Azərbaycan Diplomatik Akademiyası Beynəlxalq Muğam
Mərkəzi ilə birgə yeni "Musiqili axşamlar" layihəsinə
başlamışdır.
AzərTAc xəbər verir ki, layihənin məqsədi Azərbaycan
Diplomatik Akademiyasında təhsil alan tələbələri
maarifləndirmək, gənclərimizi milli musiqimizlə yaxından
tanış etməkdir.
Hər ay silsilə şəklində keçirilməsi nəzərdə tutulan
layihənin açılış gecəsi dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəyliyə həsr edilmişdir. Sənətşünas Lalə Hüseynova
dahi bəstəkarın Azərbaycan mədəniyyətinə verdiyi
töhfələrdən, bu sahədə misilsiz xidmətlərindən
danışmışdır. Bildirmişdir ki, 105 il bundan əvvəl Şərqdə
ilk operanın səhnəyə qoyulması Üzeyir Hacıbəylinin adı
ilə bağlıdır. Çox istərdik ki, bizim tələbələr gələcəkdə
diplomat olanda, Azərbaycanı xaricdə təmsil edəndə milli
musiqimizdən yaxşı xəbərdar olsunlar.
Məruzələrdən sonra musiqi proqramı təqdim edilmişdir.
Xalq artistləri Mənsum İbrahimov və Aygün Bayramovanın
ifalarında dahi bəstəkarın "Leyli və Məcnun" operasından
parçalar səslənmişdir. |