Yanvarın 31-də Gənclər və İdman Nazirliyinin nəzdində
fəaliyyət göstərən Gənclərin Problemləri üzrə
Elmi-Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə "Müasir
gənclik və İKT sahəsində innovasiyalar" mövzusunda
"dəyirmi masa" keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin
direktoru Qədəmşah Sadıqov dövlət siyasətinin prioritet
istiqamətlərindən birinə çevrilən
informasiya-kommunikasiya texnologiyalarının (İKT) və
yeni innovasiyaların tətbiqindən danışmışdır.
Qeyd olunmuşdur ki, dövlət başçısı İlham Əliyev
tərəfindən 2013-cü ilin Azərbaycanda
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan
edilməsi bu proseslərin daha sürətlə inkişaf etməsi üçün
şərait yaradır.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev
ölkədə gənclər siyasəti sahəsində mühüm fəaliyyət sənədi
olan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət
Proqramı"nda yeni texnologiyaların tətbiqini nəzərdə
tutan ayrı-ayrı bəndlərin olduğunu bildirmişdir.
Gənc nəslin davamlı inkişafı istiqamətində
innovasiyaların tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini
deyən nazir müavini gənclərin müasir texnologiyalardan
istifadəsi sahəsində bilik və bacarıqlarının artırılması
üçün maarifləndirmənin vacibliyini qeyd etmişdir.
Dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və
ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən
tədbirdə qanunvericiliyin tətbiqində İKT-nin rolundan,
elektron-hökumət və bu resurslardan istifadənin
zəruriliyindən bəhs olunmuşdur. Təhsil sistemində
elektron innovasiyaların tətbiqindən, "ASAN xidmət"
mərkəzlərinin yaradılmasının əhəmiyyətindən danışılmış,
sosial şəbəkələr vasitəsi ilə göstərilən xidmətlərdən
gənclərin səmərəli faydalanmasının vacibliyi
vurğulanmışdır. |