Yanvarın
29-da Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə
Koreya Respublikasının Xarici İşlər və Ticarət
Nazirliyi arasında Naxçıvan Dövlət Universiteti üçün
elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia
infrastrukturunun yaradılmasına dair Qrant Sazişinin
imzalanması mərasimi keçirildi. Təhsil Nazirliyində
keçirilən tədbirdə Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanov, Koreya Respublikasının
ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi
Suk-in, nazirliyin Aparat rəhbəri, şöbə müdirləri,
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA)
nümayəndələri və digər qonaqlar iştirak edirdilər.
Məlum olduğu kimi, müasir təhsil texnologiyalarının
genişmiqyaslı tətbiqi, ilk növbədə, təhsil
müəssisələrinin kompüter avadanlıqları ilə təminatının
köklü şəkildə yaxşılaşdırılmasını nəzərdə tutur.
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi
üzrə elmi-metodik bazanın təkmilləşdirilməsi, ümummilli
səviyyədə vahid elektron təhsil məkanının təşəkkül
tapması günün əsas tələbi olaraq qalır. Son dövrlərdə
təhsil sistemində İKT infrastrukturunun inkişaf
etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya
standartları səviyyəsinə çatdırılması ölkəmizdə
prioritet istiqamətlərdən birinə çevrilmişdir.
Azərbaycan sürətli iqtisadi artım, zəngin təbii
ehtiyatlar və bazar sərmayəsi vasitəsilə qlobal
iqisadiyyatda təmsil olunur. Neft sahəsinə əsaslanan
iqtisadi inkişafdan əlavə, Azərbaycanda qeyri-neft
sektoru, həmçinin İKT də daxil olmaqla digər sosial
kapitalın da inkişafına xüsusi önəm verilir.
Buna
görə də Azərbaycan hökuməti İKT sahəsinin inkişaf
etdirilməsi məqsədilə Azərbaycan Respublikasının
inkişafı naminə informasiya və kommunikasiya
texnologiyaları üzrə uzunmüddətli Milli Strategiya
həyata keçirməkdədir. Bu çərçivədə Koreya Beynəlxalq
Əməkdaşlıq Agentliyi ( KOİCA) Azərbaycanda ali təhsil
müəssisələrində elektron təhsil sisteminin yaradılması
və potensialın gücləndirilməsinə dəstək verir.
Təhsil naziri Misir Mərdanov mərasimi açaraq
iştirakçıları salamladı və Azərbaycana dost olan bir
ölkənin səfirinin xoş məramla Təhsil Nazirliyinə
gəlməsini yüksək dəyərləndirdiyini vurğuladı.
Nazir qeyd etdi ki, Koreya Azərbaycanda başqa sahələrlə
yanaşı, təhsillə bağlı da bir sıra əhəmiyyətli
layihələr həyata keçirib və keçirməkdədir. Bunlara misal
olaraq Bakı Dövlət Universitetində və Azərbaycan
Texniki Universitetində reallaşdırılan layihələri, Bakı
şəhərində ali peşə təhsili mərkəzinin yaradılması ilə
bağlı həyata keçirilən layihəni göstərmək olar.
Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil
şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun
yaradılmasının da belə mühüm işlərdən biri olduğunu
deyən nazir həm Koreya, həm də Azərbaycan tərəfdən bu
layihənin hazırlanmasında əməyi olan hər kəsə
təşəkkürünü bildirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin sərəncamına əsasən, 2013-cü ilin
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan
olunduğunu, məhz bu səbəbdən Naxçıvan Dövlət
Universitetində reallaşdırılacaq layihənin bu
günümüzlə səsləşən bir layihə olduğunu vurğulayan
Misir Mərdanov qeyd etdi ki, ümumiyyətlə, dövlət
başçısının siyasətində İKT prioritet sahə hesab
olunur. Son illər Azərbaycanda təhsil sahəsində İKT-nin
tətbiqi ilə bağlı çox mühüm nailiyyətlər əldə olunub.
Təhsil müəssisələrinin kompüterlərlə təchiz olunması,
müəllimlərin İKT bacarıqlarının artırılması, təhsil
sisteminin idarə edilməsi və digər sahələrdə İKT
vasitələrindən geniş istifadə olunmasında böyük uğurlar
qazanılıb.
Təhsil naziri cənab səfirin və digər koreyalı qonaqların
diqqətinə çatdırdı ki, Naxçıvan Muxtar Respublikası
Azərbaycanın blokadada olan bir bölgəsidir, bu regionla
yalnız hava yolu ilə əlaqə saxlamaq mümkündür. Ancaq
bütün bunlara baxmayaraq, ölkə başçısının və yerli
rəhbərliyin ciddi səyləri nəticəsində bu gün Naxçıvan
ölkənin inkişaf etmiş bölgələrindən birinə çevrilmişdir.
"Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil
şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun
yaradılması" layihəsinin reallaşdırılması nəticəsində
bu təhsil ocağında elektron ali məktəbin yaradılması
sahəsində çox böyük nailiyyətlərin əldə olunacağına ümid
etdiyini deyən Misir Mərdanov çıxışının sonunda
layihənin uğurla həyata keçiriləcəyinə inamını ifadə
etdi. Nazir həmçinin cənab Çoi Suk-inə Azərbaycandakı
gələcək diplomatik fəaliyyətində uğurlar arzuladı.
