Bu ilin may ayında ABŞ-ın Arizona ştatında keçiriləcək
İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə
seçim turu olan "Sabahın alimləri" II Respublika
müsabiqəsi 8-9 fevral tarixlərində Bakı şəhərində təşkil
olunacaqdır. Müsabiqənin təşkilatçıları Azərbaycan
Respublikasının Təhsil Nazirliyi, Gənclər və İdman
Nazirliyi və "Mədəd" təşkilatıdır.
Qaydalara
görə, müsabiqədə Bakı və Sumqayıt şəhərlərində yerləşən
ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri öz
tədqiqat layihələri ilə iştirak edə bilərlər. Müsabiqədə
iştirak etmək istəyən şagirdlər "Sabahinalimleri.edu.az"
saytında online rejimdə qeydiyyatdan keçmiş və artıq öz
tədqiqatlarına dair annotasiyalarını təqdim etmişlər.
Qeydiyyata alınan şagirdlərin sayı 160-dan artıqdır.
Hazırda Bakı Dövlət Universitetinin dosenti İsmət
Əhmədovun rəhbərlik etdiyi və tərkibinə müxtəlif ali
təhsil müəssisələrinin alimləri daxil olan müsabiqənin
Elmi Ekspertiza Komitəsi tərəfindən həmin
annotasiyaların qiymətləndirilməsi başa çatmaqdadır.
Müsabiqəyə buraxılan şagirdlərin adları
"Sabahinalimleri.edu.az" saytında yerləşdiriləcəkdir.
Hazırda şagirdlərin müsabiqəyə hazırlıq mərhələsi davam
edir. Bu işdə, əlbəttə ki, müəllimlərin rolu böyükdür.
Müsabiqə ərəfəsində şagirdlərin elmi rəhbərləri onlara
daha çox vaxt ayırır, onların layihə təqdim etməsi və
posterin hazırlanması bacarıqları üzərində dönə-dönə
işləyirlər.
Müsabiqənin təşkilatçılarından biri olan Azərbaycan
Respublikasının Təhsil Nazirliyi də şagirdlərin
müsabiqəyə hazırlaşdırılmasını diqqət mərkəzində
saxlayır. Bu hazırlığın daha səmərəli təşkil olunması
məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Doğu Akdeniz Universiteti (Şimali Kipr Türk
Respublikası) ilə birgə layihə hazırlayıb həyata
keçirir. Həmin layihədə müsabiqənin Elmi Ekspertiza
Komitəsi tərəfindən seçilmiş 30 nəfər (hər biri 15
nəfərdən ibarət olan iki qrup) Azərbaycan məktəblisinin
"Sabahın alimləri" Respublika müsabiqəsindən öncə, bu
müsabiqənin qalibləri sırasından seçilmiş 15 nəfərin
isə İntel İSEF-ə hazırlıq dövründə Doğu Akdeniz
Universitetində xüsusi treninqlərdən keçməsi nəzərdə
tutulur. Layihə uğurla həyata keçirilməkdədir. Seçilmiş
şagirdlərdən ibarət birinci qrup 21-26 yanvar
tarixlərində Təhsil Nazirliyinin əmrilə Doğu Akdeniz
Universitetinə ezam olunmuşdu. Sagirdlərimizlə Doğu
Akdeniz Universitetinin aparıcı alimləri, o cümlədən
professorlar Ozan İnamlık, Con Eldridc, Cem Tanova və
başqaları məşğul olmuşlar.
Treninqlər
Doğu Akdeniz Universitetinin Konqres və Mədəniyyət
Mərkəzində keçirilirdi. Birinci gün DAU-nun rektoru,
professor Abdullah Y.Oztoprak, rektorun Azərbaycan
üzrə müşaviri İmran Muxtarov, Azərbaycan Respublikası
Təhsil Nazirliyi Elm şöbəsinin müdiri Gültəkin
Hüseynova, Şimali Kipr Türk Respublikasının təhsil və
gənclər naziri Mutlu Atasayan və Doğa Liseyinin müdiri
Beran Tanseloğlunun iştirakı ilə mətbuat konfransı
keçirildi.
Sonra rəsmi açılış mərasimi oldu. DAU-nun rektoru,
professor Abdullah Y.Oztoprak və digər rəsmilər
treninqlərin açılışı münasibətilə şagirdləri təbrik edib
onlara uğurlar dilədilər. Açılış mərasimində Doğa
Liseyinin şadirdləri də iştirak edirdi.
İlk məşğələ "Fərdi reputasiyanın qurulması və idarə
edilməsi" mövzusuna həsr olundu. Məşğələdən sonra
Azərbaycan nümayəndələrini ŞKTR-nın təhsil, gənclər və
idman naziri Mutlu Atasayan qəbul etdi.
Həmin günün sonunda isə Şimali Kipr Türk Respublikasının
Prezidenti cənab Dərviş Eroğlu ilə rəsmi görüş
keçirildi.
İkinci günün məşğələləri "Effektiv təqdimatın yolları",
"Tənqid və dəyərləndirmə" mövzularına həsr edildi.
Məşğələlərdən sonra DAU-nun rektoru, professor Abdullah
Y.Oztoprakla görüş oldu.
Sonrakı məşğələlər "Mədəniyyətlərarası ünsiyyətin
normaları" və "Bədən dili, jestlər" mövzularına, eləcə
də layihələrin ingilis dilində təqdim olunmasına həsr
olundu.
Hər gün məşğələlərdən sonra şagirdlər üçün ekskursiyalar
təşkil olunurdu. Belə ki, onlar Lefkoşa, Famaqusta və
Girne şəhərləri, qədim Salamis şəhərinin xarabalıqları
ilə tanışlıq ekskursiyalarında oldular.
Treninqlərin sonuncu günü iştirakçılara sertifikatların
təqdimetmə mərasimi keçirildi.
Hazırda Azərbaycan məktəblilərinin ikinci qrupu Doğu
Akdeniz Universitetində təşkil olunan treninqlərdə
iştirak edir. Ümidvarıq ki, bu treninqlər bizim
məktəblilərin "Sabahın alimləri" müsabiqəsinə daha
keyfiyyətli hazırlaşmasına xidmət edəcək, eyni zamanda
Azərbaycan məktəbləri ilə Şimali Kipr Türk
Respublikasının məktəbləri arasında dostluq və
əməkdaşlıq əlaqələrinin yaradılmasına öz töhfəsini
verəcək.
"Azərbaycan müəllimi" |