Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Fevral 2013 - №04

 

Şagirdlərin dünyagörüşünün formalaşmasında müasir təlim metodlarının rolu

 

Biologiyanın tədrisi prosesində  dünyagörüşü  formalaşdırmaq  üçün  elmin  əsaslarını  öyrətmək  kifayət  deyildir. Elə  etmək  lazımdır  ki, şagidlərin  aldıqları biliklər onların əqidəsinə çevrilsin. Dünyagörüşü şəxsiyyətin təbiətə, ictimai  həyata, insan  təfəkkürünə  olan baxışlar sistemidir. Zəngin dünyagörüşlü  şəxsiyyətin formalaşması üçün biologiya dərslərinin  məzmununda  böyük  imkanlar  vardır.

Bu gün həyatımızda, cəmiyyətdə baş verən hadisələrin mürəkkəbliyi  və  zənginliyi yaradıcı  düşünməyi  tələb  edir. Yeni kurikulumlarla keçilən dərslərdə müasir təlim metod  və vasitələrinin tətbiqi vacib sayılır. Təbiət elmləri, o cümlədən  biologiya fənni üzrə dərsləri daha maraqlı və yaddaqalan etmək üçün müəllim İKT-nin tətbiqi ilə fəal təlimə üstünlük verməlidir. Təlimdə interaktivlik şagirdlərin yaradıcılıq qabiliyyətini  artırır. Nümunə olaraq 9-cu sinifdə tədris etdiyim "İnsan anatomiyası" fənni üzrə  bir mövzunu təqdim edirəm.

Mövzu: İnsanın  psixikası. Şəxsiyyət  və onun  xüsusiyyətləri.

Məqsəd: Hər bir insanın mürəkkəb psixi xüsusiyyətlərə malik olması, psixikanın mühitlə əlaqədar formalaşması, şəxsiyyətin cəmiyyətdə yetişməsi, onun  xarakterik xüsusiyyətlərinin həm ünsiyyətdə, həm də mühitlə bağlı olması haqqında şagirdlərə məlumat vermək.

İş forması: Kiçik qruplarla iş.

İş metodu: Müəllimin izahı, motivasiya, əqli hücum, karusel.

Resurslar: Müxtəlif psixi vəziyyətlərdə olan insan şəkillərini əks etdirən disk, iş  vərəqləri.

Dərsin  gedişi: Sinfə müraciətlə soruşuram:

- Televiziya kanallarında, bədii əsərlərdə, gündəlik həyatda eşitdiyiniz  psixika, psixologiya ifadələri canlılar aləmində nə üçün təkcə insanlara aid  edilir?

Şagirdlərin fərdi cavablarını dinləyəndən sonra izah edirəm:

- Heyvanlardan fərqli olaraq insanların ikinci siqnal sisteminə - nitqə malik olması təfəkkürü formalaşmışdır. Deməli, təfəkkürün əsasını söz təşkil edir. İnsanların süuru beyin qabığının fəaliyyəti ilə əlaqədardır. İnsan bioloji varlıq olmaqla yanaşı, həm də sosial varlıqdır. O, cəmiyyətdə formalaşır, zaman keçdikcə özünəməxsus psixikaya malik olur. Psixika insanın daxili aləmidir. Daxili aləmin keyfiyyətindən asılı olaraq müxtəlif xarakterli insanlar formalaşır. Onların arasında şəxsiyyətlər yetişir.

Şagirdlərə tədqiqat sualı verirəm: "Məlumdur ki, cəmiyyətdə hamı şəxsiyyət kimi yetişmir. Sizin fikrinizcə, şəxsiyyət necə olmalıdır?"

Bir neçə şagird öz fikrini söylədikdən sonra qruplar üzrə tədqiqat işi aparılır. Hər biri 5 nəfərdən ibarət olan 4 qrupa iş vərəqləri paylanır. Qruplara ad verilir: 

I. "İdrak" qrupu

Suallar:

1. Düşüncəli fəaliyyətin insanda və digər məməlilərdə fərqli xüsusiyyətləri.

2. İnsanın fərd və şəxsiyyət olaraq fərqli cəhətləri.

3. Hansı tip temperamentə malik insandan şəxsiyyət yetişə bilər? 

II. "Təfəkkür" qrupu

Suallar:

1. Film qəhrəmanı olan Tarzan insan cəmiyyətində yaşaya bilərmi?

2. Temperamentin tiplərə bölünməsinin səbəbi sinir sisteminin hansı xüsusiyyətidir?

3. Kiçikyaşlı uşaqlarda nitq necə formalaşır? 

III. "İstedad" qrupu

Suallar:

1. "Ağıl yaşda deyil, başdadır" atalar sözünün elmi izahı.

2. Zəif tip sayılan melanxolikdən şəxsiyyət formalaşa bilərmi?

3. İnsan depressiyadan necə çıxa bilər? 

IV. "Zəka" qrupu

Suallar:

1. Şəxsiyyət mütləq nəcib insan olmalıdırmı?

2. Ətrafınızda yaşayan insanlar arasında hansı temperament tipinə daha çox rast gəlirsiniz?

3. Bütün temperament tipləri bir insanda cəmlənə bilərmi?

Qruplar müəyyən vaxt ərzində sualları cavablandırırlar və iş vərəqlərini təqdim edirlər. Bütün qrupların gəldiyi nəticə ümumidir:

"Şəxsiyyət özünəməxsus fizioloji, psixoloji keyfiyyətlərə malik insandır. Bu keyfiyyətlər onunla doğulmur, həyatda formalaşır. Şəxsiyyətin əsas xüsusiyyəti onun xarakterinin sabitliyidir".

Qrupları qiymətləndirərkən şagirdlərin müstəqil fikir söyləmələri və fəallığı əsas götürülür.

Ev tapşırığı: "Görkəmli şəxsiyyətlər" mövzusunda (disk şəklində) təqdimat hazırlamaq.  

Mələk  ƏKBƏROVA,
Bakıdakı 132-134 nömrəli təhsil 
kompleksinin biologiya müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov