Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən
şagirdin psixoloji-pedaqoji diaqnostik xəritəsi (ŞPPDX)
hazırlanmışdır.
BŞTİ-dən AzərTAc-a bildirmişlər ki, diaqnostik xəritənin
tətbiqinə tədris ilinin əvvəlində başlanılır və hər bir
şagird üçün fərdi olaraq aparılır. İş prosesinin düzgün
aparılmasında sinif rəhbəri və məktəb psixoloqu
məsuliyyət daşıyır.
ŞPPDX-nin üzərində işləyərkən bir neçə məqama xüsusi
fikir verilməlidir. Bunlar istifadə edilən
psixoloji-pedaqoji metodikanın etibarlılığı, eyni
zamanda, psixoloji-pedaqoji nəticələrin obyektivliyi
kimi məsələlərdir.
Qaydalara uyğun olaraq məktəblinin məktəbəqədərki dövrü
barədə bütün məlumatlar, həmçinin məktəblinin birinci
sinfə qəbulu zamanı aparılan tibbi və psixoloji -
pedaqoji müayinələrin nəticələri, şagirdin II- III
siniflər üzrə diaqnostik məlumatları xəritədə qeyd
edilməlidir. Dördüncü sinif üzrə dərinləşdirilmiş
psixoloji-pedaqoji diaqnostikanın nəticələri, o cümlədən
V - VIII siniflər üzrə diaqnostik məlumatlar, IX sinif
üzrə isə psixoloji-pedaqoji diaqnostikanın yekun
məlumatları da müvafiq xəritədə yer almalıdır.
Xəritədə yerləşdiriləcək məlumatlar arasında məzunların
orta - ixtisas və ya ali təhsil müəssisələrinə
istiqamətləndirilməsi üzrə məktəb komissiyasının
məsləhətləri, habelə XI sinfi bitirdikdən sonra məzun
barədə informasiyanın qeyd olunması da vacibdir. |