixində Qaradağ rayonunda keçirilən
"Gül bayramı"nda VII sinif şagirdi Aygün Zeynalova
"Budaqda ağ çiçəklər" gül kompozisiyasına görə Bakı
Şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanı və
hədiyyəsi ilə təltif olunmuşdur. Məktəb 2011-ci ildə
"Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə
ilin ən yaxşı müəssisəsi" adı uğrunda Qaradağ rayonunda
keçirilən müsabiqənin qalibi olmuş və Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının mükafatına
layiq görülmüşdür.
Təhsil ocağının şagirdləri tək elm sahəsində deyil,
idman üzrə də qazandıqları saysız uğurları ilə
seçilirlər. Belə ki, məktəbin voleybol komandası XXIV
Spartakiadada Bakı şəhəri üzrə I yerə layiq görülmüş və
Bakı Şəhər Gənclər və İdman İdarəsinin, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin diplomu ilə təltif olunmuşdu. İdman
sahəsində göstərilən uğurlu nəticələrə görə
müəllimlərdən Mübarək Yusifov və Zəkəriyyə Müseyevin
zəhməti böyük olmuşdur.
Məktəbin rəhbərliyi və pedaqoji kollektiv uğurlarını
daha da artırmaq əzmindədirlər və bu istiqamətdə var
qüvvələri ilə çalışırlar.
Niyazi RƏHİMOV |