Gənclər
və İdman Nazirliyi tərəfindən orduda xidmət edən
gənclərin asudə vaxtının təşkili, onların
mənəvi-psixoloji və fiziki hazırlığının yüksəldilməsi
məqsədi ilə hərbi hissələrdə ali və orta ixtisas təhsili
müəssisələrinin tələbələri və yaradıcı gənclərinin
iştirakı ilə mütəmadi olaraq görüşlər keçirilir.
Növbəti belə görüşlərdən biri də yanvarın 29-da bir qrup
ali və orta ixtisas təhsili müəssisələrinin
tələbələrindən, yaradıcı gənclərdən ibarət heyətin
iştirakı ilə 2 fevral - Azərbaycan gəncləri günü
münasibəti ilə Goranboy rayonu ərazisində yerləşən "N"
saylı hərbi hissədə keçirildi.
Tədbirin keçirilməsində əsas məqsəd cəbhə bölgəsində
xidmət edən gənclərin mənəvi-psixoloji durumunun
yüksəldilməsinə və asudə vaxtlarının səmərəli təşkilinə
kömək etmək idi.
Görüş zamanı hərbi hissədə xidmət edən əsgər və zabit
heyəti qarşısında yaradıcı və istedadlı tələbələrin
iştirakı ilə konsert proqramı təşkil edilib, hərbi
xidmətdə fərqlənən bir qrup gizir və əsgərə Gənclər və
İdman Nazirliyinin diplom və xatirə hədiyyələri verilib.
Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri
E.Hüseynov, Goranboy Rayon İcra Hakimiyyəti başçısının
müavini E.İsmayılov, "N" saylı hərbi hissənin komandiri
Q.Abbasov, Goranboy Rayon Gənclər və İdman İdarəsinin
rəisi E.Həsənov, habelə respublikada fəaliyyət göstərən
ali və orta ixtisas təhsili müəssisələrinin bir qrup
fəal tələbəsi də iştirak ediblər. |