2008-ci ildən başlayaraq Avropa Birliyinin TEMPUS və
Erasmus Mundus proqramlarında yaxından iştirak edən
Qafqaz Universiteti indiyədək hər iki proqram
çərçivəsində 6 layihə reallaşdırıb. Həmin layihələr
universitetin beynəlxalq ictimaiyyətə tanıdılmasında,
dünya təcrübəsinin Azərbaycana gətirilməsində böyük
əhəmiyyət kəsb etmişdir. Bu baxımdan 2012-ci il
universitet üçün xüsusilə uğurlu olub. Belə ki, ötən il
bu ali təhsil ocağı Avropa Birliyinin TEMPUS proqramı
çərçivəsində növbəti layihəni qazanıb. İndiyədək Qafqaz
Universitetinin qazandığı layihələrin ən irisi olan yeni
layihədə əsas məqsəd Avropa ərazisində tətbiq olunan
kompüter biliklərini ölçən test mərkəzlərinin
Azərbaycanda da yaradılmasıdır.
Yanvarın 28-də Qafqaz Universitetində "Kompüter
bilikləri sahəsində milli test mərkəzlərinin
yaradılması" adlanan yeni layihənin açılış mərasimi
oldu. Tədbiri Qafqaz Universitetinin prorektoru,
professor Cihan Bulud açaraq bildirdi ki, yeni layihədə
5 Avropa və 11 Azərbaycan universiteti iştirak edir.
Açılış mərasiminə həmin universitetlərdən nümayəndələr
də qatılıb. Layihə çərçivəsində ölkəmizdə İKT sahəsində
biliklərin artırılmasını və onların ölçülməsini təmin
edəcək test mərkəzləri yaradılacaqdır. Test mərkəzləri
qurulduqdan sonra onların işlədilməsi üçün yerli
mütəxəssislərin müəyyən müddətdə Qafqaz Universitetinin
layihə üzrə tərəfdaşları olan Latviya, Litva, İspaniya,
İsveç və Polşa universitetlərinə ezam olunmaları,
oradakı təcrübəni yaxından öyrənərək Azərbaycanda tətbiq
etmələri nəzərdə tutulur. Ümumi dəyəri 983 min avro
təşkil edən və üçillik müddət üçün nəzərdə tutulmuş
layihə 2015-ci ilin oktyabrında başa çatacaq. Layihənin
yekununda Azərbaycanın müxtəlif universitetlərində
sertifikatlaşdırılmış test mərkəzləri fəaliyyətə
başlayacaq.
C.Bulud həmçinin test mərkəzlərinin abituriyentlər və
iş axtaranlar üçün əhəmiyyətini vurğuladı. Qeyd etdi ki,
həmin mərkəzlərdə İKT üzrə testdən keçib müvafiq
sertifikat alanların iş tapmaq imkanları daha çox
olacaq.
Açılış mərasimində yeni layihənin təqdimatı oldu. Çıxış
edənlər onun ölkəmiz üçün əhəmiyyətini qeyd etdilər.
Yusif ƏLİYEV |