Koreya Respublikasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Çoi Suk-in çıxışında qeyd etdi ki,
Azərbaycanla Koreya arasında bir çox sahələrdə layihələr
həyata keçirilir. Sevindirici haldır ki, onlardan ən
vacibi olan təhsil sahəsində daha çox əməkdaşlıq
əlaqələri mövcuddur.
Koreyanın İKT ölkəsi kimi bu sahədə çox rəqabətəqabil
bir ölkə olduğunu deyən diplomat Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü
ili "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan
etməsini təqdirəlayiq fakt kimi dəyərləndirdi.
Səfir Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə
ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq
əlaqələrinin daha da inkişaf etdirilməsinə çalışacağını
bildirərək gələcəkdə bu sahədə böyük uğurların
qazanılmasını arzuladı.
Sonra çıxış üçün söz Naxçıvan Dövlət Universitetinin
rektoru, akademik İsa Həbibbəyliyə verildi. Rektor
məlumat verdi ki, Naxçıvan Dövlət Universitetinin
dünyanın dörd qitəsindən səksəndən çox ali təhsil
müəssisəsi ilə əməkdaşlıq əlaqələri mövcuddur ki,
onların da arasında Cənubi Koreya xüsusi yer tutur. NDU
bu ölkə ilə bir neçə istiqamətdə əməkdaşlıq edir.
Universitetdə 10 ölkədən 324 tələbə təhsil alır. Bu
tələbələrdən yeddisi koreyalıdır.
NDU-da Koreya dili hazırlıq mərkəzinin fəaliyyət
göstərdiyini deyən İsa Həbibbəyli bildirdi ki, magistr
olan Koreya vətəndaşı bu mərkəzdə azərbaycanlı
tələbələrə Koreya dilini öyrədir. Hazırda belə
tələbələrin sayı 30-dan artıqdır. İl ərzində Koreya
dilini ən yaxşı öyrənən gənclərin Cənubi Koreyaya yay
məktəbinə göndərilməsi nəzərdə tutulub. Koreya dili
hazırlıq mərkəzi Koreya ilə tələbə mübadiləsi sahəsində
də xüsusi rol oynayır. Çünki Koreyaya göndərilən
tələbələrin ingilis dili ilə yanaşı, Koreya dilini
bilməsi də böyük əhəmiyyət kəsb edir. Beynəlxalq
münasibətlər fakültəsində Koreya ilə bağlı seçmə fənn
tədris olunur. Bütün bunlardan əlavə, Naxçıvan Dövlət
Universiteti ilə Koreyanın 3 universiteti arasında
ikitərəfli əməkdaşlıq müqavilələri imzalanmışdır.
Daha sonra sözügedən layihə haqqında danışan rektor
tədbir iştirakçılarının diqqətinə çatdırdı ki,
universitetdə bununla bağlı 2010-cu ildən bir sıra
mühüm işlər görülməyə başlanmış, ciddi tədbirlər həyata
keçirilmişdir. 27 mart- 2 aprel və 3-7 dekabr 2012-ci
il tarixlərində Cənubi Koreyanın Koreya Beynəlxalq
Əməkdaşlıq Agentliyinin rəhbəri və ekspertləri 2 dəfə
Naxçıvan Dövlət Universitetində olmuşlar. Burada
layihəyə qoşulmaq üçün maddi-texniki təminat və müvafiq
kadr potensialı imkanı araşdırılmış, əməkdaşlığın davam
etdirilməsinə qərar verilmişdir.
Daha sonra NDU-nun rektoru İsa Həbibbəyli layihə
çərçivəsində ayrı-ayrı istiqamətlər üzrə həyata
keçiriləcək tədbirlərdən söz açdı.
Sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə
Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi
arasında Naxçıvan Dövlət Universiteti üçün elektron
təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun
yaradılmasına dair Qrant Sazişi imzalandı. Sazişi
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov
və Koreya Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Çoi Suk-in imzaladılar.
Qeyd edək ki, bu layihənin həyata keçirilməsində əsas
məqsəd tələbələrə onlayn təhsil xidmətinin göstərilməsi
üçün portal, distant təhsil, akademik işlər, elektron
kitabxana və sairənin daxil olduğu elektron təhsil
şəbəkəsinin yaradılması və yüksək keyfiyyətli təhsil
mühiti üçün müasir informasiya-kommunikasiya
texnologiyaları avadanlıqlarının yaradılması ilə
rəqəmsal multimedia infrastrukturunun
təkmilləşdirilməsidir.
"Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil
şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun
yaradılması" layihəsi milli təhsil siyasətinə uyğun
olaraq hazırlanmış və ehtiyacın qiymətləndirilməsi
təhlilinə əsaslanır. Verilən məlumata görə, layihənin
büdcəsi 3.5 milyon ABŞ dolları təşkil edir və layihəyə
qoşulmaq üçün aidiyyəti qurumların rəyləri alınmışdır.
Koreya tərəfindən KOİCA və Azərbaycan tərəfindən NDU-nun
həyata keçirəcəyi layihə başlanmasından etibarən 36 ay
müddətində davam edəcəkdir və qarşılıqlı razılaşma
əsasında dəyişdirilə bilər.
Mərasimdə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin
(KOİCA) Azərbaycan ofisinin rezident nümayəndəsi Kim
Eun Suk da iştirak edirdi.
Hicran ƏKBƏROVA |