Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Fevral 2013 - №04

 

Beynəlxalq əlaqələr daha da genişlənir

 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də özünü göstərir.

Təhsil naziri, professor Misir Mərdanovun bilavasitə iştirakı ilə 2012-ci ilin yanvar ayında Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu (BPKİYİ) və Britaniya Şurası (British Council) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Həmin əməkdaşlıq çərçivəsində ingilis dili müəllimləri üçün institutumuzda ixtisasartırma kursları uğurla həyata keçirilir. Anlaşma Memorandumunda institutumuzla Birləşmiş Krallığın müvafiq ali təhsil müəssisələri arasında uzunmüddətli əməkdaşlığın qurulması da nəzərdə tutulmuşdur.

Britaniya Şurasının təşkilatçılığı və dəstəyi əsasında Böyük Britaniyanın Norviç Dil Təhsili İnstitutu (Norwich Institute for Language Education - NİLE) əməkdaşlığın yaradılması və müəllim inkişafı kurslarının işi ilə tanışlıq məqsədilə institutumuzun rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanovu adıçəkilən ölkəyə dəvət etmişdir. Albaniya, Azərbaycan, İsrail, Xorvatiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Sloveniyanın  müvafiq ali məktəb rəhbərləri və mütəxəssisləri üçün Norviç Dil Təhsili İnstitutunun fasiləsiz peşəkarlığın inkişafı (CPD) üzrə təşkil etdiyi iclaslarda iştirakçılar tərəfindən  hazırlanmış təqdimatlar edildi. Azərbaycan nümayəndə  heyəti - professor Asəf Zamanov və Azərbaycan Dillər Universitetinin dekanı, professor Əfqan Abdullayev tərəfindən hazırlanmış "Azərbaycanda müəllim hazırlığı və pedaqoji təhsilin inkişafı" mövzusunda təqdimat həm NİLE rəhbərliyi, həm də iştirakçılar tərəfindən maraqla qarşılandı.

NİLE-də təşkil edilmiş fasiləsiz professional inkişaf kurslarında CPD-də başlanğıc və son təşəbbüslər, mövcud təcrübə və perspektivlər, ixtisasartırma və CPD-nin müqayisəsi, CPD-də dilin yeri və digər aktual mövzularda Böyük Britaniya mütəxəssisləri tərəfindən mühazirələr oxundu, həmçinin birgə müzakirələr aparıldı.

Səfər zamanı institutumuzun beynəlxalq əlaqələrinin genişləndirilməsi məsələlərinə də xüsusi diqqət yetirildi. Belə ki, NİLE-nin rəhbərliyi ilə BPKİYİ arasında elm və təhsil sahəsində gələcək əməkdaşlığın layihəsi müzakirə olundu və müsbət qərar qəbul edildi. Həmçinin Albaniyanın Təhsilin İnkişafı İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalandı. Müqavilə çərçivəsində tərəflər elmi-pedaqoji kadr potensialı, həmçinin maddi-texniki bazalarından istifadə edərək elmi-tədqiqat, elmi-metodik məsləhət və informasiya, pedaqoji kadrların və təhsil müəssisələrinin rəhbərlərinin ixtisaslarının artırılması, Azərbaycanda və Albaniyada beynəlxalq elmi konfransların, simpoziumların, treninqlərin təşkili, yeni pedaqoji texnologiyaların  tətbiqi, müxtəlif beynəlxalq təşkilatların maliyyə köməyi ilə təhsil layihələrinin reallaşdırılmasında birgə iştirak edəcəklər.

Qeyd etmək yerinə düşər ki, son 5 il ərzində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Almaniya, Belarus, Böyük Britaniya, İtaliya, İspaniya, Finlandiya, Fransa, Latviya, Qazaxıstan, Rusiya, Ukrayna və digər ölkələrin 30-a qədər ali məktəbi və elmi-tədqiqat mərkəzləri ilə elm və təhsil sahəsində uğurlu əməkdaşlıq edir. İnanırıq ki, cari ildə əməkdaşlığımızın coğrafiyası daha da genişlənəcək və keyfiyyəti yüksələcəkdir. 

Sevinc QULİYEVA,
BPKİYİ-nin Beynəlxalq
 əlaqələr şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov